ÜMUMİ MƏLUMAT

"Diaspor" qədim yunan sözü olub, hərfi mənada "səpələnmə" deməkdir. Bu sözün yaranma tarixi yunanların eramızdan xeyli əvvəl başladıqları işğal və köçürülmə dövrünə təsadüf edir. Müxtəlif ölkələrə hərbi yürüşlər zamanı yunan ordusu əsgərlərinin bir hissəsi işğal edilmiş ərazilərdə məskunlaşmış və buranın daimi sakinlərinə çevrilmişdilər. "Diaspor" kəlməsi də məhz onların dilindən yaranmışdır.

Fəaliyyət dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporun formalaşması ilə nəticələnir.

Azərbaycanda "diaspor" anlayışı haqqında ilkin təsəvvürlər indi yaranmağa başlasa da, qeyd etmək lazımdır ki, həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi hələ bir neçə əsr əvvəl başlanmışdı. Digər xalqlarla müqayisədə azərbaycanlıların doğma torpağa daha çox bağlılığı üzündən Vətəni tərk edib qürbətdə yaşamları onlar üçün mənəvi baxımdan ağır olmuşdur. Təsadüfü deyil ki, Azərbaycan şifahi xalq ədəbiyyatında "Vətən - qürbət" mövzusu mühüm yer tutmuşdur. Bu mənəvi amilin özü də Azərbaycan diasporunun yaranmasının kifayət qədər qədim tarixə malik olduğunu təsdiqləyir.

Bu gün "Azərbaycan diasporu" dedikdə xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar nəzərdə tutulur. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışının təfsiri "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqunda" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qanuna əsasən, "xaricdə yaşayan azərbaycanlılar" anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-nin və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş və hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə və onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir.

XX əsrin əvvəllərində azərbaycanlıların xaricə axını daha geniş vüsət almağa başlamışdı. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti məqsədli şəkildə regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə yönəlmiş və 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən həyata keçirilən soyqırım, etnik təmizləmə siyasəti də belə məkirli strateji niyyətlərdən törənmişdir

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra respublikadan xaricə axının miqyası xeyli azalsa da, demokratik respublikanın süqutu tamamilə yeni bir situasiya formalaşdırdı. Xalq Cümhuriyyətinin qurucularının və tərəfdarlarının bolşeviklər tərəfindən ciddi təzyiqlərə və təqiblərə məruz qalması onları ölkəni tərk etmək məcburiyyətində qoyurdu. Təsadüfi deyil ki, bu dövr azərbaycanlıların xaricə axınının ən kütləvi miqyasda təzahür etdiyi mərhələlərdən birini təşkil edirdi.

1949-ci il fevralın 1-də Türkiyənin Ankara şəhərində "Azərbaycan Kültür Dərnəyi"nin təsis edilməsi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım oldu. 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da "Amerikanın Azərbaycan cəmiyyəti"ni təsis etmişdir. Hazırda bu cəmiyyətə Saleh bəy Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir. Bu hadisələr Azərbaycan diasporunun tarixində təşkilatlanma mərhələsinin məhz ötən əsrin ortalarından başladığını söyləməyə əsas verir. Həmin dövrə qədər soydaşlarımızı birləşdirən icma və birliklərin yaradılması ilə bağlı hər hansı fakta təsadüf olunmamışdır.

II Dünya müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun tarixində yeni bir mərhələ ilə əlamətdar oldu. Müharibə dövründə və sülhün bərqərar olunmasından sonra xaricdə yaşayan həmvətənlərimizin sayı əhəmiyyətli dərəcədə artmışdı. Bunlar hərbi əməliyyatlar zamanı əsir düşənlər və müharibədən sonra müxtəlif səbəblər üzündən Avropa ölkələrində məskunlaşan azərbaycanlılar olmuşdu. Sovet rejiminin amansız və qəddar cəza mexanizmləri, qanlı represiyaları onların bir çoxunu geri qayıtmaqdan çəkindirmiş, beləliklə xaricdə yaşayan azərbaycanlıların sayca artmasına səbəb olmuşdu.

Qeyd etmək lazımdır ki, təxminən 30 milyon azərbaycanlının tarixən yaşadıqları İran ərazisindən də son onilliklər ərzində mühacirət edənlərin sayı Azərbaycan Respublikasından gedənlərin sayından qat-qat çox olmuşdur.

Ümumiyyətlə, II Dünya müharibəsindən bir neçə il sonra Sovetlər hökumətinin tətbiq etdiyi sərt sərhəd rejimi bütövlükdə SSRİ-dən xaricə axının qarşısını alsa da, dissident hərəkatı əvvəlkilərlə müqayisədə daha kütləvi xarakter almışdı. Təbii ki, Sovet Respublikası olan Azərbaycan üçün də belə bir təhlükə var idi. Lakin SSRİ-də dissident hərəkatının, azad fikrin genişləndiyi bir dövrdə - 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladı. O, respublikanın həyatında, ictimai şüurun, milli özünüdərkin təşəkkülündə yeni bir mərhələnin özülünü qoydu.

XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı.

Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin güclənməsi, tərcümə işinin vüsətlənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr cəmiyyətinin ("Vətən" cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən belə mühüm addımlardan idi. İlk növbədə isə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda ana yurda maraq və bağlılığı artırırdı.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının elmi-intellektual potensialının gücləndirilməsi məsələlərinə həmişə böyük diqqətlə yanaşırdı. Məhz elə bu diqqətin sayəsində onun rəhbərliyi dövründə yüzlərlə həmvətənimiz SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etmişdilər. Belə ki, keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələrini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc təhsil almış və yüksək ixtisaslara yiyələnmişdir. Əlbəttə, bu kadrların bir çoxu yenidən Azərbaycana qayıtmış və respublikanın ümumi inkişafına öz töhfələrini vermişdilər. Lakin onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşmışdı. Bir sözlə, 70-80-ci illərdə sovet dövlətində gedən inteqrasiya prosesləri, gənclərimizin digər respublikalarda təhsil almaları onların miqrasiyasına təkan vermişdir. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər bir tərəfdən həmvətənlərimizin mütəşəkilliyinin güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin inkişafına yardım göstərmişlər. Dünya azərbaycanlılarında milli şüurun güclənməsində Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyətinin də xüsusi rolu olmuşdur. Həmvətənlərimiz milli liderimizin dünya miqyaslı siyasi fəaliyyətini milli idrak və xarakterin parlaq təzahürü kimi qəbul edir, xalqımızın özünə inamı, özünüdərki və mütəşəkkilliyi güclənirdi.

Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar olmuş və dönməz xarakter almışdır. Lakin tarix boyu ictimai-siyasi proseslər elə gətirmişdir ki, azərbaycanlıların bir hissəsi əzəli ərazilərimizi tərk edərək planetin müxtəlif ölkələrində məskunlaşmış, yurd-yuva salmışlar.

Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının alovlanmasına stimul yaratmış oldu. Azərbaycanda bu proses daha sürətlə getməyə başlamışdı. Təsadüfi deyil ki, 1989-cu ildə azərbaycanlılar "dünyanın ən mübariz xalqı" adına layiq görülmüşdülər. Erməni seperatçılarının ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində həyata keçirməyə başladığı təxribatlar xalqımızın milli oyanışında, milli özünüdərk hissinin güclənməsində mühüm rol oynadı.

1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə edirdi. Belə bir mürəkkəb və çətin vəziyyətdə 20 Yanvar qırğını ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə Heydər Əliyev dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə və bəyan etdi. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi.

Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşması, respublikamızla əlaqələrinin yaradılmasında ortaya çıxan çətinliklərin və problemlərin daha səmərəli həlli yollarının araşdırılmasına böyük ehtiyac duyulur. Hazırda dünyanın əksər ölkəsində 300-ə yaxın Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.

Ayrı-ayrılıqda fəaliyyət göstərən çoxsaylı cəmiyyət və birliklər iş birliyi naminə bir araya gələrək Azərbaycan federal birlikləri yaratmağa başladılar. Bunların sırasında Ümumrusiya Azərbaycan Konqresini, Ukrayna Azərbaycanlıları Konqresini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətini, Almaniya Azərbaycan cəmiyyətləri Federasiyasını, İsveç - Azərbaycan Federasiyasını, Qazaxıstan, Qırğızıstan və Özbəkistan azərbaycanlılarının "Turan" Konqresini və Qırğızıstanda "Azəri" İctimai Birliyini nümunə göstərmək olar. Bu cəmiyyət və birliklər fəaliyyət göstərdikləri ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, həmvətənlərimizin təşkilatlanması, onların tarixi Vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görə bilmişdilər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun daha mütəşəkkill qüvvəyə çevrilməsinə nail olmaq məqsədilə yeni cəmiyyət və birliklərin yaradılmasına ardıcıl olaraq diqqət yetirməkdədir. Nəticədə yeni icma və birliklərin yaradılması tendensiyası digər ölkələri də əhatə etmiş və Belarus Azərbaycan İcmaları Konqresi, Moldova Azərbaycanlıları Konqresi, Özbəkistan Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası, Azərbaycan-Norveç Assosasiyası öz qüvvələrini bir mərkəzdə birləşdirmək əzmində olaraq bu sıraya qatılmışlar. Bu Federal birliklər Azərbaycan diasporunun təşkilatlanması və fəallığının artırılması üçün zəruri və mümkün tədbirləri görür və üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır.

Aparılmış məqsədyönlü işlər nəticəsində yalnız 2004-cü ildə Avropada, Şimali Amerikada, MDB məkanında və bir çox ölkələrdə o cümlədən, Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da 40-a yaxın yeni Azərbaycan icmaları yaradılmışdır. Yeni Azərbaycan icma və bilikləri təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə layiqdir.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yeni icma və birliklərin yaradılması məsələsinə xüsus diqqət yetirir. Burada əsas strateji məqsəd, ümummilli liderimiz Heydər Əliyevin müəyənləşdirdiyi xəttə uyğun olaraq, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının vahid bir mərkəzdə birləşdirilməsinə müvəffəq olmaqdan ibarətdir. Komitə ilkin mərhələdə müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları icma və birliklərdə birləşdimək, daha sonra isə bu icma və birlikləri vahid təşkilata cəlb etməyə çalışır.
yuxarı