AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ




Komitənin tarixi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 30.01.1992-ci il tarixdə yaradılmışdır.

Dövlət Gömrük Komitəsi çox qısa bir tarixi inkişaf yolunda özünün struktur fəaliyyətinin genişləndirilməsi, ölkəmizdə mal dövriyyəsinin sürətləndirilməsi, gömrük ərazisinin müdafiə və təmin olunması, eləcə də xarici əlaqələr iştirakçıları üçün əlverişli şəraitin yaradılması məqsədilə yeni gömrük orqanları və sərhəd gömrük postlarının açılması, gömrük orqanlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradılması və Gömrük Məcəlləsinin qəbul edilməsi, ən mühüm dövlət tapşırıqlarından biri olan dövlət büdcəsinin formalaşdırılmasında yaxından iştirak etməsi, gömrük işinin beynəlxalq normalara uyğun təşkil olunması, Ümumdünya Gömrük Təşkilatının üzvü kimi inkişaf etmiş dövlətlərin gömrük təşkilatları ilə əməkdşlığın genişləndirilməsi və s. bu kimi irəliləyişlərə nail olmuşdur.

Ölkəmizin iqtisadi, vergi və ictimai maraqlarının qorunması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, ictimaiyyətin sağlamlığının qorunması, malların ölkəmizin ərazisinə idxalı və bu ərazidən çıxarılması zamanı gömrük vergi və rüsumlarının tətbiq edilməsi, eləcə də qadağa, məhdudiyyət və gömrük nəzarətinə aid digər müddəaların yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən ölkəmizin gömrük sərhədi boyunca fəaliyyət göstərən sərhəd-keçid gömrük məntəqələrindən keçirilən mal və nəqliyyat vasitələri, o cümlədən şəxslər Azərbaycan Respublikasının gömrük qanunvericiliyi, gömrük işi haqqında Azərbaycan Respublikasının digər qanunvericilik aktları, eləcə də beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq gömrük nəzarətinin müxtəlif forma və metodları tətbiq edilməklə gömrük orqanlarının nəzarətindən keçirilirlər.

Mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları və şərtlərini, gömrük nəzarətinin tətbiq edilməsi və gömrük rəsmiləşdirilməsinin aparılması, eləcə də gömrük nəzarətinin təkmilləşdirilməsi ilə bağlı DGK tərəfindən normativ-hüquqi sənədlər işlənib hazırlanarkən dünya təcrübəsinə diqqət yetirilmiş və beynəlxalq miqyasda tətbiq olunan müasir normalar bu sənədlərdə öz əksini tapmışdır.

Hazırda Dövlət Gömrük Komitəsinin strukturu genişləndirilmiş, idxal-ixrac potensialının artırılması, ölkəmizin müxtəlif bölgələrinə idxal-ixrac olunan mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydada aparılması, respublikamızın ərazisində mal dövriyyəsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən 20-yə yaxın gömrük orqanı və 50-dən çox gömrük postları yaradılmışdır.

Gömrük nəzarətinin həyata keçirilməsi, gömrük orqanlarının fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədi boyunca gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük orqanlarının yerləşdiyi yerlərdə və DGK-nin müəyyən etdiyi digər yerlərdə gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.

Respublikamızda daxili bazarın qorunub saxlanmasında, iqtisadi islahatların dərinləşməsində mühüm rol oynayan Dövlət Gömrük Komitəsinə hüquq-mühafizə orqanı statusunun verilməsi ona digər funksiyalarla yanaşı qaçaqmalçılığın və gömrük işi sahəsində digər cinayətlərin qarşısının alınmasında məqsədəuyğun tədbirləri həyata keçirməyə imkan vermişdir. Belə ki, gömrük orqanları tərəfindən gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaların və vergi qanunvericiliyinin pozulmasına qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir.

Bu gün gömrük orqanları tərəfindən beynəlxalq ictimaiyyəti narahat edən narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinin, eləcə də ölkəmizin ərazisindən tranzit keçirilməsinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirilir, bu cür mallar tutulub saxlanılmaqla onları keçirən şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş tədbirlər həyata keçirilir.

