ÇAYLAR

Axım xüsusiyyətlərinə görə Azərbaycan Respublikasında çaylar üç qrupa bölünür:

1) daimi axan çaylar;

2) quruyan çaylar - axımı yazda qarlar əriyəndə və yağış yağdıqda yaranır;

3) müvəqqəti axan çaylar - axımı yalnız şiddətli yağıntılar zamanı olur.

Bu qruplar arasında fərq yaradan əsas amillərdən biri axına qarışan yeraltı suların miqdarıdır. Birinci qrup çaylara yeraltı sular daim axıb gəldiyi halda, ikincidə bu proses cəmi bir neçə ay davam edir. Üçüncü qrupda yeraltı suların rolu yoxdur.

Azərbaycan Respublikasının çaylarının qida mənbələri də müxtəlifdir. Çaylar əsasən qar, yağış və yeraltı sularla qidalanır. Böyük Qafqaz çaylarında qar, Kiçik Qafqazda yeraltı sularla qidalanma üstünlük təşkil edir.

Azərbaycan Respublikası Kür və Araz çaylarının aşağı və qismən orta axınında yerləşir.

Kür çayı Qafqazın ən böyük çayıdır. Onun uzunluğu 1515 km, sahəsi isə 188 min kvadrat kilometrdir. Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur.

Araz çayı ilə birləşənə qədər Kürün öz sahəsi 86 min kvadrat kilometr təşkil edir. Araz çayı Kürün ən böyük sağ qoludur. O, öz başlanğıcını Türkiyədə yerləşən Bingöl dağından 3300 m yüksəklikdən götürür. Ümumi uzunluğunun (1072 km) 364 km-i Türkiyənin ərazisinə mənsubdur. Ümumiyyətlə Araz çayı Azərbaycanla Türkiyə və İran arasında sərhəd təşkil edir. Çayın axırıncı 80 km-i Azərbaycanın ərazisindən axır və Sabirabad şəhərin ərazisində Kür çayına tökülür.

Bu çaylar iqliminə görə yazda qar və yağış suları ilə, payızda isə yağış suları ilə gursululuq əmələ gətirən çaylar qrupuna daxildir.

Respublika çaylarının illik axımına atmosfer prosesləri böyük təsir edir. Fevraldan marta doğru hava temperaturunun intensiv artması 1500 m-dən artıq hündürlüklərdə qarın əriməsinə səbəb olur. Aprel və may aylarında yağışlar nəticəsidnə qarın əriməsi daha da sürətlənir. Çox yüksəkdə (2500-300 m-dən antıq) qarın intensiv əriməsi aprel-mayın əvvəllərində başlayır və iyunun axırlarında qurtarır. Qar örtüyü çayların su rejiminə yay aylarında da təsir edir. Belə ki, torpaq-qrunta hopub süzülən (infiltrasiya olan) qar suları yenidən səthə çıxaraq azsulu dövrdə çayların suyunu artırır. Alçaq çay hövzələrində (Talış sahəsi müstəsna olmaqla) yağıntının çox hissəsi yaz və yayın paylanmasına az təsir göstərir. Talış sahəsində əsas rütubət ehtiyatının çoxu ilin soyuq yarısında düşən yağışlardır. Respublika çayları yay aylarında azsulu olur. Bəzən iyul və avqust aylarında yağan leysan yağışları çaylarda güclü daşqın və sellər yaradaraq təsərrüfata böyük ziyan vurur. Güclü sellər Böyük Qafqazın Zəngəzur silsiləsinin cənub-qərb yamaclarındakı çaylarda müşahidə olunur. Böyük və Kiçik Qafqaz çaylarında axımın çox hissəsi ilin isti yarısında, Talış çaylarında isə ilin soyuq yarısında keçir. Əsas axımı (60-80%) ilin isti yarısında keçən çaylar üstünlük təşkil edir. Axımın il ərzində bu cür qeyri-bərabər paylanması onun təsərrüfat baxımından istifadə edilməsini çətinləşdirir. Ümumiyytələ, su rejimi xüsusiyyətlərinə görə Azərbaycan Respublikasının çayları 2 qrupa bölünür: 1) gursulu və daşqın rejimli 2) daşqın rejimli. Daşqın rejimli çaylara Lənkəran təbii zonası çayları, Qobustan və müvəqqəti axan çaylar aiddir. Qalan çaylarda su rejimi fazası gursululuqdur.

