AZƏRBAYCAN RESPUBLİKASININ DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

  • Komitənin tarixi
  • Komitənin vəzifələri
  • Komitənin hüquqları
  • Komitənin beynəlxalq əlaqələri
  • Komitənin yerləşdiyi ünvan

    Komitənin tarixi

    Komitənin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinə müvafiq olaraq dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin yaradılması ilə bağlıdır.

    Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

    Məlumdur ki, müstəqillik illərində cəmiyyətin dini həyatında ciddi müsbət dəyişikliklər baş vermişdir. Hər şeydən əvvəl, dini etiqad azadlığına təkcə sözdə yox, həm də praktikada geniş imkanlar yaradılmış, dövlət, sözün həqiqi mənasında, vicdan azadlığının təminatçısı olmuşdur. Söz yox ki, yeni şəraitdə dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən qurumun yaradılması təkcə dövlət üçün deyil, eyni zamanda dini qurumlar üçün də vacib bir amildir. Azərbaycan dövləti dünyəvi bir dövlətdir. Lakin dünyəvilik dini inkar etmək deyil, bu dövlətin siyası qurumunun məzmununu müəyyən edir. Din insanların cəmiyyət qarşısında məsuliyyətlərini daha da artırır, vətənə məhəbbət hissini gücləndirir. Dövlətin imanlı, əqidəli vətəndaşlara ehtiyacı var və dövlət mənəviyyatı milli sərvətin tərkib hissəsi kimi qiymətləndirir, ona qayğı qöstərir. Dövlətin dinə münasibətində də siyasətinin əsasını məhz bu amil təşkil edir.

    Digər tərəfdən, bu gün Azərbaycan xarici aləmə açıq cəmiyyətdir. Müstəqil Azərbaycanda xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəlikləri, müxtəlif mədəniyyət mərkəzləri, humanitar yardım və xeyriyyə təşkilatları, ayrı-ayrı dinlərə etiqad edən iş adamları fəaliyyət göstərir. Son dövrlərədək əhalinin böyük əksəriyyətinin xəbəri olmayan müxtəlif yönümlü, Azərbaycan üçün xas olmayan dini əqidələr, qeyri-ənənəvi dini cərəyanlardan törənmiş sektalar cəmiyyətə nüfuz edir, müxtəlif yollarla insanların şüuruna və qəlbinə yol tapır. Bütün bu ziddiyyətli prosesin müvafiq qanunvericilik çərçivəsində tənzimlənməsi, Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi və dini qurumların qeydiyyata alınması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasını aktuallaşdırırdı.

    Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, bu qurumların nizamnamələrinə (əsasnamələrinə) müvafiq qaydada dəyişikliklər və əlavələr edilməsinin təmin olunması, dini qurumların xahişi əsasında dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərilməsi, müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrıseçkilik hallarının, diqər mənfi təzahürlərin qarşısının alınması Komitənin əsas vəzifələridir.

    Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ictimayyəti məlumatlandırmaq məqsədi ilə iki ayda bir dəfə bülleten buraxır.

    Komitənin vəzifələri

    Komitənin əsas vəzifələri aşağıdakılardır:

    1. dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması;
    2. dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi;
    3. dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, bu qurumların nizamnamələrinə (əsasnamələrinə) müvafiq qaydada dəyişikliklər və əlavələr edilməsinin təmin olunması;
    4. dini qurumların xahişi əsasında dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərilməsi;
    5. müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrıseçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması;
    6. dini mərkəzlərdən, dini idarələrdən, digər dini qurumlardan məlumatlar almaqla ümumi məlumat bankının yaradılması;
    7. dini təşkilatların beynəlxalq dini hərəkat, forum, beynəlxalq dini mərkəzlərlə və xarici dini qurumlarla işgüzar əlaqələrdə iştirakına kömək edilməsi;
    8. dini qurumların nümayəndələrinin və müvafiq mütəxəssislərin iştirakı ilə dinşünaslıq ekspertizası aparılmasının təmin edilməsi;
    9. İcra hakimiyyəti orqanlarının dini işlərlə bağlı fəaliyyətinin əlaqələndirilməsi və bu fəalyyətə nəzarətin həyata keçirilməsi. Rayon və şəhər icra hakimiyyətləri yanında yaradılmış dini məsələlər üzrə komissiyaların işinin təşkilinə kömək göstərilməsi;
    10. dini tədris müəssisələrinin proqramlarını təhlil etmək, tədrisin keyfiyyətini müəyyən etmək üçün onlara ekspert rəyinin verilməsi;
    11. xaricdəki müqəddəs yerlərə ziyarətin təşkilində, bu məsələlərlə bağlı dövlətlərarası razılaşmaların əldə olunmasında iştirak edilməsi.

