SAHİBKARLIĞIN İNKİŞAFI

Sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində biznes mühitin əlverişliliyinin artırılması ilə şərtlənmişdir.

Son illərdə biznes mühitin əlverişliliyinin artırılmasına bilavasitə təsir edən başlıca amillərdən biri kimi vergilərin sayı, sosial sığorta ödənişləri xeyli azaldılmışdır. 1998-ci ildən etibarən vergi dərəcələri ardıcıl olaraq endirilməyə başlanılmışdır. Belə ki, müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən proporsional sistemə keçilməsi və bu vergi növü üzrə vergi dərəcəsinin tədricən 35%-dən 22%-ə endirilməsi, ƏDV-nin dərəcəsi 18%-dək azaldılması, bir sıra vergilərin ləğv edilməsi, fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddinin 55%-dən 35%-ə endirilməsi, sosial sığorta ayırmalarının 40 faizdən 22 faizədək aşağı salınması, vergilərin ümumi sayının 15-dən 9-dək azaldılması, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların 2009-cu ilə qədər torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi və s. bu yönümdə həyata keçirilən tədbirlər biznes mühitin əlverişliliyinin artırılması ilə şərtlənmişdir.

Ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə dəyişdirilmiş, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 240-dan 54-ə endirilmiş, lisenziyanın müddəti isə 2 ildən 5 ilə qədər uzadılmışdır. Yeni lisenziyalaşdırma sisteminin tətbiqi azad rəqabətin inkişafına, istehsal olunan məhsulun, göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsi prosesini daha da sürətləndirmişdir.

Bununla yanaşı, ölkədə ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 %-lik maksimal həddi müəyyənləşdirilmişdir. Eyni zamanda, daxili bazarda haqlı rəqabət mühitinin inkişaf etdirilməsi, təbii inhisarçıların tariflərinin, habelə dövlət tərəfindən müəyyənləşdirilən qiymətlərin müntəzəm şəkildə tənzimlənməsi məqsədilə ölkə Prezidentinin qərarına əsasən və Nazirlər Kabinetinin 31 yanvar 2002-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Tarif Şurası yaradılmışdır.

Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılmış, bu mənbə kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin mühüm real mənbəyi kimi çıxış edir. Sahibkarlığın bazar infrastrukturunun yaradılması sahəsində respublikada ilk sənaye şəhərciyinin, biznes inkubatorların, biznes mərkəzlər şəbəkəsinin yaradılması üzrə tədbirlər həyata keçirilməkdədir. Fəaliyyəti ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılmasına yönəlmiş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun yaradılması təmin edilmişdir. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir.

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər nəticəsində 178 ölkənin yer aldığı Dünya Bankının biznes mühitə dair 2007-ci il üçün hesabatında Azərbaycan 6 pillə irəliləyərək 96-cı yerdə qərarlaşmışdır. Ölkəmizin bu sahədə reytinqinin yüksəldilməsi məqsədilə qısa müddətli vəzifə kimi, 2006-cı il üzrə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı “Doing Business” hesabatında qeyd olunan göstəricilər ölkəmiz üzrə təhlil edilmiş, həmin qurumların ekspertlərinin, yerli və xarici mütəxəssislərin tövsiyələri nəzərə alınmaqla müvafiq göstəricilərin yaxşılaşdırılması məqsədlə “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsi hazırlanmış və 2007-ci il 30 aprel tarixdə ölkə Prezidenti tərəfindən imzalanmışdır. Fərmanda biznesə başlama proseduralarının və müddətlərinin azaldılması istiqamətində bir sıra tapşırıqlar öz əksini tapmışdır. Bu istiqamətdə aparılan işlərin nəticəsini o qədərdə gözləmək lazım olmayıb. 2007-ci ilin iyul ayından 2008-ci ilin iyun ayınadək Azərbaycan hesabatın araşdırdığı 10 sahənin 7-də islahatlar həyata keçirib və «Doing Business-2009» hesabatı tərəfindən sahibkarlıq fəaliyyətinin əlverişliliyi baxımından dünya reytinqində ən böyük yüksəliş əldə edərək 97-ci yerdən 33-cü yerə yüksəlib.

