AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ ERMƏNİSTANIN QANUNSUZ FƏALİYYƏTİ

Ermənistan Respublikası və separatçıların işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyəti əsasən aşağıdakı istiqamətlərdə təzahür etmişdir:

I.Separatçı-terrorçu qurumun müstəqil dövlət kimi tanıdılması cəhdləri

Dağlıq Qarabağdakı separatçı-terrorçu qurum atəşkəs rejimindən istifadə edərək beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmaq məqsədi ilə son illər ərzində zəruri "dövlət institutları" ("parlament", "nazirliklər", "ordu", "komitə" və "idarələr") təsis etmiş, bir neçə ölkədə öz "nümayəndəlik"lərini açmışdır. 2001-ci ilin mart ayından bu ərazilərdə yaşayan vətəndaşlara onların qondarma qurumun və Ermənistan Respublikasının vətəndaşı olduqlarını təsdiq edən yeni "pasportlar"ın verilməsinə başlanmışdır.

II. Dövlət terrorizmi və təcavüzkar separatizm

1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş, nəticədə 1568 nəfər ölmüş, 1808 nəfər yaralanmışdır. Azərbaycan Respublikası, eləcə də xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirilmişdir ki, həmin terror aktlarının 32-si Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata keçirilmişdir.

Azərbaycanda mülki əhaliyə qarşı terrorçu fəaliyyətin bilavasitə Ermənistan Respublikasının dövlət orqanları və separatçı qurum tərəfindən üçüncü ölkə vətəndaşları, Azərbaycan Respublikasının azsaylı xalqlarının nümayəndələri, hərbi əsir və girovlardan istifadə ilə təşkili, maliyyələşdirilməsi və reallaşdırılmasına cəhdlər göstərilmişdir.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlığı nəticəsində Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi polkovnik Can Ohanesyanın, onun müavini mayor Aşot Qaloyanın, Rusiya Federal əks-kəşfiyyat xidmətinin terrorizmlə mübarizə İdarəsinin baş əməliyyat müvəkkili mayor Boris Simonyanın başçılığı ilə Rusiya ərazisində fəaliyyət göstərən erməni separatçılarından ibarət terrorçu qrup məsuliyyətə cəlb olunmuşdur. Moskvada yerləşən və Valeri Petrosyanın rəhbərlik etdiyi "TİRR" Assosiasiyası tərəfindən maliyyələşdirilən həmin qrup Rusiya və Azərbaycan ərazisində dəmiryolu qatarlarında bir neçə partlayış törətmişdir. Bütün bu şəxslər Rusiya Federasiyası və Azərbaycan Respublikası məhkəmələri tərəfindən müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar.

Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində fəaliyyət göstərən terrorçu-separatçı "Sadval" təşkilatı üzvlərinin 1994-cü ilin martın 19-da Bakı metropoliteni stansiyalarından birində törətdikləri və 14 nəfər dinc sakinin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən partlayışın Ermənistan Respublikası xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi faktı da prosessual qaydada tam sübuta yetirilmişdir. Çoxsaylı şahid ifadələri və maddi sübutlar bu təşkilatın yaraqlılarının Ermənistan Respublikasının Nairi və Arzni rayonlarında yerləşən, xüsusi xidmət orqanlarına məxsus hərbi-təxribat hazırlığı bazalarında, habelə Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisində təşkil edilmiş xüsusi düşərgələrdə təlim keçdiklərini birmənalı şəkildə təsdiqləmişdir. Məhz Ermənistanın xüsusi xidmət orqanları terror aktlarının icrası üçün cinayətkarları zəruri partlayıcı materiallar və texniki vasitələrlə təchiz etmiş və maliyyələşdirmişlər. Azərbaycanın milli təhlükəsizlik orqanları həmin cinayətin 43 təşkilatçısını və icraçısını aşkarlamış, onlardan 30 nəfəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunmuşdur, ölkənin hüdudlarından kənarda gizlənənlər barədə isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu dəhşətli terror aktının qeyri-adiliyi ondadır ki, Azərbaycan torpaqlarını işğal edən və Dağlıq Qarabağın separatçı rejiminə himayədarlıq edən qonşu Ermənistanın xüsusi xidmət orqanları həmin cinayəti həyata keçirmək üçün terrorçuları digər həmsərhəd ölkədə - Rusiya Federasiyasında, ölkəmizin bir sıra şimal rayonları barəsində ərazi iddiaları irəli sürən separatçılar sırasından hazırlamışlar. Bu isə müxtəlif etnik yönümlü separatçılar arasında qarşılıqlı əlaqələrin beynəlxalq terrorizmin əsas tərkib hissələrindən biri olduğuna daha bir sübutdur.

