DÖVLƏT STATİSTİKA KOMİTƏSİ

  • Komitənin tarixi
  • Komitənin vəzifələri
  • Komitənin hüquqları
  • Komitənin beynəlxalq əlaqələri
  • Komitənin yerləşdiyi ünvan

    Komitənin tarixi

    Azərbaycan ərazisində statistikanın müntəzəm təşkilinə Şamaxı (1846-cı ildən 1859-cu ilədək), Bakı (1859-cu il) və Gəncə (1867-ci il) quberniyalarının yaradılmasından sonra onların tərkibində statistika komitələrinin fəaliyyəti ilə başlanılmışdır.

    Həmin dövrdən başlayaraq 1917-ci ilədək tərtib edilən, özündə 20-27 statistik cədvəli birləşdirən quberniyaların illik hesabatları statistik xarakterli çoxsaylı məlumatları - əhalinin, mal-qaranın, fəhlələrin, yarmarkaların, fabrik və zavodların sayını, əkin və məhsulları, yarmarka dövriyyələrini, əsas malların ticarət qiymətlərini, hərbçilərin sayını və bir çox başqa məlumatları əhatə edirdi.

    Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə (1918-1920) ölkə ərazisində statistik məsələlərə rəhbərlik edən vahid orqanın yaradılmasına çalışılmışdır. Buna tam nail olunmasa da, ayrı-ayrı nazirliklərin tərkibində statistika ilə bağlı müəyyən qurumlar yaradılmışdır. Bu qurumlar 15 noyabr 1918-ci il tarixindən Dövlət Əmlakı və Əkinçilik Nazirliyinin tərkibində Statistika şöbəsi və 1919-cu il iyul ayından isə Əkinçilik Nazirliyinin Torpaq Fondu şöbəsində Statistika bürosu kimi fəaliyyətdə olmuşdur.

    1920-ci il iyulun 8-də Nəriman Nərimanovun imzası ilə Azərbaycan İnqilab Komitəsi tərəfindən statistiklərin müvəqqəti kollegiyası haqqında əsasnamə təsdiq edilmişdir.

    1924-cü ildən Azərbaycan ərazisində yerli statistika orqanlarının yaradılmasına başlanılmış və sonrakı illərdə bütövlükdə yerlərdə statistika orqanlarının yaradılması həyata keçirilmişdir.

    1928-ci il setyabrın 28-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR xalq Komissarları Şurası Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi haqqında yeni əsasnamə təsdiq edir.

    1948-ci ilin avqustunda respublika Mərkəzi Statistika İdarəsi Dövlət Plan Komissiyasından ayrılaraq, SSRİ Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinə tabe olur. Bu, statistika orqanlarının işinin yaxşılaşdırılması üçün böyük əhəmiyyət kəsb edirdi.

    1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilir və Azərbaycan SSR Nazirlər Kabinetinin 30 mart 1988-ci il tarixli qərarı ilə Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında əsasnamə təsdiq edilir.

    1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş "Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikasında təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin Dövlət reyestrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qeyd edilmişdir.

    Prezidentin 1998-ci il 20 avqust tarixli 760 nömrəli Fərmanı ilə "1998-2002-ci illərdə dövlət statistika sistemində islahatların aparılmasına dair Dövlət Proqram"ı və 2003-cü il 20 fevral tarixli, 853 saylı Fərmanı ilə "2003-2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqram"ı qəbul edilmişdir.

    "2003-2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair" Dövlət Proqramında ölkə statistikasında islahatların başa çatdırılması, son illərdə əldə olunmuş nəticələr nəzərə alınmaqla, onun beynəlxalq statistik standartlara tam uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

    Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin ölkə statistiklərinin yaddaşına həkk olunmuş "Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır" məşhur kəlamı Statistika Komitəsinə verilən qiymətin bariz nümunəsidir.

    Hazırda Dövlət Statistika Komitəsi sisteminin strukturu mərkəzi aparatdan, Naxçıvan MR Dövlət Statistika Komitəsindən, Bakı şəhər statistika idarəsindən, 81 rayon (şəhər) statistika idarələrindən (şöbəsindən), Baş Hesablama Mərkəzindən, Statistik məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzindən ibarətdir.

