İQLİMİN ƏSAS ÜNSÜRLƏRİ

Havanın temperaturu. Azərbaycan Respublikasında hava temperaturunun rejimi və ərazi üzrə paylanma qanunauyğundur və bura daxil olan hava kütlələrinin xüsusiyyətindən, ərazinin relyefindən və Xəzər dənizinin ayrı-ayrı rayonlara yaxınlığından asılı olaraq formalaşır. Xəzər dənizi sahilboyu ərazilərdə (dənizdən təqribən 20 km-dək) yayda havanın temperaturunu bir qədər azaldır, qışda isə artırır. Eyni zamanda, o Mərkəzi Asiyadan daxil olan isti və quru hava kütlələrinin təsirini müəyyən qədər yumşaldır. Havanın orta illik temperaturu Kür-Araz ovalığında, Abşeron yarımadasından cənubda yerləşən sahilboyu zonada, o cümlədən Lənkəran ovalığında 14-15° C təşkil edir. Dağlara doğru havanın temperaturu azalaraq 2000 m yüksəklikdə 4-5° C, 3000 yüksəklikdə isə 1-2° C-dir.

İlin ən soyuq ayında (yanvar) düzənlik və dağətəyi ərazilərdə havanın orta aylıq temperaturu 0° C-dən aşağı düşmür. Abşeron adası və ondan cənubda yerləşən sahilboyu ərazilər və adalarda o hətta 3-4° C təşkil edir. Yüksəklik artdıqca havanın temperaturu azalır və dəniz səviyyəsindən 2000 m yüksəklikdə -5-6° C (Naxçıvan MR-da -7° C), 3000 m-də isə o təqribən -12-13° C-dir. İlin ən isti ayında (iyul) Kür-Araz ovalığında havanın orta temperaturu əsasən 26-27° C, digər düzənliklərdə və dağətəyi ərazilərdə o 24° C-dən aşağı düşmür. Dağlarda havanın orta aylıq temperaturu 2000 m-lik yüksəklikdə təqribən 14-16° C, 3000 m-də 8-10° C-dən aşağı düşmür. Ölkə ərazisində hava temperaturunun mütləq maksimum (+46° C) və minimum (-32° C) kəmiyyətləri kəskin kontinental iqlimi ilə seçilən Naxçıvan MR-nın Arazboyu düzənliklərində müşahidə edilmişdir.

Atmosfer yağıntısı. Azərbaycan Respublikasında atmosfer yağıntıları əsasən hava kütlələrinin əraziyə müdaxiləsi ilə əlaqədardır. Yağıntıların miqdarını, mövsümü və illik paylanmasını hava kütlələrinin ərazinin relyef və Xəzər dənizi ilə qarşılıqlı əlaqəsi müəyyən edir. Azərbaycan ərazisində ən az orta illik yağıntı (150-200 mm-dən az) cənub-şərqi Qobustana və Abşeron yarımadasının cənub sahilinə düşür. Kür-Araz ovalığının mərkəzi və şərq, Samur-Dəvəçi ovalığının cənub-şərq, Naxçıvan MR-nın Arazboyu, Qobustan və Abşeron yarımadasının əsas hissələrində illik yağıntılar miqdarı 300 mm-dən azdır. Onların miqdarı Xəzər dənizi sahillərindən qərbə, düzənliklərdən dağlara doğru tədricən artır. Dağlarda yağıntılar müəyyən yüksəkliyə qədər (Böyük və Kiçik Qafqazda 2600-2800 m, Naxçıvan MR-da 2600-3000 m, Talışda 200-600 m-dək) artır, sonra isə tədricən azalır. Bu ərazilərdə illik yağıntıların maksimum miqdarı Böyük Qafqazın cənub yamacında 1400-1600 mm, şimali şərq yamacında 800 mm, Kiçik Qafqaz və Naxçıvan MR-da 800-900 mm, Talış dağlarında isə 1700-1800 mm təşkil edir.