Təəssüf ki, bu yeganə fakt deyil. Belə ki, 2000-ci ilin əvvəlindən etibarən Azərbaycanın şimal rayonlarında yaşayan avar xalqının adından separatçılıq hərəkatını başlamaq məqsədini güdən bir qrup fəallaşmışdı. 2001-ci ilin iyun ayından Dövlət Yol Polisinin postlarına, rayon polis şöbəsinə və hərbi hissəyə bir neçə basqınlar, Şeyx Şamilin abidəsinin partladılması kimi cinayətlərin törədilməsi Zaqatala və Balakən rayonlarında vəziyyəti kəskinləşdirmişdi.

Həmin cinayətlərin istintaqı zamanı göstərilən qrupun rəhbəri Hacı Maqomedovun və sonradan onun həbs edilmiş silahdaşı Şaban Buşdiyevin erməni xüsusi xidmətlərinin nümayəndələri ilə əlaqələri olması faktı aşkarlanmışdır.

1997-ci ildə onların hər ikisi Azərbaycan ərazisində "Avar dövləti"nin yaradılması üçün 1 milyon ABŞ dolları və 1000 ədəd avtomat silahın alınması məsələsinin müzakirəsi məqsədi ilə Yerevan və Xankəndiyə səfər etmişlər. Sonradan onlar bu danışıqları Mahaçqalada davam etdirmiş və nəticədə 1000 ədəd avtomat silahın və 300 min ABŞ dollarının verilməsi barədə razılığa gəlmişlər. Bundan sonra avar separatçılarının "Car-Balakən dövləti"nin yaradılması ideyası və bu istiqamətdə fəaliyyətlərinə dəstək almaq üçün H.Maqomedov 2001-ci ilin dekabrında yenidən Yerevana getmişdir. Bu səfərin əsas məqsədi yaz-yay mövsümündə yerli icra hakimiyyətinin binasının zəbt edilməsi, həbs olunmuş silahdaşlarının azadlığa buraxılması şərti ilə vəzifəli şəxslərin girov götürülməsi və dövlətə qarşı digər cinayət əməlləri üçün müxtəlif növ silah, o cümlədən istilik raketlərinin alınması idi.

2001-ci ilin sentyabrında Zaqatala rayonu ərazisində müxtəlif cinayət əməlləri törətməklə əhalini təsir altında saxlamağa, ərazini nəzarətsiz zonaya çevirməyə cəhd göstərən şəxslərin dindirilməsi zamanı məlum olmuşdur ki, onların silah və maddi cəhətdən təchiz edilməsində separatçı-terrorçu qurumun "müdafiə naziri" və digər "rəhbər işçiləri" birbaşa iştirak etməklə, həmin şəxsləri separatçı hərəkətlərə təhrik etmişlər.

1994-cü il iyulun 3-də Bakı metrosunun "28 may" və "Gənclik" stansiyaları arasında 13 nəfərin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən terror aktı Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmişdir. Bu məqsədlə Qarabağ uğrunda gedən döyüşlər zamanı əsir düşmüş Azər Aslanovun anasını aldadıb Yerevana çağırmış, oradan Azərbaycanın işğal olunmuş ərazilərinə apararaq girov saxlayıb və A.Aslanovu həmin cinayəti törətməyə sövq etmişlər (bu fakt erməni millətçi-separatçı ekstremizminin əsas ideoloqlarından biri, hazırda İnterpol xətti ilə axtarışda olan Zori Balayanın "Cəhənnəm və cənnət arasında" kitabında öz əksini tapmışdır). İstintaq və məhkəmə prosesində sübuta yetirilmişdir ki, A.Aslanovun terrorçu kimi hazırlanmasının "ideoloji təminatında" Zori Balayanın və Dağlıq Qarabağ erməni separatçılarının lideri olmuş, hazırda Ermənistan Respublikasının prezidenti Robert Koçaryanın iştirakı olmuşdur.