Ölkəmizdə investisiya qoyuluşunun artırılması, iqtisadiyyatımızın inkişaf etdirilməsində mühüm rol oynaya biləcək xarici iş adamlarına şərait yaradılması istiqamətində mühüm işlər görülür. Gömrük Komitəsi tərəfindən respublikamızda fəaliyyət göstərən xarici iş adamları ilə birgə əməkdaşlıq məqsədi ilə mütəmadi görüşlər keçirilir. Gömrük işi ilə bağlı onların qarşısında yaranan problemlərin aradan qaldırılması istiqamətində birgə tədbirlər həyata keçirilir.

Komitənin vəzifələri

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ona həvalə edilmiş funksiyalara əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

- Azərbaycan Respublikasının gömrük siyasətinin həyata keçirilməsi üçün hüquqi, iqtisadi, təşkilati mexanizmlər hazırlayır və onların həyata keçirilməsini təmin edir;

- Azərbaycan Respublikasında gömrük işinin inkişafı proqramını hazırlayır və həyata keçirir;

- gömrük nəzarətinin həyata keçirilməsini və təkmilləşdirilməsini təşkil edir, bu cür nəzarətin səmərəliliyinə zərər vurmadan onun sadələşdirilməsi və təkmilləşdirilməsi üçün tədbirlər görür;

- Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar barəsində lisenziyalaşdırma, qiymətlərin tənzimlənməsi və digər qeyri-tarif tədbirləri də daxil olmaqla, iqtisadi proqramların işlənib hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində onların həyata keçirilməsini təşkil edir;

- Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan vergilərin, gömrük rüsumlarının, aksizlərin, habelə digər gömrük ödənişlərinin alınmasını təşkil edir;

- malların gömrük dəyərinin düzgün müəyyən olunması üzərində nəzarət sistemini təşkil edir;

- gömrük rüsumlarının, vergilərin vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin edir;

- Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda lisenziya və ya ixtisas attestatları verir, onları ləğv edir, yaxud geri alır, reyestrin aparılmasını təmin edir;

- mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən müvafiq gömrük rejimlərindən səmərəli istifadəni təmin edir;

- malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə dair qaydaların işlənib hazırlanmasını təşkil və onların icrasını təmin edir;

- malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil edir, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görür;

- müstəqil surətdə, yaxud zəruri olduqda digər hüquq-mühafizə orqanları cəlb edilməklə gömrük nəzarəti zonası rejiminə riayət olunmasına nəzarəti təmin edir, gömrüyün infrastruktur obyektlərinin mühafizə sistemini təşkil edir, Azərbaycan Respublikasının gömrük sərhədinin qorunması məqsədi ilə digər tədbirlər də həyata keçirir;

- Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və onların qorunması üzrə dövlət siyasətinin hazırlanıb həyata keçirilməsində iştirak edir, öz səlahiyyətləri daxilində bioloji sərvətlərin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi zamanı mövcud qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti təmin edir;

- Azərbaycan Respublikasının dəmir yolu vağzallarında, hava və dəniz limanlarında beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarına köməklik göstərir;

- Azərbaycan Respublikasının gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən qaçaqmalçılıq və gömrük işi sahəsində digər cinayətlər, gömrük qaydalarının pozulması işləri və Azərbaycan Respublikasının gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən inzibati xətalar haqqında işlər üzrə icraat zamanı, habelə əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən qanunçuluğa əməl olunmasına nəzarəti həyata keçirir;

- Azərbaycan Respublikasının xarici ticarətinin gömrük və xüsusi gömrük statistikasının aparılmasını təşkil edir;

- müəyyən olunmuş qaydada gömrük statistikasına dair və digər gömrük işinə aid məlumatları Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və digər mərkəzi icra hakimiyyəti orqanlarına (onların fəaliyyətinə dair məsələlər üzrə) təqdim edir;

- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq maraqlı şəxslərin gömrük məsələləri üzrə məlumatlandırılması və onlara məsləhətvermənin təminat sistemini yaradır;

