KÖRFƏZLƏRİ, ÇAYLARI VƏ LİMANLARI

Körfəzləri

Ümumiyyətlə götürdükdə, dəniz on iri körfəzə malikdir: Komsomolets, Manqışlaq, Qazax, Qara-Boğaz-Qol, Tərkmənbaşı (keçmiş Krasnovodsk), Türkmən, Qızıl-Ağaç, Həştərxan və Qızlar. Xəzərin İran sahilində iki iri körfəz vardır: Hirkan (keçmiş Astrabad) və Ənzəli (keçmiş Pəhləvi).

Xəzər dənizinin nəhəng körfəzi - Qara-Boğaz-Qol xüsusi maraq kəsb edir. Dənizin səviyyəsindən asılı olaraq körfəzin sahəsi dövri olaraq dəyişir. Bu sətirlərin yazıldığı zaman onun sahəsi 25 min km2-ə yaxındır. Körfəz dənizlə eni 110-300m arasında dəyişən və uzunluğu 8-10,5km olan dar boğaz vasitəsi ilə birləşir. Qara-Boğaz-Qol körfəzinin səviyyəsi Xəzər dənizinin səviyyəsindən daimi aşağıdır. Səviyyələr arasındakı fərq dəyişəndir, dənizin səviyyəsindən asılıdır və 2-6 metr intervalındadır. Boğaz vasitəsi ilə körfəzə daimi su axını vardır və bu suyun hamısı körfəz səthindən buxarlanır. Hər il Xəzərdən körfəzə təqribən 8-10 km3, yəni 20-300 m3/san su axır (son məlumatlara görə bu rəqəm daha böyükdür). Bu su vasitəsi ilə dənizdən körfəzə 150 mln. ton duz daşınır. 1980-1984-cü illərdə körfəz süni damba vasitəsi ilə dənizdən ayrılmış, nəticədə Qara-Boğaz-Qol qurumuş və 18 min km2 ərazidə nəhəng duz vadisi yaranmışdır. İldə Qara-Boğaz-Qolun səthindən 1500 mm su buxarlanır, yağıntının miqdarı isə 70 mm/il keçmir. Ona görə də körfəzin suları əslində duzlardan doymuş məhlula bənzəyir. Onun duzluğu 300 ‰-dir və dəniz tipli duzların çöküntüsünü verən yeganə hövzədir. Qara-Boğaz-Qol körfəzi mirabilit, qalit, astraxanit və s. mineral duzlarla çox zəngindir. Hazırda körfəzdə natrium sulfat, bişofit, epsomit, qlaubor duzu, tibbi və dəniz duzu və müalicəvi xlorlu maqnium istehsal olunur.

Çayları

Xəzər dənizinə 130-dan çox çay axır. Onlardan ancaq doqquzunun mənsəbi delta xarakterlidir. Volqa Xəzərə tökülən ən böyük çaydır, onun çoxillik orta axımı 251-254 km3, uzunluğu 3531 km-dir. Rusiya ərazisindən Xəzərə axan digər iri çay Terekdir (orta illik axım 8,5-11,4 km3).

Xəzərin Azərbayçan ərazisindəki ən iri çayları aşağıdakılardır: Kür (orta illik axım-16 km3), Lənkərançay, Sumqayıtçay, Vəlvələçay, Qudyalçay, Astaraçay (Azərbayçanla İran sərhədində). Rusiyanın Azərbaycanla sərhədində Samur (2,7 km3).

Xəzərin şərq sahillərində hidroqrafik şəbəkə yox dərəcəsindədir. Qazaxıstan ərazisindən Ural (illik axım 8,1 km3) və Emba çayları axır. 1920-ci illərdə Emba çayı bir neçə qolla dənizə tökülən geniş deltaya malik idi. 1930-cu illərdə dənizin səviyyəsinin dəyişməsi Emba çayının dənizə çatmaması ilə nəticələndi. Hazırda bu çay dənizə ancaq çoxsulu illərdə tökülür.

Türkmənistanda yeganə daimi su axarı Atrek çayıdır. Onun suyığma sahəsi - 26,7 km2, uzunluğu - 635 km-dir və bunun 500 km-ə yaxını İran ərazisinə düşür. Türkmən ərazisində Atrekin orta illik axını 240 mln. m3-dir. Çox vaxt aşağı axarında çay quruyur və ancaq yaz mövsümündə onun suları Xəzərə çatır. Xəzərin hövzəsi İranın ümumi suyığma hövzəsinin 12%-ni təşkil edir və ona cəmi çay axınlarının 5%-i düşür. Nisbətən iri çaylar aşağıdakılardır: Səfidrud (Ağ çay, uzunluğu 720 km), Həraz, Polerud, Babol, Calus, Hirgan, Teçan, Talar. 1040 km uzunluğa malik Araz çayı 300 km məsafədə Azərbaycan və İran arasında sərhəd rolunu oynayır və İranın ən şimal nöqtəsində sərhəd xəttindən öz istiqamətini dəyişir, Kür çayı ilə qovuşur.

Limanları

Xəzərin əsas limanları: Bakı (ən böyük), Türkmənbaşı, Həştərxan, Mahaçqala, Aktau, Atırau, Bəndər-Ənzəli, Nouşəhər.