Azərbaycan Respublikası Prezidentinin “sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli, 2458 saylı Sərəncamı ilə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi və onun Azərbaycanda 2008-ci il 1 yanvar tarixindən tətbiq edilməsi müəyyənləşdirilmişdir.

“Bir pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilmişdir. Bu sistemin tətbiqindən sonra qeydiyyatdan keçən hüquqi şəxslərin sayı xeyli artmışdır. Bütün bu tədbirlər nəticəsində Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanmış hesabatda Azərbaycanın reytinqinin kəskin şəkildə yaxşılaşdırılması gözlənilir. Bununla da Azərbaycan ən sürətli islahatlar aparan ölkələr sırasına yüksələcəkdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2007-ci il 30 aprel tarixli Fərmanının əsas məqsədlərindən biri də tikinti məqsədləri üçün torpaq sahələrinin ayrılması olmuşdur. Fərmanın 1.2-ci bəndinin icrasının təmin olunması məqsədi ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılmış, görüşlər keçirilmişdir. Bununla da “Tikinti məqsədləri üçün torpaq sahələrinin ayrılması, tikinti (yenidənqurma və bərpa) işlərinə icazə verilməsi və tikintisi başa çatmış obyekt və qurğuların istismara qəbul edilməsi proseduralar”ın layihəsi hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir. Sənədin təsdiqindən sonra Azərbaycanda tikinti məqsədləri üçün torpaq sahələrinin ayrılması, tikinti işlərinə icazə verilməsi və tikintisi başa çatmış obyekt və qurğuların istismara qəbul edilməsi prosedurlarının sayı 28-dən 12-yə endiriləcək.

Ölkədə biznes mühitin daha da yaxşılaşdırılması məqsədilə aidiyyəti dövlət orqanları ilə birgə icazələr sisteminin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması, əmlakın qeydiyyatı, vergilərin ödənişi, xarici ticarətin aparılması, biznesin bağlanması prosesinin asanlaşdırılması istiqamətində də işlər davam etdirilir.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun Ümumi Daxili Məhsuldakı payı 84%-ə çatmışdır. Hazırda aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70-99% arasında dəyişir. Məşğulluğun əksəriyyəti özəl sektor tərəfindən təmin edilir. Büdcə gəlirlərinin yarıdan çoxu özəl sektordan daxilolmalar hesabına formalaşır.

ÜDM-də özəl və dövlət sektorunun payı, %-lə

2007-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 6,2% artaraq 79147 vahid olmuşdur. 2008-ci il yanvarın 1-nə Azərbaycanda kənd təsərrüfatı sahəsində 9521, emal sahəsində 6148, tikinti sahəsində 7438 müəssisə fəaliyyət göstərir. Bununla yanaşı, 4500-dən çox xarici investisiyalı müəssisə qeydə alınmışdır. Hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı isə 6,7% artaraq 2008-ci ilin yanvar ayının 1-nə 260 minə çatmışdır.

Hüquqi şəxslərin sayı

Qeydə alınmış fiziki şəxslərin sayı

Sahibkarlığın inkişafı davamlı inkişaf strategiyasının məqsədlərinin reallaşması baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir ki, bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilmişdir.

Sahələr üzrə hüquqi şəxslərin sayı

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlərin daha səmərəli görülməsi üçün 2007-ci ildə aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və özəl sektorun iştirakı ilə özündə kompleks tədbirlər planını əhatə edən “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı Dövlət Proqramının (2008-2013-cü illər)” layihəsi hazırlanmış və Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanması gözlənilir.

İqtisadi İnkişaf Nazirliyi aidiyyəti dövlət qurumları ilə birgə “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanun layihəsini hazırlamış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Qanun qəbul edildikdən sonra XİZ-in yaradılması ilə bağlı işlərə başlanılacaqdır.

Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.
yuxarı