- gömrük işi həyata keçirilərkən fiziki şəxslərin və təsərrüfat subyektlərinin hüquq və mənafelərinin müdafiəsi üzrə tədbirlər görür;

- Azərbaycan Respublikası gömrük orqanlarının və onların vəzifəli şəxslərinin qərarlarından (o cümlədən normativ aktlarından), hərəkət və hərəkətsizliyindən şikayətetmə üzrə fiziki və hüquqi şəxslərin hüquqlarının reallaşdırılması üçün şərait yaradır;

- şikayətlərə və müraciətlərə vaxtında və tam baxılmasını təmin edir; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasını yaradan səbəblərin aradan qaldırılması üçün tədbirlər görür;

- öz səlahiyyətləri daxilində gömrük işi üzrə mühüm hüquqi aktların nəşrini təmin edir;

- Azərbaycan Respublikasında gömrük işinin inkişafı və vəziyyətinə dair məlumat-izahat işləri aparır; bu məqsədlə kütləvi informasiya vasitələrindən və digər təbliğat vasitələrindən istifadə edir;

- konkret mallarla və ya təsərrüfat əməliyyatları ilə əlaqədar gömrük işi haqqında qanunvericilik aktlarının tətbiqi məsələləri üzrə öz qərarlarının qəbulu və fəaliyyət göstərməsini təmin edir;

- Azərbaycan Respublikasında gömrük işi haqqında qanunvericiliyin tətbiqi təcrübəsini ümumiləşdirir və təhlil edir;

- gömrük işi məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların işində iştirak edir; Azərbaycan Respublikasının gömrük işinə dair beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin edir;

- xarici dövlətlərin gömrük və digər səlahiyyətli orqanları ilə əməkdaşlığı və qarşılıqlı fəaliyyəti həyata keçirir;

- gömrük işi sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təşkil edir;

- xarici dövlətlərin gömrük siyasətini və bu dövlətlərdə gömrük işinin vəziyyətini öyrənir və təhlil edir;

- gömrük orqanlarının vəzifəli şəxslərinin hazırlanmasını və ixtisaslarının artırılmasını, gömrük laboratoriyalarında, habelə digər tabeli idarə, müəssisə və təşkilatlarda işləmək üçün mütəxəssislər hazırlanmasını təmin edir;

- gömrük idarələri, gömrük postları, gömrük laboratoriyaları, elmi-tədqiqat və tədris müəssisələri, hesablama mərkəzləri yaradır və ləğv edir;

- Azərbaycan Respublikası gömrük orqanlarının vahid avtomatlaşdırılmış məlumat sisteminin yaradılmasını, fəaliyyət göstərməsini və təkmilləşdirilməsini təmin edir;

- Azərbaycan Respublikasında gömrük işinin inkişafı üzrə həyata keçirilən tədbirləri maliyyələşdirir;

- müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf Fondunu idarə edir və onun üzərində sərəncam verir;

- gömrük orqanlarının, gömrük laboratoriyalarının, tabeçiliyində olan digər idarə, müəssisə və təşkilatların maddi-texniki və sosial bazasını inkişaf etdirir;

- gömrük orqanlarının vəzifəli şəxslərinin, gömrük laboratoriyalarının, həmçinin tabeliyindəki digər idarələrin, müəssisələrin, təşkilatların işçilərinin sosial və hüquqi müdafiəsi üzrə tədbirlərin reallaşdırılmasına kömək edir;

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə edilmiş digər vəzifələri yerinə yetirir.

Komitənin hüquqları

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı hüquqları vardır:

- Azərbaycan Respublikasının gömrük siyasətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

- gömrük işi haqqında qanunvericilik aktlarının və digər hüquqi aktların layihələrini hazırlamaq;

- xarici sərmayələrin cəlb edilməsi və ixracın stimullaşdırılması da daxil olmaqla, iqtisadiyyat sahəsində Azərbaycan Respublikasının dünya birliyi ilə qarşılıqlı münasibətlərinin tənzimlənməsi mexanizmini təkmilləşdirmək haqqında təkliflərin hazırlanmasında iştirak etmək;

- dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının, heyvan və bitkilərin, ətraf mühitin qorunması, daxili bazarın və Azərbaycan istehlakçılarının mənafeyinin müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikası gömrük orqanlarının iştirakını təmin etmək;

- Azərbaycan Respublikası üçün mühüm əhəmiyyət kəsb edən malların və materialların ixracına, habelə mədəni sərvətlərin aparılmasına nəzarətin təşkilində iştirak etmək;

- Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara aid gömrük rüsumlarının, vergilərin, habelə digər ödənişlərin dərəcələri və tətbiq mexanizminin təkmilləşdirilməsi haqqında müəyyən olunmuş qaydada təkliflər vermək;

- xarici-iqtisadi fəaliyyətin müvafiq mal nomenklaturasının aparılmasını, habelə onun hazırlanması, dəyişdirilməsi və ona əlavələr edilməsi üzrə işi təşkil etmək;

- gömrük rejimlərinin hüquqi tənzimləmə xüsusiyyətlərini müəyyən etmək;

- ayrı-ayrı kateqoriyalı malların sərbəst gömrük zonalarına və sərbəst anbarlara yerləşdirilməsini məhdudlaşdırmaq və ya qadağan etmək;

- ticarət məqsədləri üçün nəzərdə tutulmayan malların fiziki şəxslər tərəfindən keçirilməsinin sadələşdirilmiş, güzəştli qaydalarını müəyyən etmək;

- gömrük brokerlərinin və gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin fəaliyyətinin hüquqi tənzimləmə xüsusiyyətlərini müəyyən etmək;

- ona həvalə edilmiş vəzifə və funksiyaları yerinə yetirmək üçün mərkəzi icra hakimiyyəti orqanları da daxil olmaqla hüquqi-təşkilati formasından asılı olmayaraq, müəssisələrdən və təşkilatlardan, habelə vəzifəli şəxslərdən və fiziki şəxslərdən sənədlər və məlumatlar tələb etmək;

- gömrük işi məsələləri üzrə koordinasiya və ekspert şuraları, işçi qrupları və müvəqqəti yaradıcı kollektivlər təşkil etmək; gömrük işi və gömrük siyasəti problemlərinin həlli məqsədi ilə müqavilə əsasında xarici ölkələrin mütəxəssisləri və alimləri də daxil olmaqla, elmi müəssisələri, alimləri və mütəxəssisləri cəlb etmək;

- rabitə və məlumatların ötürülməsinin xidməti sistemini yaratmaq;

-tabeçiliyindəki idarələrin, müəssisələrin və təşkilatların fəaliyyətinə rəhbərlik etmək, onların əsasnamələrini və nizamnamələrini təsdiq etmək, onların rəhbərlərini təyin etmək, maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını və təftişini həyata keçirmək;

- Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Gömrük sistemində aparılmış islahatlar

Gömrük infrastrukturunun genişləndirilməsi, gömrük işinin beynəlxalq normalara uyğunlaşdırılması, gömrük orqanlarının fəaliyyətinin inkişaf etdirilməsi və təkmilləşdirliməsi və ümumilikdə milli gömrük xidmətinin günün tələbləri səviyyəsində təşkil olunması məqsədilə dövlət Gömrük Komitəsi tərəfindən bir sıra islahatlar həyata keçirilmişdir.

Ölkəmizdə ticarətin asanlaşdırılması, mal dövriyyəsinin sürətləndirilməsi, iqtisadiyyatımızın ən mühüm sahələrindən biri hesab olunan neft sənayesinin daha da inkişaf etdirilməsi, bu sahənin dünya standartları səviyyəsinə çatdırılması, idxal-ixrac olunan mallara gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin səmərəliliyinin artırılması və bu işin daha da təkmilləşdirilməsi, mövcud gömrük prosedurlarının beynəlxalq normalara uyğunlaşdırılması məqsədilə qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi, eləcə də digər bu kimi mühüm məsələlərin həlli istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən mütəmadi olaraq aidiyyəti tədbirlər həyata keçirilir.