Respublikanın digər dağlıq ərazilərindən fərqli olaraq Talış dağlarında yüksəklik artdıqca yağıntının miqdarı azalır və yüksək dağlıq hissəsində (2000 m-dən yüksək) və dağarası dərələrdə onun miqdarı 250-300 mm-dən azdır. Baxmayaraq ki, yağıntıların böyük hissəsi ilin isti dövrünə (aprel-oktyabr) təsadüf edir, yay ayları quraq keçir və hətta yağıntıların bolluğu ilə seçilən Lənkəran-Astara zonasında bu zaman yağıntıların miqdarı illik normanın 5-15%-ni təşkil edir. Yağıntılı günlərin orta illik sayı Kür-Araz ovalığında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində 60-70 gündən az olur. Böyük Qafqazın cənub yamacının orta dağlıq hissəsində isə onun sayı 170 günə çatır. Yağıntının ən böyük gündəlik maksimumu Böyük Qafqazın cənub yamacında (148 mm, Əlibəy) və Talış dağlarında (334 mm, Bələsər) qeydə alınmışdır. Leysan yağışların intensiviliyi dəqiqədə 1-2 və hətta 3 mm çatır. Düzənliklərdə yağıntının təqribən 4/5-ü, dağlarda isə 1/3-i yağış halında düşür. Düzənliklərdə qar örtüyü davamlı olmur və ayrı-ayrı illərdə o müşahidə edilmir. Respublikanın ən çox qarlı əraziləri Böyük Qafqazın cənub yamaclarındadır. Burada qar örtüklü günlərin sayı orta dağlıqda 80-120, yüksək dağlıqda isə hətta 250 günə çatır. Böyük Qafqazın ən uca zirvələrində qar örtüyü daim qalır.

Havanın rütubətliyi. Havanın mütləq rütubətinin orta illik kəmiyyətləri Kür-Araz ovalığında 11-12, Xəzər sahili zonada 14-15 mb təşkil edir. Dağlarda yüksəklik artdıqca onun kəmiyyətləri bir qayda olaraq azalır və 1000 m yüksəklikdə orta illik kəmiyyət təqribən 9 mb, 2000 m-də 6-7 mb təşkil edir. Naxçıvan MR-da mütləq rütubətliyin kəmiyyətləri xeyli aşağıdır və müvafiq yüksəkliklərdə Azərbaycanın digər ərazilərinə nisbətən 1-1,5 mb azdır. Mütləq rütubətliyin ən yüksək kəmiyyətləri yay aylarına düşür (iyul-avqust) və dənizkənarı ərazilərdə və Qanıx-Əyriçay vadisində 20-24 mb, 3000 m-lik yüksəkliklərdə isə 8-10 mb təşkil edir. Yanvarda düzənlik ərazilərdə onun kəmiyyətləri 6 mb, 1500 m-lik yüksəkliklərdə isə təqribən 3 mb-dir. Bu zaman ən aşağı kəmiyyətlər Naxçıvan MR-da müşahidə edilir və düzənlik ərazilərdə 4 mb, dağlarda isə daha az təşkil edir.

Havanın orta illik nisbi rütubətliyinin ən yüksək kəmiyyətləri dənizsahili (75-80 %), ən aşağı kəmiyyətləri isə Naxçıvan MR-da və Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində (55-65 %) müşahidə edilir. Yayda ən aşağı nisbi rütubətlik Naxçıvan MR-da (35-50 %), Talışın yüksək dağlıq zirvələrində (50-55 %) və Kür-Araz ovalığında (50-60 %) qeydə alınır. Ən yüksək kəmiyyətlər dənizsahili və Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində müşahidə edilir (60-85 %). Qış aylarında ən yüksək kəmiyyətlər dənizsahili, ən aşağı kəmiyyətlər isə yüksək dağlıq ərazilər üçün səciyyəvidir.

Mümkün buxarlanma. Mümkün buxarlanmanın ən böyük orta illik kəmiyyətləri Naxçıvan MR, Arazyanı düzənlikləri (1200-1400 mm və daha çox) və Kür-Araz ovalığı (1000-1200mm) üçün səciyyəvidir. Azərbaycanın digər ovalıq və düzənliklərində o, 800-1000 mm arasında dəyişir. Dağlıq ərazilərdə yüksəklik artdıqca bu göstərici azalır. Orta dağlıqda mümkün buxarlanmanın orta illik kəmiyyətləri 300-400 mm, yüksək dağlıqda isə 200 mm qədər azalır.

Buludluq. Buludluğun rejimi və paylanması hava dövranı prosesləri və ərazinin oroqrafiyası ilə əlaqədardır. Maksimal buludluq yüksək dağlarda (2000 m-dən yüksək) yazda və yayın əvvəlində, orta dağlıqda və qismən dağətəyi ərazilərdə (2000-500 m).

Küləklər. İlin soyuq dövründə dağlıq ərazilərdə fyon (quru isti küləklər), isti dövründə isə dağətəyi və düzənliklərdə ağ yellər müşahidə edilir.

Ölkə ərazisində küləklərin orta illik sürəti əsasən 5 m/s-dək təşkil edir. Lakin Abşeron adasının dənizsahili ərazilərində o, 6-8 m/s arasında dəyişir. Burada küləyin sürəti 15 m/s və daha çox olan günlərin sayı 100-145 gün təşkil edir. Güclü küləklərlə Gəncə-Qazax düzənliyi də seçilir (25-70 gün). Azərbaycanın digər ərazilərində güclü küləklər nisbətən az müşahidə edilir.