90-cı illərin əvvəllərindən etibarən beynəlxalq terrorçu qrupların liderlərinin reabilitasiyasına çalışan Ermənistan rəhbərliyi xarici diasporanın radikal təşkilatlarının, xüsusilə "Daşnaksutyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq cəbhəsi" və digər terror təşkilatları fəallarının Ermənistan ərazisində toplanması məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onların fəaliyyətlərinə siyasi-hüquqi şərait yaradaraq sığınacaq vermiş, pul, silah, saxta sənəd və nəqliyyatla təchiz etmişdir. Həmçinin Azərbaycanda ermənilərin sıx yaşadıqları əraziyə yardım adı altında bir sıra xarici dövlətlərdən terrorçular, silah və maliyyə vəsaitləri göndərilir, Türkiyə nümayəndəliklərinə qarşı terror aktları törətmiş ermənilərin azad olunması və dəstəklənməsi Ermənistanda dövlət səviyyəsində təşkil olunurdu. Belə ki, Suriyada doğulmuş, ASALA üzvü, 1983-cü ilin iyun ayında Fransanın Orli aeroportunda partalyış törətdiyinə görə həbs edilmiş Varujan Karapetyanın Ermənistan xüsusi xidmət orqanları tərəfindən Eçmiədzin kilsəsinin imkanları vasitəsi ilə azad olunması üçün imza toplama kompaniyası keçirilmişdir.

Fransada terror aktları törətdiyinə görə həbs edilmiş ABŞ vətəndaşı, tanınmış beynəlxalq terrorçu Monte Melkonyan azad olduqdan sonra 1990-cı ildə Ermənistandan Dağlıq Qarabağa göndərilərək azərbaycanlıları öz torpaqlarından məcburi köçkün vəziyyətinə salmış terrorçu qruplara rəhbərlik etmişdir. 1993-cü ilin yayında Azərbaycan qoşun hissələri tərəfindən məhv edilmiş M.Melkonyanın Yerevanda dəfn mərasimində prezident daxil olmaqla Ermənistanın dövlət rəsmiləri iştirak etmiş, sonra bu beynəlxalq terrorçu Ermənistanın milli qəhrəmanı elan olunmuş, onun adı ER Müdafiə nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.

1992-ci ildə Xankəndinə göndərilmiş Vazgen Sislyan, yaxın şərq terrorçuları Abu Əli, Qilbert Minasanyan və digər terrorçularla birlikdə zorakılıq siyasətini dünya ictimaiyyətinin diqqətini erməni məsələsinə yönəltmək üçün vasitə kimi istifadə edirdilər.

R.Koçaryan hakimiyyətə gəldikdən sonra Ermənistanda terrorçu qrupların rəhbərlərinin reabilitasiyası halları daha da artmışdır. Tanınmış terrorçu, İran vətəndaşı və "Daşnaksutyun" partiyasının üzvü Qrant Markaryan həbsdən azad edilərək, Azərbaycana qarşı terror aktlarının keçirilməsində fəal iştirakına görə 1981-ci ildə Parisdə türk səfirliyinin zəbtinin təşkilatçılarından biri Vazgen Sislyanla birgə R.Koçaryan tərəfindən Qarabağ müharibəsinin qəhrəmanı adına layiq görülmüşlər. Bütün bunlar Ermənistan rəhbərliyinin Azərbaycana qarşı terror aktlarının təşkilində bilavasitə iştirakını bir daha təsdiq edir. Əslində Ermənistanın hazırkı rəhbərləri: Prezident R.Koçaryan, müdafiə naziri S.Sarkisyan və Dağlıq Qarabağdakı işğalçı-separatçı rejimin rəhbəri A.Qukasyan terrorçularla sıx əlaqədə olduqlarını gizlətmirlər.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin "sərhəd"i hazırda Ermənistanın silahlı qüvvələri tərəfindən qorunur, bu ölkədən olan çağırışçılar hərbi xidmət keçmək üçün həmin ərazilərdəki hərbi hissələrə göndərilir. Həmçinin hazırda işğal olunmuş ərazilərdə Ermənistanın silahlı qüvvələri və terrorçu qruplarla yanaşı, qeyri-qanuni silahlı birləşmələr də fəaliyyət göstərir və bütün bunlar terrorizmə qarşı mübarizə üzrə beynəlxalq konvensiyaların nəzarətindən kənardadır.