Belə ki, 1995-ci ildən başlayaraq bağlanmış müqavilələr əsasında ölkəmizdə fəaliyyət göstərən neft şirkətləri tərəfindən yeni neft yataqlarının aşkar edilməsi, neft və qaz hasilatının artırılması, yeni marşrutlar üzrə istehsal olunan neftin ixrac olunmasının təmin olunması, eləcə də ölkəmizdə neft sənayesinin inkişafı ilə əlaqədar bu və ya digər işlərin görülməsi məqsədilə idxal olunan çoxlu sayda yüklərin gömrük nəzarətindən keçirilərək gömrük rəsmiləşdirilməsinin operativ və sadələşdirilmiş qaydada aparılması məqsədilə 1997-ci ildə Bakı Baş Gömrük İdarəsinin nəzdində "Sahil" gömrük postu yaradılmışdır.

Xam neft və neft məhsullarının ixracının, eləcə də tranzit daşımalarının həcminin artması, həmçinin "Bakı-Novorossiysk" və "Bakı-Supsa" boru kəmərləri ilə ölkəmizin artıq dünya neft kommunikasiya sisteminə qoşulması ilə əlaqədar "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft, "Trans-Xəzər" qaz və digər boru kəmərlərinin tikilməsi, karbohidrogenlərin hasilatının və nəql olunmasının əhəmiyyətli dərəcədə artması nəticəsində neft və neft məhsulları üzərində gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirən struktur bölmələrin həcmi genişlənmiş, yeni struktur dəyişiklikərin aparılması zərurətini yaratmışdır.

Göstərilənləri nəzərə alaraq neft və neft məhsullarının, eləcə də enerji daşıyıcılarının gömrük rəsmiləşdirilməsinin səmərəliliyinin artırılması və keyfiyyətcə yeni səviyyəyə qaldırılması, bu növ malların hərəkətinə daha da əlverişli şərait yaradılması məqsədilə 2001-ci ildə Dövlət Gömrük Komitəsinin daxili ştatları hesabına enerji daşıyıcıları üzrə gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətini həyata keçirən "Enerji" gömrükxanası təşkil olunmuşdur.

Bundan başqa, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sektorunda fəaliyyət göstərən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinliklərində yerləşən hissəsində tammiqyaslı işlərin başlanması ilə əlaqədar Azərbaycan Respublikasının ərazisinə böyük miqdarda idxalı nəzərdə tutulan malların saxlanılması və təyinatı üzrə istifadə olunması, onların vaxtında və operativ surətdə gömrük rəsmiləşdirilməsinin aparılması və onlar üzərində gömrük nəzarətinin həyata keçirilməsinin səmərəli surətdə təmin edilməsi məqsədilə Sahil qəsəbəsi ərazisində "Bp Eksploreyşn Kaspian Sİ LTD" şirkətinin əməliyyat anbarının yaxınlığında "Yeni Sahil" gömrük postu yaradılmışdır.

Xarici iqtisadi əlaqələrin inkişafına, beynəlxalq yükdaşımalarının həcminin artırılmasına təsir göstərən mühüm amillərdən biri kimi gömrük anbarlarının yaradılması, onların Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməsi istiqamətində də bir sıra işlər görülmüşdür. Dövlət Gömrük Komitəsi tərəfindən gömrük anbarlarının təsis edilməsi və bu anbarların fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar hazırlanmış və qüvvəyə minmiş və ölkəmizin ərazisində fəaliyyət göstərən "Merfi" şirkətinə gömrük anbarının təsis edilməsi üçün müvafq icazə verilmişdir.

Azərbaycan Respublikasının dövlət sərhədi boyunca fəaliyyət göstərən gömrük sərhəd buraxılış məntəqələrinin müasir standartlara uyğun yaradılması, həmin keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, burada həyata keçirilən gömrük nəzarətinin tətbiqi qaydalarının təkmilləşdirilməsi ilə bağlı mövcud infrastrukturların yeniləşdirilməsi və bu kimi digər lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində də bir sıra işlər həyata keçirilir.

Eyni zamanda, tarixi "İpək Yolu"nun, Avropa-Qafqaz-Asiya dəhlizinin bərpa və inkişaf etdirilməsi, ölkəmizin mühüm tranzit ölkəsinə çevrilərək ölkə ərazisindən tranzit keçirilən xam neft və neft məhsullarının həcminin xeyli artmasına səbəb olmuşdur.