Relyefin mürəkkəbliyi və başqa təbii amillərin təsiri ilə axım ərazi üzrə bərabər paylanmamışdır. Ərazidə axım modulu, ümumiyyətlə, hündürlüyə görə artır. Lakin bu artım müəyyən hündürlüyə qədərdir (Böyük Qafqazın şimal-şərq yamacıda 2800 m, cənub yamacında 2000-2200 m, Kiçik Qafqazda 2200-2400 m). Göstərilən hündürlükdən yuxarıda axım modulu azalır. Oroqrafik xüsusiyyətinə görə Talış sahəsində axım ilə orta yüksəklik arasında bir-birinə zidd iki qanunsuzluq var. Talış silsiləsində axım modulu hündürlüyə görə azalır. Peştəsər və Burovar silsilələrində isə artır.

Azərbaycan Respublikasının çoxsulu çayları Böyük Qafqazın cənub yamacındadır. Burada orta illik axım modulu 45 l/san. km2-dən artıqdır. Alazan-Əyriçay çökəkliyinə (Alazan-Həftəran vadisinə) doğru axım modulu 5 l/san; km2-ə qədər azalır. Böyük Qafqazın şimal-şərq yamacında orta illik axım modulu 18-20 l/san. km2-dən artıqdır. Axım modulunun hündürlüyə görə artması burada nisbətən bərabərdir. Axım modulunun intensiv artımı Yan silsilə ilə Baş Qafqaz silsiləsi arasındakı sahədə müşahidə edilir (Qusar, Qudyal, Vəlvələ və s. çayların yuxarı axınları). Orta illik axım modulu həmin sahədə 10-20 l/san. km2 arasında dəyişir. Mənbəyini yan silsilənin yamacından götürən çayların axımı Baş Qafqaz silsiləsindən başlanan çaylarınkından xeyli fərqlənir. Axımın artması burada daha şiddətli gedir və onun orta illik modulu 1000-2000 m yüksəkdə yerləşən sahədə 6-18 l/san. km2 arasında dəyişir. Bu atmosfer yağıntılarının çox düşməsi ilə əlaqədardır. Baş Qafqaz silsiləsindən Xəzər dənizi sahilinə doğru axım tədricən azalır (0,5 l/san. km2-ə qədər). Dənizkənarı ovalıqda şimal-qərbdən cənub-şərgə doğru axım tədrijən azalaraq Abşeron yarımadasında 0-a çatır.

Kiçik Qafqazda axımın paylanması Böyük Qafqaza nisbətən olduqca mürəkkəb xarakter daşıyır. Bu, ərazinin oroqrafiyasının mürəkkbəliyi və dağ silsilələrinin müxtəlif istiqamətdə olmaları ilə izah edilir. Axımın ən yüksək kəmiyyəti Gamış və Qapıcıq dağlarının yamaclarından axan çaylarda müşahidə olunur. Burada axım modulu 28 l/san, km2-dən artıqdır. Atmosfer yağıntıları bəzi yerlərdə Qarabağ yaylasının məsaməli süxurları arasında itərək rayonu susuz sahəyə çevirir, bəzi yerlərdə isə bulaq şəklində səthə çıxaraq çayların sululuğunu artırır. Bu cəhətdən Tərtər, Həkəri və başqa çayların yuxarı axınları daha səciyyəvidir və onların yeraltı sular hesabına qidalanması illik axım həcminin 70-80%-ə qədərini təşkil edir. Kiçik Qafqazın cənub-şərqində (Qarabağ silsiləsindən başlayan çay hövzələrində) axım modulu 0,8-dən 22 l/san. km2-ə qədər, Naxçıvan MR-da isə 0,5-dən 10 l/san. km2-ə qədər dəyişir. Arazboyu düzənliklərə doğru axım modulu 0,5 l/san. km2-dən aşağı düşür. Talış sahəsində axım modulu şimaldan cənuba və qərbdən şərqə doğru artır. Axımın maksimum kəmiyyəti (25 l/san, km2-dən çox) ərazinin mərkəzi hissəsində Təngərud və Astara çayları hövzələrində minimal kəmiyyəti isə (0,5-0,8 l/san. km2) ərazinin Viləş çayından şimaldakı hissəsində, həmçinin Lənkəran və Viləş çaylarının mənbələrində muşahidə olunur. Azərbaycan Respublikasının azsulu sahələri Qobustan, Naxçıvan MR və Kür-Araz ovalığıdır.