III. Narkotik maddələrin qanunsuz becərilməsi və dövriyyəsi

İşğal olunmuş ərazilər heç bir dövlətin, beynəlxalq təşkilatın nəzarətində olmayan özünəməxsus kriminal mənbəyinə çevrilmişdir. Belə ki, separatçı-terrorçu rejim işğal altında olan ərazilərdə narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı və satışının inkişaf etməsi üçün bütün zəruri şərait yaratmışdır. Bu faktlar ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapmışdır. Narkotik işbazları qondarma qurumun bədnam rəhbərləri müdafiə edir, narkotiklərin satışından əldə olunan pulları işğal olunmuş ərazilərin nəzarətdə saxlanılması və muzdlulara haqq ödənilməsi üçün istifadə edirlər.

ABŞ Dövlət Departamentinin 2001-ci ilin martında açıqlanmış hesabatında işğal edilmiş Azərbaycan ərazilərindən narkotik vasitələrin kütləvi şəkildə daşınması üçün istifadə olunduğu bildirilir və Ermənistana coğrafi yerinə görə narkotik vasitələrin beynəlxalq dövriyyəsində potensial subyekt kimi baxılır.

Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində çətənə kollarının yetişdirilməsi faktı AŞ PA-nın Dağlıq Qarabağ üzrə məruzəsində də öz əksini tapmışdır.

Narkotiklərin satışından əldə olunan pulun böyük hissəsi separatçılar tərəfindən qanunsuz silahlı birləşmələr, terror qrupları üçün silahların alınmasına və təlimlərin keçirilməsinə xərclənir. Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət separatçıları "çirkli pulların" yuyulması əməliyyatları sahəsində məşhurlaşdırmaqla onları transmilli cinayətkar infrastrukturların maraq dairəsinə daxil etmişdir.

Azərbaycanın işğal olunmuş ərazilərindən nüvə və radioaktiv tullantıların basdırılması məqsədilə də istifadəsi güman olunur. Belə ki, gündəlik təqribən 9 milyon KVT/saat enerji hasil edən Metsamor Atom Elektrik Stansiyasının müvafiq istehsalının müqabilində Ermənistanda hazırki dövrədək nüvə tullantılarının saxlanılması üçün anbarın olmaması Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin qeyd olunan tullantıların basdırılması məqsədilə istifadəsi ehtimalını artırır.

IV. İnsan ticarəti

Ermənistanın Azərbaycan Respublikasına təcavüzü nəticəsində əsir düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşlarının beynəlxalq humanitar təşkilatlardan gizlədilərək işğal olunmuş ərazilərdə saxlanılması və onlara qarşı amansız cəza metodlarının tətbiq edilməsi, bu şəxslərin qeyri-bəşəri məqsədlər üçün istifadə edilmələri barədə mütəmadi məlumatlar daxil olmaqdadır.

Azərbaycana qarşı təcavüzün nəticələrindən və mövcud status-kvodan yararlanmağa çalışan Ermənistanın rəsmi orqanlarının əsir və girov götürülmüş, itkin düşmüş azərbaycanlıları gəlir məqsədi ilə alver predmetinə çevirərək müxtəlif cinayətkar qruplaşmalarla işbirliyi qurduqları barədə təkzibedilməz faktlar mövcuddur. Müharibə və atəşkəs dövründə erməni ordusu tərəfindən əsir və girov götürülmüş azərbaycanlılardan 30 nəfərə yaxını qohumları tərəfindən külli miqdarda pul, qızıl və qiymətli əşya verilməklə azad edilmişlər. Erməni əsirliyində olan bir çox Azərbaycan vətəndaşlarının bədən üzvləri çıxarılaraq satılmışdır. Əsir düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşlarının Beynəlxalq Humanitar təşkilatlardan gizlədilərək işğal olunmuş ərazilərdə saxlanılması və onlara qarşı amansız cəza metodlarının tətbiqi barədə mütəmadi məlumatlar daxil olmaqdadır.

V. İşğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması

Erməni tərəfinin rəsmi məlumatlarına və qondarma "DQ" hökumətinin hesabatına görə, 2001-ci ildə Dağlıq Qarabağın əhalisi 143 min nəfər təşkil edib. Halbuki, 1989-cu ilin siyahıya alınmasına görə, həmin ərazidə 90 min nəfərdən bir qədər çox erməni yaşamışdır. ABŞ-ın qaçqınlar üzrə Komitəsinin qaçqınların vəziyyəti ilə əlaqədar 2002-ci ilə dair ümumdünya icmalında Ermənistan üzrə məruzədə 1000-ə yaxın ailənin Ermənistandan Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü bildirilib. 2003-cü ilin yanvar ayından Dağlıq Qarabağ ərazisini tərk edənlərin qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara görə, daimi yaşamaq üçün gedən ailələr təxminən 15, hərbi çağırışçılar 10 min ABŞ dolları məbləğində rüsum ödəməlidirlər.

Ermənistanın bütün şəhər və rayonlarında 2002-ci ildən rəsmən fəaliyyət göstərən miqrasiya xidmətləri ölkə əhalisinin işğal olunmuş ərazilərə köçürülməsi istiqamətində iş aparır. 1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları mövcuddur. Qondarma qurumun "parlamenti"nin "DQR"-ə köçürülən rus ailələrinin övladlarının 2005-ci ildən Qarabağ məktəblərində erməni və rus dillərində təhsil almasını nəzərdə tutan qərarı da mövcuddur.

Beynəlxalq "Qırmızı Xaç Komitəsi"nin Cənubi Qafqaz üzrə Miqrasiya Nümayəndəliyin 2004-cü il oktyabr ayının 25-də keçirdiyi hesablamalarına görə, hər ay orta hesabla Dağlıq Qarabağ ərazisinə 15-ə yaxın ailə köçürülür və 2004-cü ildə belə ailələrin sayı 200-ə çatmışdır.

Rəsmi Yerevan köçürülmə layihələrində özünün birbaşa iştirakını gizlətməyə çalışsa da, 2000-ci ildən etibarən "Artsaxa qayıdış" adlı irimiqyaslı proqramın həyata keçirilməsi ilə Ermənistan Respublikası hökuməti yanında (Andranik Marqaryanın rəhbərliyi altında) müşavir Benik Baxşiyan, "DQR"-in "Statistika İdarəsinin rəhbəri" - Serj Amirxanyan, "Kənd Təsərrüfatı naziri" - Vaqram Baqdasaryan, "Milli Yığıncağın Maliyyə, Büdcə Məsələləri üzrə Komissiyasının sədri" - Mayor Danelyan, Ermənistanın Miqrasiya və qaçqınlar idarəsinin müdiri - Qaqik Eqanyan və digər vəzifəli şəxslər, həmçinin "Yerkir" ictimai təşkilatı aktiv şəkildə məşğuldurlar. Həmin vaxtdan etibarən qaçqınlar və emiqrasiya idarəsi yuxarıda adı çəkilən proqramın realizə olunmasına bilavasitə qoşulmuşdur.

2003-cü ilin dekabrında Ermənistanın baş naziri A.Marqaryan erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyini rəsmən bildirmişdir.

İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma faktları müxtəlif KİV-də də geniş işıqlandırılmışdır. Açıq qaynaqlara istinadən, 2004-cü ilin ilk altı ayı ərzində işğal olunmuş ərazilərə 120 erməni ailəsi köçürülmüşdür.

Bu ərazilərdə qeyri-qanuni "köçürülmə əməliyyatı" və tikinti işlərinin əsas sponsorları "Qərbi Amerikanın Erməni Təhsil Fondu", "Hayastan Fondu" təşkilatları və Tehranın Erməni Yeparxiya Şurasıdır. 2004-cü ildə xarici fondlar tərəfindən "Artsaxa qayıdış" proqramının realizəsi üçün 400 min ABŞ dollarının ayrıldığı və Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində 90-a yaxın evin tikintisinin başa çatdırılması məlumdur.

Köçürülməyə ayrılmış pulların səlahiyyətli şəxslər tərəfindən mənimsənilməsi və köçürülən şəxslərin 30%-nin bədbin yaşayışdan Yerevana və digər MDB ölkələrinə qayıtmaları barədə 1999-cu ildə erməni KİV-də məlumatlar yayılmışdır. Belə məqamlardan biri, erməni diasporası tərəfindən Dağlıq Qarabağda yaşayan və köçürülən ailələrə pulların çatdırılmaması barədə "10-cu naxanq" qəzetinin müxbiri Vaqram Oqacanyan 1999-cu ildə "Dağlıq Qarabağa köçürülən şəxslər üçün büdcədə pul yoxdur" adlı məqaləsinin nəşri olmuşdur. Bu məqalə V.Oqacanyanın 2000-ci ildə bir il müddətinə azadlıqdan məhrum edilməsinə və "DQR" "prokurorluğu" tərəfindən barəsində cinayət işinin qaldırılmasına zəmin yaratmışdır.