"İpək Yolu"nun bərpası geopolitik coğrafi mövqeyə malik Azərbaycan Respublikası, eləcə də "İpək Yolu" ölkələri üçün TRASECA proqramının həyata keçirilməsi, bu ölkələrin ərazisindən tranzit keçirilən malların və nəqliyyat vasitələrinin sadələşdirilmiş və maneəsiz keçirilməsinin təmin edilməsi məqsədilə "İpək Yolu" dövlətlərinin gömrük qanunvericiliklərinin gömrük işi sahəsində qəbul edilmiş beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaratmışdır.

Bundan başqa, Azərbaycan Respublikasının ərazisindən dəmir yolu nəqliyyatı vasitəsilə tranzit daşınan yüklərin həcminin artmasını nəzərə alaraq bu növ yükdaşımaları zamanı sərhəd prosedurlarının tezləşdirilməsi, yüklərin gömrük nəzarətindən və gömrük rəsmiləşdirilməsindən sadələşdirilmiş qaydada keçirilməsi, boş dayanmaların qarşısınn alınması, qonşu dövlətlərlə ticarət əlaqələrinin daha da genişləndirilməsinə şəraitin daha da artırılması məqsədilə dəmir yolu qayiməsindən tranzit bəyannaməsi kimi istifadə edilməsi haqqında gömrük orqanlarına müvafiq göstəriş verilmiş və bu barədə aidiyyati nəqliyyat təşkilatları məlumatlandırılmışlar.

Xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən gömrük işi ilə bağlı məlumatların əldə olunması üçün həftədə bir dəfə "Gömrük xəbərləri" qəzeti, ayda bir dəfə "Gömrükçü" jurnalı dərc olunur, eləcə də internet sistemində DGK-nın "veb-sayt"ı açılmış, gömrük orqanlarında avtomatlaşdırılmış məlumat köşkləri yaradılmışdır.

Eyni zamanda, gömrük rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsi və şəffaflığın təmin olunması məqsədilə hazırda respublikamızda brokerlik institutunun yaradılması işi həyata keçirilir. Belə ki, gömrük brokeri kimi fəaliyyət göstərilməsi üçün 50-dən çox şirkət, müəssisə, firma tərəfindən DGK-ya müraciətlər olmuş və gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərilməsi ilə əlaqədar DGK-nın Tədris Mərkəzində gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi məsələləri ilə bağlı hazırlıq kursları keçirilmişdir.

Bu gün Azərbaycan Gömrük Təşkilatı Ümumdünya Gömrük Təşkilatının üzvü kimi dünyanın ən qabaqcıl ölkələrinin gömrük orqanları ilə sıx əməkdaşlıq edir, beynəlxalq praktikada gömrük işi sahəsinədə əldə olunmuş nailiyyətlərdən bəhrələnərək öz işini bu istiqamətdə qurmağa çalışır, gömrük işi ilə bağlı beynəlxalq tədbirlərdə yaxından iştirak edir, gömrük məsələlərinə dair müzakirələrdə öz sözünü deyir.

Komitənin beynəlxalq əlaqələri

Təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikasının beynəlxalq aləmdəki nüfuzu getdikcə artmaqdadır. Bu kursu özünə rəhbər tutan Azərbaycan Respublikasının gömrük orqanları gömrük işi sahəsində beynəlxalq miqyasda əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirirlər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsi və möhkəmləndirilməsi, beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi məqsədilə bir çox nüfuzlu təşkilatlarla və Ümumdünya Gömrük Təşkilatına üzv olan dövlətlərin gömrük xidmətləri ilə əməkdaşlığın genişlənməsinə müntəzəm diqqət yetirir. Respublikamızın iqtisadi, maliyyə, ticarət və mədəni maraqlarının müdafiəsində duran Azərbaycan gömrük xidməti digər ölkələrin gömrük orqanları ilə gömrük işi sahəsində beynəlxalq normalara uyğun saziş, protokol və memorandumlar hazırlayır və onların imzalanması üçün təkliflər verir, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq tədbirlər görür.

