ÜMUMI MƏLUMAT

XX əsrdə Azərbaycan tarixinin ən faciəli səhifələri qaçqınlıq və məcburi köçkünlüklə bağlı olmuşdur. Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq etmiş, ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə 1905, 1918-20, 1948-53 və 1988-93-cü illərdə azərbaycanlıların öz yurdlarından didərgin salınması ilə nəticələnmişdir.

Ermənistanın 1988-1993-cü illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Ahıska (məshəti) türkü də Azərbaycanda sığınacaq tapmışdır.

1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədildi - Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri кeçmiş Sovet ordusunun 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə darmadağın edildi. 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 83 azyaşlı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı.

Beləliklə, 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış mənətəqələrindən 700 min nəfərədək soydaşımız öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburən köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışlar.

Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının 1, Ağdam rayonunun 80, Füzuli rayonunun 54, Tərtər rayonunun 13 və Qazax rayonunun 7 kəndi hələ də işğal altındadır.

Azərbaycanda həmçinin 3119 nəfər «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs mövcuddur. Onların böyük əksəriyyətini çeçen mənşəli Rusiya vətəndaşları, Əfqanıstan, İran, İraq və Fələstindən olan şəxslər təşkil edir.

Beləliklə, hazırda Azərbaycanda bir milyona yaxın qaçqın, məcburi köçkün və «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs vardır.

Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4499 nəfər itkin düşmüş, onlardan 783 nəfərin əsir və girov götürüldüyü əsirlikdə olanların şahid ifadələri və başqa mənbələr hesabına təsdiq edilmişdir.

Hərbi təcavüz respublikamızın 17 min kv.km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil, 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yolunun, 348 körpünün, 7568 km su və 76940 km elektrik xəttinin dağıdılmasına səbəb olmuşdur. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada dörd milyon altı yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.

Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş maddi, mənəvi – psixoloji zərbə ilə bərabər, ilkin və axıradək müəyyənləşdirilməmiş məlumata görə Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəymişdir.

Artıq 15 ildəн çox bir müddətdir ki, məcburi köçkünlərин böyük əksəriyyəti çadır düşərgələrində, fin tipli yığma evlərdə, ferma, yeraltı qazma və yol kənarlarında, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələri binaları və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində və s. kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən yerlərdə çox ağır şəraitdə yaşayırlar.

BMT Təhlükəsizlik Şurası münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir.

1994-cü ilin may ayında atəşkəs haqqında razılaşma əldə olunmuş, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul Sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində müvafiq qərarlar qəbul edilmişdir. ABŞ Konqresinin Müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən ədalətsiz 907-ci düzəlişin icrası 2002-ci ilin yanvarından dayandırılmışdır.
yuxarı