TRASEKA

Qədim tarixə malik olan Böyük İpək Yolu
gələcəyə aparan bir yoldur.
Heydər Əliyev

Azərbaycan bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla müştərək işlər görərək, Tarixi İpək Yolunun bərpa olunması sahəsində – TRASEKA Proqramının (http://www.traceca-org.org/) hazırlanması və yaradılmasında yaxından iştirak etmişdir. Azərbaycan Respublikası 1993-cü ilin may ayında Brüssel şəhərində keçirilmiş Konfransda Avropa Komissiyasının TRASEKA Proqramının yaradılmasının təşəbbüskarı olan keçmiş SSRİ-nin 8 ölkəsindən biri olmuşdur (Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla birlikdə). Konfransın işində nəqliyyat və ticarət regional sistemlərində mövcud olan problemlər və nöqsanlar müəyyənləşdirilmiş və müzakirə edilmişdir. Konfransın yekunlarına əsasən, TRASEKA regionlararası Proqramının fəaliyyətinin əsaslarını qoymuş Brüssel Bəyannaməsi qəbul edilmişdir.

Azərbaycan Respublikasının TRASEKA Proqramında iştirakı ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir və Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük imkanlar yaradır. Belə ki, keçən dövr ərzində TRASEKA Proqramı ot.goçərçivəsində “Nəqliyyatın idarə edilməsinin treyninqi”, “Nəqliyyatın hüquqi və tənzimləyici çərçivəsi”, “TRASEKA nəqliyyat dəhlizində vahid tarif siyasətinin tətbiqi”, “Sərhəd-keçid proseduraların sadılışdirilməsi”, “Qafqaz dəmir yollarınının bərpası” və onlarla digər texniki yardım və investisiya layihələri həyata keçirilmişdir.

Avropa ilə Asiyanı birləşdirən ən qısa nəqliyyat marşrutlarının kəsişməsində əlverişli geostrateji mövqedə yerləşən Azərbaycanın nəqliyyat sektorunun inkişafının ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb etdiyini dərindən dərk edən Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 7 – 8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna), 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq Konfrans keçirilmiş, Avropa İttifaqının TRASEKA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir.

Saziş 12 dövlətin – Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkiyənin dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır.

Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınmış və 2001-ci ilin 21 fevral tarixində TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin rəsmi açılışı baş tutmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Liderimiz Heydər Əliyev, İsveçin Xarici İşlər Naziri, Avropa İttifaqına Sədrlik edən ölkənin təmsilçisi xanım Anna Lind, Avropa İttifaqı Şurasının Baş Katibi, Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə cənab Havyer Solana və Avropa Komissiyasının xarici əlaqələr üzrə Komissarı Kristofer Patten iştirak etmişlər. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Avropa İttifaqı tərəfindən görülən və TRASEKA Proqramının həyata keçirilməsinə yönəldilmiş işləri yüksək qiymətləndirdiyini bildirmişdir. Eyni zamanda, Azərbaycan Respublikası tərəfindən bunun gələcəkdə görüləcək böyük işlərin başlanğıcı kimi qəbul edildiyi qeyd olunmuşdur.

Keçən dövrdə Respublikamızda TRASEKA Proqramı çərçivəsində Əsas Çoxtərəfli Sazişin şərtlərinin həyata keçirilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, TRASEKA nəqliyyat dəhlizi üzrə yük axınının artırılması üçün son illər ərzində nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər görülmüş, avtomobil magistrallarının, dəmir yolu xətlərinin və körpülərin bərpası və tikintisi, dəmir yolu nəqliyyatı vasitələrinin, gəmilərin, bərələrin, liman qurğularının təmiri üzrə müəyyən işlər görülmüşdür. Bakı şəhərində ildə 10 milyon ton neft məhsullarının boşaldılıb yüklənməsinə imkan verən neft boşaltma limanı istifadəyə verilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalında yenidənqurma işləri yekunlaşdırılmışdır.

Avropa İttifaqı tərəfindən Proqramın reallaşdığı dövr ərzində Azərbaycan Respublikasına investisiya layihələrinin maliyyələşdirilməsi üçün təxminən 16 milyon avro həcmində vəsait ayrılmışdır. TRASEKA Proqramının bu layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksi üçün müxtəlif maliyyə institutlarından (Avropa Yenidənqurma və İnkişaf Bankı, Küveyt İqtisadi İnkişaf Fondu, İslam İnkişaf Bankı, Dünya Bankı və s.) 255 milyon ABŞ dolları həcmində kreditlər alınmışdır.

TRASEKA Proqramı və Böyük İpək Yolunun bərpa edilməsi bu gün və XXI əsr üçün ən böyük proqramlardan biridir. Bu proqramın hərtərəfli inkişafının təmin edilməsi nə qədər tez mümkün olsa, Cənubi Qafqaz və Orta Asiya ölkələrinin Avropa ilə inteqrasiyası bir o qədər sürətli olacaqdır.

Avropa Komissiyasının Nəqliyyat Üzrə Yüksək Səviyyəli İşçi Qrupu çərçivəsində əməkdaşlıq

Avropa Komissiyasının Nəqliyyat Üzrə Yüksək Səviyyəli İşçi Qrupu öz fəaliyyəti nəticəsində Avropanın prioritet nəqliyyat dəhlizlərini və nəqliyyat layihələrini müəyyən etmişdir. Azərbaycan Respublikası üçün mühüm əhəmiyyət kəsb edən TRASEKA nəqliyyat dəhlizi Yüksək Səviyyəli Qrupun fəaliyyətində öz əksini tapmışdır. Nəqliyyat Üzrə Yüksək Səviyyəli İşçi Qrupun iclaslarına, həmçinin, horizontal məsələlər müzakirə olunaraq, su nəqliyyatı şəbəkələri arasında uyğunluğun yaradılması imkanları, su nəqliyyatında təhlükəsizlik, peyk naviqasiya sistemi, hava nəqliyyatının idarə olunması, avtomobil yollarında təhlükəsizlik və nəqliyyat vasitələrinin ölçülməsi məsələləri müzakirə edilmiş və bununla bağlı Avropa Komissiyasının tövsiyələri bildirilmişdir.

“Bakı prosesi”nin davam etdirilməsi çərçivəsində əməkdaşlıq

13 – 14 noyabr 2004-cü il tarixlərində Bakıda keçirilmiş Avropa İttifaqı, Qara və Xəzər Dənizləri Hövzəsi və həmsərhəd ölkələrin nəqliyyat və enerji üzrə Nazirlər Konfransının (“Bakı prosesi”nin) nəticəsi kimi aşağıdakı dörd İşçi Qrup yaradılmışdır:

1. İnfrastruktur üzrə İşçi Qrupu

2. Təhlükəsizlik üzrə İşçi Qrupu

3. Mülki Aviasiya üzrə İşçi Qrupu

4. Avtomobil və Dəmir yolu nəqliyyatı üzrə İşçi Qrupu.

Bu İşçi Qruplarının vəzifələri, ilk öncə iştirakçı ölkələr regionunda prioritet regional infrastruktur, texniki yardım, yeniləşdirmə layihələrinin müəyyən edilməsi və bu layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərin həllidir. 2005-ci il ərzində hər bir Qrup üzrə iclaslar keçirilmiş və bu iclaslarda müzakirə edilmiş məsələlər üzrə əldə olunmuş nəticələrə növbəti Nazirlər Konfransında baxılacaqdır.

yuxarı