Hazırda Türkiyə Respublikası, İran İslam Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Rusiya Federasiyası, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Fransa, Estoniya, Livan, Bolqarıstan, Ukrayna, Niderland Krallığı, Avstriya, Yunanıstan, Belçika, Pakistan, Litva, Rumıniya, Belarus, Qırğız Respublikası gömrük orqanları ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişlər və memorandumlar imzalanmışdır. Bundan əlavə, "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında Saziş" layihələrinin də hazırlanması işi həyata keçirilir.

Qeyd etmək lazımdır ki, MDB Gömrük Xidmətləri Rəhbərləri Şurası, GUAM çərçivəsində və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə gömrük işi sahəsində çoxtərəfli sazişlər və memorandumlar mövcuddur.

Beynəlxalq gömrük əməkdaşlığı sahəsində atılan mühüm addımlardan biri də Azərbaycan Respublikasının "Gömrük Əməkdaşlıq Şurasının yaradılması barədə Konvensiya"ya "BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası"na (12 mart 1996-cı il), "Yüklərə sərhədlərdə nəzarətin həyata keçirilməsi şərtlərinin razılaşdırılması haqqında beynəlxalq Konvensiya"ya (11 fevral 2000-ci il), "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq Konvensiya"ya (2 may 2000-ci il), "Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatının aparılması və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında beynəlxalq Konvensiya"ya (19 fevral 2002-ci il) və "Gömrük Prosedurlarının Sadələşdirilməsi və Harmonizə edilməsi haqqında Beynəlxalq Konvensiya"ya (dəyişdirilmiş redaksiyada Kioto Konvensiyası) və "Gömrük Prosedurlarının Sadələşdirilməsi və Harmonizə edilməsi haqqında Beynəlxalq Konvensiya"nın dəyişdirilməsi haqqında Protokola (9 dekabr 2003-cü il) qoşulmasıdır.

Dövlət Gömrük Komitəsi Birləşmiş Millətlər Təşkilatının müvafiq proqramları, Ümumdünya Gömrük Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), TASİS, TRASEKA proqramı çərçivəsində Avropa Gömrüyü, Asiya İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə intensiv işlər aparmaqdadır.

1999-cu ildən başlayaraq Dövlət Gömrük Komitəsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması" layihəsi üzrə birgə tədbirlər həyata keçirilmiş və hazırda bu iş davam etdirilir.

Layihə üzrə əsas nailiyyətlər aşağıdakılardan ibarətdir:

"on-line" rejimində işləyən vahid korporativ şəbəkənin gömrük orqanlarında istismara verilməsi, Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən müəyyən olunmuş hüquqpozmaların uçotu və nəzarətinin avtomatlaşdırılmış sisteminin yaradılması və tətbiqi, gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin gömrük oranlarındaında tətbiq olunması, gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin şəffaflığının təmin edilməsi məqsədilə gömrük orqanlarında informasiya köşklərinin quraşdırılması, gömrük nəzarətini gücləndirmək məqsədilə sərhəd postlarında və bəzi gömrük orqanlarında videomüşahidə sistemlərinin tətbiqi nəticəsində sərhəddə yüklərə baxış və rəsmiləşdirilmənin müşahidə edilməsi imkanının yaradılmasıdır.

Dövlət Gömrük Komitəsi Gömrük orqanları üçün kadrların hazırlanması, avtomatlaşdırılmış informasiya sistemi, gömrük statistikası və digər sahələrdə MDB gömrük xidmətləri ilə əməkdaşlığı genişləndirir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 2000-2001-ci illərdə dünyanın ən nüfuzlu beynəlxalq gömrük qurumlarından biri olan Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsinin üzvü olmuşdur.

Azərbaycan Respublikasının qısa müddət ərzində Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasına üzv seçilməsi və bu Komissiyanın 44-cü sessiyasının 5-9 dekabr 2000-ci il tarixdə Bakı şəhərində keçirilməsi Azərbaycan gömrük xidmətinin beynəlxalq aləmdəki nüfuzunun getdikcə artmasını və dünya dövlətlərinin gömrük təşkilatları ilə aparılan əməkdaşlığın böyük fayda verməsini bir daha sübut edir.