VI. Təbii, maddi və mənəvi sərvətlərin talan edilməsi və qanunsuz istismarı

Azərbaycanın işğal olunmuş ərazilərində evlərin, qəbirlərin, mədəniyyət abidələrinin dağıdılması, avadanlığın, inşaat materiallarının, xüsusilə dəmir məmulatların və sair yüklərin digər ölkələrə daşınması barədə mütəmadi məlumatlar daxil olmaqdadır.

Müvafiq məlumatlar, tərkibində müxtəlif qiymətli metallar, o cümlədən qızıl olan torpağın, zavod və fabriklərdə istismar olunmuş dəzgahların, elektrik qatarları, vaqonlar və relslərin kəsilərək digər ölkələrə daşınması faktlarını ehtiva edir.

İşğal altında olan ərazilərdən qarət edilmiş milli sərvətlərimizin - qədim tarixi əsərlərin, xalçaların, mineralların Avropa ölkələrində erməni milli sərvəti adı altında nümayiş etdirilməsi barədə məlumatlar mövcuddur. Ermənilər Kəlbəcərdə yerləşən mineral yataqların və 3600-ə qədər qaya təsvirinin fotoşəkillərini 2000-ci ildə Finlandiyada öz əraziləri kimi nümayiş etdirmişlər.

Son zamanlar ermənilərin qədim Azərbaycan musiqi alətlərini öz adlarına çıxaraq Avropa, MDB və Şimali Amerika ölkələrində satması halları çoxalmış, Qarabağ xalçalarının erməni və ya fars xalçaları adı altında müxtəlif sərgilərə və hərraca çıxarılması faktları qeydə alınmışdır. Son illər ərzində Azərbaycanın işğal edilmiş ərazilərində külli miqdarda çıxarılmış tarixi, mədəni və dini abidələr xarici ölkələrə satılmışdır. İşğal olunmuş ərazilərdəki muzeylərdə mövcud olan unikal eksponatlar ya məhv edilmiş, yaxud həmin eksponatların əsasında onların guya ermənilərə məxsusluğunu göstərən yeni muzeylər yaradılmışdır. Bu mənada, ermənilərin qədim Qafqaz Albaniyası abidələrini özününküləşdirilməsi məsələsinə xüsusi önəm verdiyi bildirilməlidir. Onların üzərində mövcud olan qədim alban yazıları, divar naxışları və xaçlar məhv edilib erməni atributikası ilə əvəzlənir. Bir sıra məscidlər isə anbarlar kimi istifadə olunur. Bu kampaniya məqsədyönlü xarakter daşımaqla işğal edilmiş rayonların tarixi-mədəni nöqteyi-nəzərindən Azərbaycana aid olmaması və bununla ermənilərin həmin ərazilərdə məskunlaşmasına bəraət qazandırılmasına yönəldilmişdir.

Bu müstəvidə, Azərbaycana məxsus yer adlarının dəyişdirilərək erməni adları ilə əvəz olunması xüsusilə kütləvi hal aldığı bildirilməlidir. Bütün bunlarda başlıca məqsəd gələcəkdə həmin ərazilərin ilhaqının həyata keçirilməsinə "əsas yaratmaq"dır.

Xalqımıza məxsus maddi sərvətlərin daha geniş miqyaslarda talan edilməsi məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətə xarici ölkələrin bir sıra firma və şirkətləri də cəlb edilmişdir. Erməni tərəfinin təşkilatçılığı ilə 2004-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının razılığı olmadan ölkəmizin Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərinə 1610 nəfər əcnəbi vətəndaş səfər etmişdir.

BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası hal-hazırda işğalçılıq siyasətini davam etdirməkdədir.

Azərbaycan Respublikasının Ermənistan və separatçı-terrorçu rejim tərəfindən işğal altında saxlanılan, beynəlxalq nəzarətdən kənar ərazilərində qanunsuz fəaliyyətlərə dair MTN-in əldə etdiyi məlumatlar təsdiqini tapmaqdadır.

Milli Təhlükəsizlik Nazirliyi

yuxarı