    Komitənin hüquqları

    Komitə öz funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: 1. dövlət-din münasibətlərinə, din haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmək;
    2. dini təyinatlı ədəbiyyatın, əşyaların, dini məzmunlu başqa məlumat materiallarının istehsalı, idxalı və yayılmasına nəzarət etmək, dini qurumların və müvafiq dövlət orqanlarının müraciətlərinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılıq vermək;
    3. səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ekspert və məsləhətçiləri cəlb etmək, onlarla müqavilələr (kontraktlar) bağlamaq;
    4. qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
    5. səlahiyyətləri çərçivəsində və Komitənin qarşısında duran vəzifələri həyata keçirmək məqsədilə müvafiq strukturlar təsis etmək;
    6. respublikada mövcud olan dini təhsil müəssisələrinin fəaliyyəti barədə məlumatlar almaq, bu müəssisələrdə, mütəxəssisləri cəlb etməklə, dini təhsillə bağlı yoxlamalar aparmaq, onların fəaliyyətində mövcud qanunvericiliyə zidd hərəkətlər olduğu təqdirdə dini mərkəz və ya müvafiq dövlət orqanları qarşısında bu barədə məsələ qaldırmaq;
    7. dini təfriqə, məzhəb ayrı-seçkiliyi, milli təhlükəsizliyə zidd dini-siyasi təxribatlar və digər qeyri-qanuni dini fəaliyyətlə bağlı hərəkətlər və hallar barədə Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə mütəmadi olaraq məlumatlar vermək, bu barədə əlaqədar dövlət orqanları qarşısında məsələ qaldırmaq;
    8. dini qurumların, eyni zamanda ayrı-ayrı şəxslərin dini etiqad azadlığı ilə bağlı qanunvericiliyə zidd hərəkətləri barədə onların təmsil olunduqları mərkəz və idarə qarşısında məsələ qaldırmaq;
    9. dini etiqad azadlığı ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyinin müddəalarının pozulduğu halda, müəyyən edilmiş qaydada dini qurumların fəaliyyətinə xitam verilməsi barədə məhkəməyə müraciət etmək;
    10. Azərbaycan Respublikasının dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək məqsədilə əsas olduğu təqdirdə qanunla nəzərdə tutulmuş formalarda dini qurumların fəaliyyətinə müdaxilə etmək;
    11. dini qurumların qeydiyyatını həyata keçirmək, qanuna zidd olaraq fəaliyyət göstərən dini qurumlar, eyni zamanda ayrı-ayrı şəxslər tərəfindən yaradılan və tarixi-ənənəvi kökü olmayan ibadət və ziyarət yerlərinin fəaliyyətinin qanunvericiliyə uyğun şəkildə tənzimləməyə kömək məqsədilə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq;
    12. dövlət təhsil müəssisələrində dinşünaslıq, din tarixi, dini-idraki, dini fəlsəfi fənlər və müqəddəs dini kitabların əsasları üzrə tədris proqramlarının, tədris vəsaitlərinin hazırlanmasında iştirak etmək;
    13. vaxtilə müsadirə olunmuş və başqa məqsədlər üçün istifadə edilən dini obyektlərin dini icmalara qaytarılması barədə qanuna müvafiq şəkildə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaq;
    14. dini qurumların fəaliyyət qaydasının pozulması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması, dini ayinlərin icrasına maneçilik hüquqlarına qəsd edilməsi ilə əlaqədar müəyyən edilmiş məlumat və ya sənədi, müvafiq tədbirlər görülməsi üçün, hüquq mühafizə orqanlarına göndərmək və öz nəzarətində saxlamaq;
    15. səlahiyyətlərinə aid məsələlər üzrə metodik və təlimat xarakterli göstərişlər, məsləhət və izahatlar vermək;
    16. ərizələri və digər məlumatları qeydiyyata almaq, qanunla müəyyən edilmiş qaydada onlara baxılmasını təmin etmək;
    17. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

    Komitənin beynəlxalq əlaqələri

    Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandığı gündən din və dinlərarası münasibətin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görmüşdür. Bu müddət ərzində Komitə sədri cənab Rafiq Əliyev bir sıra əcnəbi qonaqları qəbul etmiş və ayrı-ayrı xarici ölkələrə əhəmiyyətli səfərlər etmişdir. Qeyd edək ki, ABŞ Dövlət Departamentinin dəvəti ilə Komitə sədri "Xarici qonaqlar programı" çərçivəsində 2002-ci il mayın 26-dan iyunun 10-dək Amerikada səfərdə olmuşdur. R.Əliyev ABŞ Konqresində Dini Azadlıq komissiyasının rəhbəri və üzvləri ilə, Dövlət Departamentində, Corctaun, Mareland, Kolumbiya, Dyuk universitetlərində, Dövlət Departamentinin nəzdində fəaliyyət göstərən Qafqaz və Orta Asiya tədqiqatları institutunda, müxtəlif dini icmalara mənsub mərkəzlərdə, Amerika müsəlmanları Şurasında, Vaşinqton İslam mərkəzində görüşlər keçirmiş və Azərbaycanda dini durumun vəziyyəti barədə ətraflı məlumat vermişdir. Görüşlərdə terrorizmə və ekstremizmə qarşı mübarizədə dinin rolu haqda geniş müzakirələr aparılmış, dinlə uzlaşdırılan terror aktları pislənilmişdir.