2002-ci il yanvarın 30-da Ümumdünya Gömrük Təşkilatının Baş Katibi Mişel Dane və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov arasında "Azərbaycan Respublikasının Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin təsis edilməsi haqqında Anlaşma Memorandumu" imzalanmışdır. 30 sentyabr 2003-cü ildə Bakıda Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzinin açılış mərasimi olmuşdur. Regional Tədris Mərkəzində artıq bir sıra beynəlxalq və regional tədris kursları və seminarlar keçirilmiş və 2005 və sonrakı illərdə regional treninqlərin keçirilməsi işi planlaşdırılır.

Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatının Regional Məlumat Əlaqələndirmə Mərkəzinin (Rilo-Moskva) tamhüquqlu üzvüdür.

ÜGT-nın köməkliyi ilə Bakıdakı Regional Tədris Mərkəzində ÜGT-nın region ölkələri üçün elektron tədris proqramının (E-learning) platforması quraşdırılmışdır.

2004-cü il mayın 18-də Brüsseldə, Ümumdünya Gömrük Təşkilatının İqamətgahı qarşısında "Dədə Qorqud" abidəsinin təntənəli açılış mərasimi olmuş və həmin gün ÜGT-nin İqamətgahında Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında "Niyyət Protokolu"nun imzalanma mərasimi olmuşdur. Sənəd Ümumdünya Gömrük Təşkilatının Baş Katibi Mişel Dane və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov tərəfindən imzalanmışdır. Bu Protokol Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında mövcud olan əlaqələrin daha da genişlənməsinin bariz nümunəsi olmaqla, eyni zamanda Azərbaycanla ÜGT-yə üzv ölkələr arasında sıx əlaqələrin qurulmasına böyük imkanlar yaradır. "Niyyət Protokolu"nda müasir mərhələdə ticarətin qloballaşdırılması ilə əlaqədar gömrük orqanının üzləşdiyi vəzifələr, sərhədlərin təhlükəsizliyi, Böyük İpək Yolu vasitəsilə narkotiklərin qanunsuz dövriyyəsinə dair xüsusi regional problemlərin birgə həlli də ön plana çəkilmişdir.

Dövlət Gömrük Komitəsi kadrların hazırlanması, onların ixtisas və biliklərinin artırılması məqsədilə müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində kurslar, seminarlar təşkil edir və mütəmadi olaraq bu təşkilatların keçirdiyi tədris proqramlarında layiqincə təmsil olunur. Bunlara misal olaraq, Ümumdünya Gömrük Təşkilatı, Avropa İttifaqının TASİS Proqramı, BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı (SKAD) və digər təşkilatlarla əməkdaşlıq çərçivəsində keçirilən müxtəlif yönümlü tədris kurslarını göstərmək olar.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əməkdaşlıq əlaqələri də son illər ərzində daha da genişlənmişdir. DGK tərəfindən sərhəd-keçid məntəqələrinin lazımi texniki nəzarət vasitələri ilə təchiz edilməsi ilə bağlı hazırlanmış layihə Agentliyə təqdim edilmiş və hazırda müasir tipli avadanlıqlar quraşdırılmış, bu işlərin davamı 2005-2006-cı illər üçün də nəzərdə tutulmuşdur.

Azərbaycan gömrük xidmətinin dünyanın bir sıra nüfuzlu beynəlxalq qurumları və digər dövlətlərin gömrük idarələri ilə əməkdaşlığının getdikcə möhkəmlənməsi və genişlənməsi gömrük işi sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərin Azərbaycan Respublikasında təşkil olunmasına zəmin yaratmışdır.

Komitənin yerləşdiyi ünvan

AZ 1073 Bakı şəhəri, İnşaatçılar prospekti 2.
Tel. 438 80 80, 438 51 09
Faks (99412) 498 18 36
E-mail: mailto:external@az-customs.net
İnternet səhifəsi: http://www.az-customs.net
yuxarı