    Komitənin vəzifələri

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ölkənin iqtisadi və sosial sahələrində vahid metodologiya əsasında statistik məlumatlar sisteminin fəaliyyətini təmin edir. Dövlət Statistika Komitəsi Azərbaycan Respublikası mərkəzi icra orqanları sistemində fəaliyyət göstərən, statistika və uçot işinə rəhbərlik edən müstəqil mərkəzi iqtisadi dövlət idarəetmə orqanıdır.

    Dövlət Statistika Komitəsi öz fəaliyyətini respublikada baş verən sosial-iqtisadi proseslərin obyektiv və hərtərəfli öyrənilməsi prinsipləri əsasında həyata keçirir, respublikanın sosial-iqtisadi vəziyyətinə dair məlumatların aşkarlığını təmin edir, hüquqi və fiziki şəxslərin hüquqlarına hörmət edərək və onların ilkin fərdi məlumatlarının məxfiliyini qoruyaraq statistik məlumatların rolunun artırılmasına yönəldilən siyasətin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əsas vəzifələri:

    - respublika ərazisində statistika siyasiətini yeritmək;

    - statistik məlumatların obyektivliyini, onun bazar münasibətlərinə keçid dövründə iqtisadi və sosial sahələrdə baş verən proseslərə uyğunluğunu təmin etmək;

    - beynəlxalq standartlarla müqayisə olunan texniki-iqtisadi məlumatların işlənib hazırlanması və tətbiq edilməsi sahəsində metodoloji rəhbərliyi həyata keçirmək;

    - statistik hesabatların təsdiq edilməsi və təkmilləşdirilməsi işlərini əlaqələndirmək, onların toplanma müddətlərini və qaydalarını müəyyənləşdirmək;

    - statistik məlumatları təhlil etmək, sosial-iqtisadi və demoqrafik proseslərin balans hesablamalarını aparmaq və proqnozlarını hazırlamaq;

    - statistika sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək, respublikanın mənafeyinə xələl gətirməyən statistik məlumatları yaymaq və mübadilə etmək.

    Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ona həvalə edilmiş vəzifələrə uyğun olaraq:

    - Azərbaycan Respublikasının hakimiyyət orqanlarını respublikanın sosial-iqtisadi vəziyyətini xarakterizə edən statistik materiallarla təmin edir;

    - dövlət statistika hesabatları əsasında lazımi statistik məlumatların əldə edilməsini təşkil edir, ümumi statistik müşahidələrlə yanaşı, seçmə müşahidələrin tətbiq edilməsini həyata keçirir;

    - sosial prosesləri, yaşayış səviyyəsini və dolanacaq xərclərini analiz edir, əhalinin siyahıyaalmalarının, sosial-demoqrafik müşahidələrinin, ailə büdcələri statistikasının aparılmasını təşkil edir, müxtəlif mövzularda sorğular keçirir;

    - statistik məlumatların vahid metodologiya və müasir texnologiya əsasında işlənməsini təşkil edir;

    - icmal statistik məlumatların vaxtında təqdim olunmasını, ictimaiyyəti maraqlandıran məlumatların dərc edilməsini və götürülmüş öhdəliklərə uyğun olaraq beynəlxalq təşkilatlarla məlumat mübadiləsini təmin edir;

    - statistik məlumatların qorunmasını, dövlət və kommersiya sirlərinin mühafizəsini təmin edir;

    - Azərbaycan Respublikası ərazisində yerləşən və dövlət qeydiyyatından keçmiş müəssisə və təşkilatların avtomatlaşdırılmış uçotunu və kodlaşdırılmasını aparır;

    - beynəlxalq statistik müqayisələrin aparılmasında iştirak edir;

    - qarşılıqlı faydalı beynəlxalq statistik əməkdaşlığı təşkil edir, beynəlxalq statistika təşkilatlarının işində iştirak edir;

    - kütləvi informasiya vasitələrinin nümayəndələri ilə müntəzəm olaraq mətbuat konfransları, görüşlər və başqa tədbirlər keçirir;

    - elmi tədqiqatlar aparılması üçün elm və tədris müəssisələrini müqavilələr əsasında zəruri statistik məlumatlarla təmin edir;

    - bağlanmış müqavilələrə, sazişlərə, yaxud birdəfəlik sorğulara uyğun olaraq rəhbər orqanlar istisna olmaqla, hüquqi və fiziki şəxslərə dəyəri onlar tərəfindən ödənilmək şərti ilə statistik məlumatlar hazırlayıb verir;

    - nazirlik və baş idarələrlə birlikdə milli hesablar sisteminə, müvafiq beynəlxalq standartlara keçid üzrə iş aparır;

    - respublikanın ərazisində yerləşən hüquqi və fiziki şəxsləri dövlət statistika hesabatı blankları ilə və onların tərtib edilməsinə dair təlimatlarla təmin edir;

    - mütəxəssis kadrların hazırlanmasına dair tədris müəssisələri ilə uzunmüddətli müqavilələr bağlayır, statistika üzrə ixtisaslaşan tələbələrin istehsalat və diplomqabağı təcrübəsinin keçirilməsini təmin edir.

    Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi uçot-statistika mütəxəssisləri ilə əməkdaşlıq edir. Bunun üçün Azərbaycan Respublikası Elmlər Akademiyasının, nazirlik və baş idarələrin elmi müəssisələri ilə birlikdə statistik tədqiqatlar aparılmasını və bu məqsədlə statistik metodologiya və standartlar hazırlanmasını təşkil edir, respublikanın, onun regionlarının və ayrı-ayrı sahələrin sosial və iqtisadi problemləri üzrə alternativ müşahidələr keçirilməsinə yardım göstərir.

    Komitənin hüquqları

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Statistika haqqında" Azərbaycan Respublikasının Qanununu, digər qanunvericilik aktlarını, respublika Prezdentinin Fərman və Sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, statistika sahəsində beynəlxalq sazişləri, habelə bu Əsasnaməni rəhbər tutur.

    Dövlət orqanları və bütün səviyyələrdə olan digər hökumət orqanları Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və onun Naxçıvan Muxtar Respublikasındakı, rayon və şəhərlərdəki struktur bölmələrinin səlahiyyətlərinin həyata keçirilməsinə qarışmır.

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin səlahiyyət və hüquqları:

    - Azərbaycan Respublikasının iqtisadi və sosial vəziyyətinin nəticələrini dərc etdirmək, statistika və uçot sahəsində metodoloji məsələləri həll etmək;

    - nazirliklərdən, dövlət komitələrindən və baş idarələrdən, icra hakimiyyəti orqanlarından, tabeliyindən və mükiyyət formalarından asılı olmayaraq, hüquqi və fiziki şəxslərdən, maliyyə, bank, gömrük və sair xidmətlərdən Azərbaycan Respublikasının mülkiyyəti olan, lakin onun sərhədlərindən kənarda yerləşən hüquqi şəxslərdən haqqı ödənilmədən dövlət statistika hesabatlarını və həmçinin hesabatlara aid izahatları almaq;

    - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada və şərtlərlə idarə və təşkilatların mütəxəssislərini statistik işlərin aparılmasına cəlb etmək;

    - statistika və uçotla əlaqədar Azərbaycan Respublikası Prezidetinin və Nazirlər Kabinetinin təsdiqinə verilən normativ-hüquqi aktların layihələrinə dair rəy vermək;

    - qanunvericilikdə nəzərdə tutulmuş qaydada və beynəlxalq hüquqi normalara uyğun olaraq, xarici dövlətlərin statistika idarələri və beynəlxalq statistika təşkilatları ilə statistika metodologiyasının və təcrübəsinin təkmilləşdirilməsi, yeni texnologiyadan istifadə edilməsi məsələləri üzrə əməkdaşlıq haqqında müqavilələr bağlamaq;

    - idarəetmə orqanları, elm, istehsalat və s. təşkilatlarla, habelə fiziki şəxslərlə müqavilələr əsasında onların vəsaiti hesabına reqlamentə daxil olmayan məlumat-təhlil işlərini və digər işləri yerinə yetirmək;

    - dövlət statistika müşahidələrinin aparılması üçün məlumatları təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflərlə təqdim edən vəzifəli və fiziki şəxslər barədə inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək;

    - nazirliklərdə, dövlət komitələrində, baş idarələrdə, tabeliyindən və mülkiyyət formalarından asılı olmayaraq, hüquqi və fiziki şəxslərdə statistik hesabatların dürüstlüyünü və ilkin uçotun vəziyyətini yoxlamaq;

    - hesabat məlumatları təhrif edildiyi hallarda düzəlişlər etmək, bu düzəlişləri ilkin və mühasibat uçotunda, başqa əlaqədar göstəricilərdə əks etdirməyi müvafiq hüquqi və fiziki şəxslərə tapşırmaq (dövlət hesabatında təhrifetmələrə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar);

    - Azərbaycan Respublikasının statistika haqqında qanunvericiliyinə zidd olan dövlət statistika hesabatlarını ləğv etmək;

    - kollegiya iclaslarında statistik uçot və hesabatın vəziyyətinə dair nazirlik, baş idarə, komitə, assosiasiya və şirkət rəhbərlərinin hesabatlarını dinləmək, onlarla birgə kollegiya iclasları keçirmək.