Azərbaycan Respublikasının çayları çoxlu xırda səpinti və müxtəlif qırıntı materialları axıdır. Həmin materiallar çay hövzələrində gedən yuyulma porsesinin nəticəsidir. Azərbaycan Respublikasının çayları bulanıqlıq dərəcəsi ən böyük olan çaylardandır. Bulanıqlıq dərəcəsinin orta illik miqdarı ərazi üzrə 0,07 ilə 9,8 kq/m3 arasında dəyişir. Onun minimumu Qarabağ yaylasında, maksimumu isə Böyük Qafqazın cənub yamacında müşahidə edilir. Ən intensiv səthi yuyulma Böyük Qafqazın cənub yamacında (1000-6800 t/km2), ən zəifi isə Qarabağ yaylasında (5-10 t/km2_) müşahidə edilir. Böyük Qafqaz çaylarının sutoplayıcı sahələrində səthi yuyulmanın intensivliyi (0,53 mm/il) Kiçik Qafqaz (0,03 mm/il) və Talış (0,04 mm/il) çaylarının sutoplayıcısında odluğudan təqribən 13 dəfə çoxdur.

Çayların su ehtiyatı və istifadəsi

Azərbaycan Respublikasının çaylarının çoxillik orta su ehtiyatı 10,3 mlrd. m3-dir. Bu, respublika ərazisinə qonşu dövlətlərdən daxil olan su ehtiyatı (20,6 mlrd. m3) ilə birlikdə 30,9 mlrd. m3 təşikl edir. Respublikanın hər kvadrat km ərazisinə 90 min m3 ehtiyatı düşür. Adambaşına düşən suyun miqdarı ildə 1270 m3 təşkil edir. Su ehtiyatının böyük hissəsi Kür çayı hövzəsinin payına düşür. Çayların su ehtiyatının il ərzində və ərazi üzrə qeyri-bərabər paylanması ondan istifadəni xeyli çətinləşdirir və ilbəil artmaqda olan su tələbatını ödəyə bilmir. Bu vəziyyət çayların axımını tənzimləməyi tələb edir. Hazırda respublikada hər birinin həcmi 1 mln. m3-dən artıq olan 60-dan çox su anbarlarında 21 mlrd. m3-ə qədər su toplanmışdır. Bu sulardan x.t.-nın müxtəlif sahələrində (suvarma, su təchizatı, sənaye, balıqçılıq və s.) istifadə edilir. Suya tələbatın ödənilməsində Orta Kür su anbarları kaskadının yaradılması diqqəti cəlb edir. Müasir dövrdə məhdud olan su ehtiyatlarının təmizliyini qorumaq və onların sənaye və kommunal məişət tullantıları ilə çirkləndirilməsinə qarşı mübarizə məqsədi ilə ciddi tədbirlər görülür.

Kanallar

Azərbaycan Respublikasındakı kanallardan, əsasən, suvarma məqsədi üçün istifadə edilir. Suvarma kanallarının ümumi uzunluğu 47058,8 km-dir. Bunun 8580,3 km-i təsərrüfatlararası, 38478,5 km-i təsərrüfatlardaxili kanallardır. İl ərzində suvarma mənbələrindən kanallar vasitəsilə suvarma məqsədi üçün 11 mlrd. m3-ə qədər su götürülür. Respublikada suvarılan torpaqların ümumi sahəsi 1,4 mln. ha-dır (1988).
yuxarı