REGİONAL İNKİŞAF

«AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMI (2004-2008-Cİ İLLƏR)” HAQQINDA

«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Proqramının qəbulundan keçən dörd il ərzində ölkədə makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi sahəsində, o cümlədən iqtisadi və inzibati rayonlar üzrə həyata keçirilmiş tədbirlər öz real bəhrəsini vermiş, iqtisadiyyatda dinamik inkişaf davam etmişdir.

Ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi yüksəlməyə başlamış, qeyri-neft sektorunda inkişaf templərinin artması müşahidə olunmuş, yerlərdə sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrstruktur obyektlərinin yenidən qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, nəticə etibarilə əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində uğurlu nəticələr qazanılmışdır.

Dövlət Proqramının əsas məqsədi iqtisadi inkişafın regional baxımdan tarazlığının təmin edilməsi, rayonlarda vətəndaşların sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafına yönəlmiş tədbirlərin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsindən ibarətdir.

Dövlət Proqramında müxtəlif sahələri əhatə edən 714 tədbir nəzərdə tutulmuşdur ki, bunun da 46-sı makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi, 668-i isə 9 iqtisadi rayon və inzibati rayonlar üzrə tədbirlərdir. İqtisadi və inzibati rayonlar üzrə tədbirlərin 159-u Aran, 98-i Şəki-Zaqatala, 90-ı Gəncə-Qazax, 82-si Lənkəran, 81-i Quba-Xaçmaz, 57-si Naxçıvan, 42-si Dağlıq Şirvan, 36-sı Abşeron və 23-ü Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşmüşdür.

Yuxarı Qarabağ iqtisadi rayonunun Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl rayonlarının və Xankəndi şəhərinin əraziləri tamamilə, Ağdam və Füzuli rayonlarının əraziləri isə qismən erməni işğalı altında olduğundan, Dövlət Proqramı çərçivəsində bu iqtisadi rayon üzrə Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərinin və Tərtər rayonunun inkişafına dair tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan bütün inzibati rayonlar (Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı) erməni işğalı altında olduğundan onların inkişafına dair tədbirlər bu Proqram çərçivəsində nəzərdə tutulmamışdır. İşğaldan azad edildikdən sonra həmin rayonların sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlanaraq həyata keçiriləcəkdir.

Bununla yanaşı, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, onların məskunlaşdığl ərazilərdə yeni iş yerlərinin, məktəb, səhiyyə və digər sosial yönümlü obyektlərin yaradılması və sair təşkilati məsələlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqətində və nəzarətindədir.

Dövlət Proqramına əsasən həyata keçirilməli tədbirlər 3 səviyyədə müəyyənləşdirilmişdir: 1) makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi tədbirləri; 2) iqtisadi rayonlar səviyyəsində həyata keçiriləcək tədbirlər; 3) hər bir rayonun spesifik xüsusiyyətlərinə uyğun müəyyən edilmiş tədbirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səfərlər zamanı regionların daha da dinamik və sürətli inkişafına yönəldilmiş on bir sərəncam imzalamışdır.

Ölkə prezidentinin regionlara səfərləri və sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı müvafiq Sərəncamları regionlarda işgüzar fəallığın daha da artmasına səbəb olmuş, regionların inkişafına əlavə stimul vermişdir.

Dövlət Proqramının qəbulundan ötən müddət ərzində regionlarda yol infrastrukturunun bərpası və inkişafı məqsədilə min kilometrlərlə yollar çəkilmiş və əsaslı təmir olunmuşdur.

Əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması üçün mühüm əhəmiyyətli işlər görülmüşdür. Astara, Şəki, Xaçmaz rayonlarında, Naxçıvan Muxtar Respublikasında modul tipli elektrik stansiyaları istifadəyə verilmiş, Sumqayıtda 506 MVt gücündə, Əli Bayramlıda isə “Cənub” elektrik stansiyalarının tikintisi davam etdirilir.

On üç illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuş, eyni zamanda Lerik və Yardımlı rayonları ilk dəfə olaraq təbii qazla təmin edilmişdir. Ölkənin digər rayon və şəhərlərinin qazla təminatı sahəsində işlər uğurla davam etdirilir.

Su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi üçün regionlarda müvafiq layihələr həyata keçirilir. Bu sahədə ən mühüm layihələrə misal olaraq Oğuz-Qəbələ-Bakı su kəmərinin, “Taxtakörpü” su anbarının tikintisini qeyd etmək olar.

Ölkəmizdə təhsil ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilir. Proqramın icrası dövründə yüzlərlə yeni məktəb tikilib istifadəyə verilmişdir. Bu sahədə Heydər Əliyev Fondunun rolunu xüsusilə qeyd etmək lazımdır. Fond tərəfindən “Yeniləşən Azərbaycana - yeni məktəb” Proqramı çərçivəsində bütün ölkədə yeni məktəblərin tikintisi uğurla davam etdirilir.

Dövlət Proqramı çərçivəsində ölkədə onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzləri tikilərək əhalinin istifadəsinə verilmiş, səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqlarla təchiz edilmişdir.

Dövlət Proqramının qəbulundan keçən dörd ildə Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahəyə göstərilən diqqət və qayğının artırılması nəticəsində özəl sektora maraq daha da yüksəlmişdir.

Ölkədə, o cümlədən regionlarda yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması və əhalinin kommunal xidmətlərə olan tələbatının ödənilməsi, sosial problemlərinin həlli istiqamətində tədbirlər uğurla davam etdirilir.

Bütövlükdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır və aşağıda qeyd olunanlarla nəticələnəcəkdir:

- Neft sektoru ilə bərabər qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi;

- Regionların iqtisadi potensialının səmərəli istifadəsinə nail olunması;

- Yerlərdə sahibkarlığın inkişafının daha da sürətləndirilməsi;

- Yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və inkişafı;

- İqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin bərpası və inkişafı;

- Regionlarda yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi.

yuxarı