AZƏRBAYCANDA KİV

Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil KİV formalaşmaqdadır. Dövlət dördüncü hakimiyyət adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır.

Kütləvi informasiya vasitələrinə yardım

Azərbaycan Respublikası KİV-in keyfiyyət və kəmiyyət göstəricilərinə görə MDB və Şərqi Avropa ölkələri arasında aparıcı yerlərdən birini tutur. Hazırda Azərbaycanda 1830 kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib ki, bunların da 1750-i qəzet, 80-i televiziya və radio yayımı xidmətləridir.

Qəzet və jurnalların yalnız 15 faizi hökumət strukturları tərəfindən təsis edilmişdir. Qəzetlərin 65 faizindən çoxu müxalifət yönümlü siyasi və ictimai təşkilatlara, özəl strukturlara və hüquqi şəxslərə məxsusdur.

Rəsmi informasiya əldə edilməsinə hökumət strukturları tərəfindən heç bir məhdudiyyət qoyulmur. Müxtəlif nazirliklərin və digər dövlət orqanlarının mətbuat xidmətləri rəsmi informasiyanın ictimaiyyətə çatdırılmasına cavabdehdirlər.

Etnik və dini azlıqların KİV-dən sərbəst faydalanmalarına heç bir məhdudiyyət qoyulmamışdır. Etnik azlıqların dillərində qəzetlər dərc edilir və ya xaricdən gətirilir.

Teleradio yayımı

Teleradio yayımı sahəsində əhəmiyyətli qanunvericilik tədbirləri görülmüşdür. "Teleradio yayımı" haqqında Qanun 2002-ci ilin iyun ayında qəbul edilmiş və həmin ilin oktyabr ayında qüvvəyə minmişdir. 5 oktyabr 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Avropa Şurası standartlarına tam uyğun olan Milli Teleradio Yayımı Şurasının yaradılması haqqında fərman imzalamışdır. Milli Teleradio Yayımı Şurası 2003-cü ilin yanvarında təsis edilmişdir. Şuranın 9 üzvündən 6-sı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmişdir. Şura müvafiq qanuna uyğun olaraq teleradio yayımı, yayım kanallarına lisenziyaların verilməsi və onların fəaliyyətinin monitorinqi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə cavabdehdir. Qeyd olunmalıdır ki, yarandığı gündən Şura öz qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirmişdir.

İctimai televiziya

"İctimai televiziya və radio yayımı" haqqında Qanun 9 yanvar 2004-cü ildə qəbul edilmişdir. Qanunda Avropa Şurası ekspertlərinin fikirlərinin əks olunması məqsədilə Azərbaycan Respublikası Prezidenti ona veto qoymuş və o, təkrar müzakirə üçün Parlamentə göndərilmişdir. Düzəlişlər edildikdən sonra qanun Avropa Şurası ekspertlərinə göndərilmişdir. 2004-cü il sentyabrın 28-də İctimai televiziya haqqında qanun Milli Məclis tərəfindən qəbul olunmuş və noyabrın 5-də qeyd edilən qanunun qüvvəyə minməsi haqqında Prezident fərmanı verilmişdir. Yaxın zamanlarda ictimai televiziya fəaliyyətə başlayacaqdır.

Dövlət sirri

"Dövlət sirri" haqqında Qanun Milli Məclisin payız sessiyasında qəbul olunmuş və 2004-cü il noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti "Dövlət sirri" haqqında qanunun qüvvəyə minməsi haqqında fərman imzalamışdır.

Mətbuat Şurası

İfadə və informasiya azadlığının təmin edilməsi istiqamətində növbəti mühüm addım 2003-cü il mart ayının 15-də Azərbaycan jurnalistlərinin ilk konqresində Mətbuat Şurasının yaradılması olmuşdur. Bu orqan müstəqil surətdə, dövlətin heç bir müdaxiləsi olmadan jurnalistlərin özləri tərəfindən yaradılmışdır. Müstəqil orqan olan Mətbuat Şurasının əsas funksiyası KİV ilə fərdlər, həmçinin KİV ilə özəl şirkətlər arasında mübahisələrin məhkəmə çəkişmələrinədək aradan qaldırılmasından ibarətdir. Şura həmçinin qəzetlərin monitorinqi və özünün hazırlayıb qəbul etdiyi jurnalist etikası kodeksinin müddəalarının həyata keçirilməsi funksiyalarını yerinə yetirir. 2004-cü ilin martında Mətbuat Şurası özünün ikinci konqresini keçirmişdir. Şura cari fəaliyyəti müzakirə etmək üçün müntəzəm olaraq iclaslar keçirir. Hazırda Şura jurnalistlərə vahid jurnalist vəsiqələri verir və kütləvi informasiya vasitələri arasında geniş yayılmış reket hallarına qarşı mübarizə aparır. Qeyd etmək lazımdır ki, yarandığı gündən Mətbuat Şurası öz mandatına uyğun müvəffəqiyyətlə fəaliyyət göstərmişdir.

İnformasiya azadlığı

Bu qanun layihəsindəki müddəaların demokratik prinsiplərə uyğunlaşdırılması üçün geniş müzakirələr aparılmışdır. Qanun layihəsinin informasiya məsələləri üzrə müvəkkillik institutunun yaradılmasını nəzərdə tutan fəsli geniş müzakirələrə səbəb olmuşdur. Bu fəslin Qanunda öz əksini tapıb-tapmaması məsələsinə ekspert qrupunun yenidən baxması məqsədəuyğun hesab edilmişdir. Hazırda bu qanun layihəsi ikinci oxunuşdadır. Parlamentin payız sessiyasının sonuna qədər bu qanun layihəsinin qəbul ediləcəyi planlaşdırılıb.

Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan Hökuməti böhtanla bağlı qanunvericiliyin yumşaldılması üçün müvafiq tədbirlər görür. Bu məqsədlə, böhtanla bağlı müddəaların Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə daxil edilməsi nəzərdə tutulur.

Qəzetlərin heç biri öz dövriyyələrində məhdudiyyətlərlə üzləşmirlər. Bütün qəzetlər ölkə üzrə sərbəst yayılır. Son zamanlar bir sıra qəzetin nəşriyyatlarla bağlı üzləşdiyi problemlər texniki xarakter daşımış və həmin qəzetlərin redaktorlarının öz qəzetlərini özəl nəşriyyatlarda çap etməyə üstünlük verməsi faktı ilə əlaqədar olmuşdur. Dövlət nəşriyyatları həmin qəzetlərin dərcinə heç bir məhdudiyyət qoymamışlar.
yuxarı