    Komitənin beynəlxalq əlaqələri

    Azərbaycan müstəqillik əldə etdikdən sonra Dövlət Statistika komitəsi beynəlxalq tələblərə və standartlara cavab verən müqayisəli statistik məlumatların istehsalını daha da yaxşılaşdırmaq və beynəlxalq əlaqələri gücləndirmək məqsədilə BMT-nin statistika şöbəsi, BVF, BƏT, Dünya Bankı, FAO, YUNESKO, YUNİSEF, İƏİT, AİK, Avropa Statistika Bürosu, MDB Dövlətlərarası Statistika Komitəsi, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarla, İsveç Mərkəzi Statistika Bürosu və Türkiyə Cümhuriyyəti Dövlət Statistika İnstitutu ilə və dünyanın 43 ölkəsinin statistika orqanları ilə əməkdaşlıq yaratmış və məlumat mübadiləsi aparır.

    Statistika Komitəsi ikitərəfli əlaqələrin genişlənməsinə xüsusi diqqət yetirərək, 1992-ci ildə Türkiyə, 1998-ci ildə İsveç, 1999-cu ildə Özbəkistan və Bolqarıstan, 2000-ci ildə Qazaxıstan, 2001-ci ildə Rusiya Federasiyası statistika orqanları ilə ikitərəfli əməkdaşlıq haqqında müqavilələr imzalamışdır.

    Komitənin rəhbər işçiləri və mütəxəssisləri mütəmadi olaraq beynəlxalq səviyyədə ikitərəfli görüşlər keçirərək, beynəlxalq təşkilatların xətti ilə təşkil olunan kurs, seminar və müşavirələrdə iştirak edirlər.

    Bu baxımdan son zamanlarda Dövlət Statistika komitəsinin rəhbərliyi ilə İsveçdə "İsveç Mərkəzi Statistika Bürosu və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi arasında ikitərəfli əməkdaşlıq"la bağlı görüşü, Moskvada "Rəsmi statistikanın fundamental prinsiplərinin həyata keçirilməsi" mövzusunda seminarda iştirakı, komitənin mütəxəssislərinin Gürcüstanda "Demoqrafiya analizi üçün kompüterləşdirmə" və "Turizm statistikası və məlumatların idarə edilməsi", Qırğızıstanda "Gender statistikasına dəstək", Türkiyədə "Əhali və sağlamlıq", Finlandiyada "İşçi qüvvəsi üzrə seçmə statistik müayinələrin keçirilməsi", İsveçrədə "Gender statistikası", İtaliyada "ATƏT regionunda demoqrafik dəyişikliklər, problemlər və onların həlli yolları", Parisdə "İnzibati mənbələrdən istifadə" mövzusunda seminarlar və konfranslarda, Moldovada "Ekoloji göstəricilərin həyata keçirilməsi"nə dair işçi qrupunun iclasında, İsveçrədə "Əhalinin və ev təsərrüfatlarının siyahiyaalınmaları"na dair sessiyada, Cenevrdə "DEVİNFO 4.0 istifadəçiləri üçün məlumat bazarlarının yaradılması", Yaponiyada "Rəsmi statistikanın əsasları modulları" və "Rəsmi statistikanın toplanması və təhlili" mövzusunda kurslarda, Moskvada investisiya mallarının vahid siyahısının müzakirəsi məqsədi ilə keçirilmiş müşavirədə iştirakını, "Tərkib elementləri" metodu ilə qiymət indekslərinin işlənməsi və tətbiqi sahəsində təcrübə məqsədi ilə Almaniya Federal Statistika İdarəsində görüşləri göstərmək olar.

    Komitənin yerləşdiyi ünvan

    AZ 1136 Bakı şəhəri, İnşaatçılar prospekti 136.
    Tel: 438 11 71
    Faks: (+994 12) 438 24 42
    E-mail: sc@ azstat.org
    İnternet səhifəsi: www.azstat.org
    yuxarı