    Bir il sonra isə, 2003-cü ilin yanvar ayının 6-dan 10-dək Komitə sədri İran İslam Respublikasında səfərdə olmuşdur. İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının rəhbəri cənab Mahmud Məhəmməd Əraqinin dəvəti ilə baş tutan bu səfər işgüzar şəraitdə keçmişdir.

    Dövlət Komitəsinin sədri R.Əliyev səfər çərçivəsində Qum şəhərinə təhsil almağa göndərilmiş 200 azərbaycanlı tələbə ilə də görüşmüşdür.

    Təxminən iki ay sonra, martın 3-dən 7-dək Azərbaycan-İngiltərə Cəmiyyətinin sədri Lord Freyzerin dəvəti ilə Komitə sədri Böyük Britaniyada səfərdə olmuşdur və Böyük Britaniya parlamentinin Lordlar palatasının üzvləri ilə görüşmüşdür. "Dünyəvi dövlətdə dinlərin birgə yaşayışı: Azərbaycanın pozitiv təcrübəsi" mövzusunda keçirilən görüş Londondakı Azərbaycan səfirliyinin iştirakıyla İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilmişdi. Lordlar Palatasının üzvləri ilə yanaşı görüşə MDB ölkələrinin səfirləri, hüquq-müdafiə təşkilatlarının aparıcı nümayəndələri, "Üç Dinin (iudaizm, xristianlıq və islam) Forumu"nun rəhbərliyi, din xadimləri və mətbuat nümayəndələri də dəvət olunmuşdular.

    Komitə sədri öz məruzəsində Azərbaycanda bütün dini konfessiyalara eyni münasibət göstərilməsindən, dini icmalar ücün bərabər şəraitin yaradılmasından danışmış, dini dözümlülük və s. məsələləri geniş təhlil etmişdir.

    Həmin ilin aprelin 16-dan 18-dək Dövlət Komitəsinin dəvəti ilə Rum patriarxı I Varfolomey Azərbaycanda rəsmi səfərdə olmuşdur. Xatırladaq ki, Patriarxın mənzil-qərargahı İstanbulda yerləşir. Özü mənşəcə yunan olsa da, Turkiyə vətəndaşıdır.

    Bundan başqa, Komitənin bilavasitə təşəbbüsü və iştirakı ilə bir sıra beynəlxalq konfranslar keçirilmişdir. Bu sıraya 20-21 dekabr 2001-ci il tarixdə Bakıda "İslamın terrora münasibəti: həqiqi anlam və təhrifli şərh" mövzusunda beynəlxalq konfransı aid etmək olar. Konfransin işində ABŞ, Norveç, Almaniya, Rusiya və bəzi islam dövlətlərindən 40-a yaxın aparıcı islamşünas alim və mütəxəssis, xarici dövlətlərin ölkəmizdəki səfirləri, dini konfessiyaların nümayəndələri iştirak etmişlər.

    Bir il sonra, 17-18 iyun 2002-ci ildə Bakıda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), ATƏT-in Bakı Ofisi və Dövlət Komitəsi ilə birlikdə "Ekstremizmə qarşı mübarizədə din və etiqad azadlığının təmin olunması: Azərbaycandakı çətinliklər və mövcud təcrübə" mövzusunda seminar keçirmişlər. Seminarın işində ATƏT-in Bakı Ofisinin keçmiş rəhbəri səfir Piter Bürhard, Dövlət Komitəsinin sədri Rafiq Əliyev, ABŞ-ın Corctaun universitetinin eksperti Yəhya Hindi, Almaniya Triyer universitetinin professoru Herhard Robers, AMEA, Bakı Dövlət Universiteti, Xəzər universitetinin alim və tədqiqatçıları, Azərbaycanda təmsil olunmuş əksər dini icmaların nümayəndələri iştirak etmişlər.

    Həmin ilin 10-11 oktyabrında DTİHB Azərbaycan Hökumətinin dəstəyi ilə Bakıda "Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" mövzusunda beynəlxalq elmi konfrans keçirmişdir.

    Konfransı DTİHB-nin direktoru cənab Jerar Ştudman açmışdır. Konfansın açılışında Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev geniş nitqlə çıxış etmişdir. Prezidentin nitqində 11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən dəhşətli terror hadisələrindən sonra dünyada yaranmış yeni siyasi durum müdrikliklə təhlil edilmiş, dövrün səciyyəvi xüsusiyyətləri açıqlanmış, torpaqlarının 20%-i işğal altında olan, bir milyon qaçqının problemləri ilə üzləşməyə məcbur edilmiş, aqressiv erməni separatçılarının məlum fəaliyyəti nəticəsində on ildən çox bir müddətdə terrorizmə və ekstremizmə məruz qalan Azərbaycanda dini etiqad azadlıgı və dini dözümlülük sahəsində görülən işlərlə yanaşı, gələcək perspektivlərə də nəzər salınmış, dinin müasir cəmiyyətdə roluna obyektiv qiymət verilmişdir.

    Komitənin yerləşdiyi ünvan

    Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1001, Əhməd Cavad, 12.
    Tel.: 492 67 47; Tel/faks: 492 93 33
    E-mail: addk@azdata.net
    İnternet səhifəsi: www.addk.net
    yuxarı