DÖVLƏT NEFT FONDU

Neft Fondunun başlıca məqsədi indiki
və gələcək nəsillərə xidmət etməkdir.
Heydər Əliyev

1999-cu il dekabrın 29-da ümummilli lider Heydər Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" fərman imzalamışdır.

Neft Fondunun yaradılması fəlsəfəsinin əsas qayəsini Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin olunması təşkil edir. Fondun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılmasıdırsa, digəri, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir.

Azərbaycan Dövlət Neft Fondu yaradılarkən dünyanın bir sıra dövlətlərində bu cür qurumların təcrübəsindən, beynəlxalq maliyyə təşkilatlarının məsləhətlərindən istifadə olunmuş, eyni zamanda yerli xüsusiyyətlər və mövcud ehtiyaclar da nəzərə alınmışdır.

Qeyd edilməlidir ki, bugünkü nəsillərin ehtiyacları üçün istifadə olunan və gələcək nəsillər üçün ehtiyat şəklində toplanan valyuta vəsaitləri arasında optimal balansın təmin edilməsi məsələsi Azərbaycan dövlətinin qarşısında duran başlıca vəzifələrdən biridir.

Fəaliyyətə başlayandan etibarən 2008-ci ilin 02 sentyabr tarixinə qədər olan dövr ərzində Dövlət Neft Fonduna ümumilikdə 13655,9 milyon manat və ya 16135,8 milyon ABŞ dolları məbləğində vəsait daxil olmuş və bu vəsaitin 337,2 milyon manatını (təqribən 343,7 milyon ABŞ dolları) Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər təşkil etmişdir. Bu müddət ərzində 4851,8 milyon manat (təqribən 5627,5 milyon ABŞ dolları) və yaxud daxilolmaların 35,5 faizi müxtəlif sərmayə və sosialyönümlü layihələrin maliyyələşdirilməsinə yönəldilmiş, o cümlədən dövlət büdcəsinə transfert şəklində köçürülmüşdür. Eyni zamanda 33,0 milyon manat mənfəət vergisi və digər vergilər şəklində Neft Fondundan dövlət büdcəsinə ödənilmişdir.

Ulu öndərimiz Heydər Əliyevin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirilmişdir. 2001-2008-ci illər ərzində Dövlət Neft Fondunun büdcəsinin icrası çərçivəsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarının icrasına uyğun olaraq Dövlət Neft Fondundan ümumilikdə 450 065,2 min manat vəsait qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşması problemlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu tədbirlərin maliyyələşdirilməsi çərçivəsində Neft Fondundan 2001-ci ildə 716,7 min manat, 2002-ci ildə 37 767,8 min manat, 2003-cü ildə 19 962,6 min manat, 2004-cü ildə -14 990,5 min manat, 2005-ci ildə 40 389,6 min manat, 2006-cı ildə 110 031,5 min manat, 2007-ci ildə 154 116,7 min manat, 2008-ci il 02 sentyabr tarixində - 72 089,8 min manat vəsait ayrılmışdır. Ayrılmış vəsait hesabına 2008-ci ilin 3-cü rübünün əvvəlinə Azərbaycanın müxtəlif ərazilərində, o cümlədən Goranboy, Ağdam, Füzuli, Biləsuvar, Sabirabad, Ağcabədi rayonlarında, Şəmkir, Ağstafa, İsmayıllı, Oğuz, Şəki, Gədəbəy rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Yevlax şəhərlərində, Mehdiabad, Ramanı qəsəbələrində qaçqın və məcburi köçkünlər üçün yaşayış evlərinin, müvafiq sosial-mədəni obyektlərin tikintisi həyata keçirilmiş, ümumilikdə 14 642 yaşayış evi istifadəyə verilmiş, müvafiq infrastruktur sistemlərinin və digər sosial-mədəni obyektlərin tikintisi təmin edilmiş, 15 ədəd elektrik yarımstansiyası, 417 ədəd yüksək gərginlikli iri və kiçik elektrik transformator qurğusu, 6 yanğınsöndürmə məntəqəsi, 30 su nasos stansiyası, 31 inzibati bina, 36 məktəb binası, 4 musiqi məktəbi, 3 rayonmiqyaslı xəstəxana, 21 feldşer-mama məntəqəsi, 4 tibb məntəqəsi, 3 ambulatoriya, 4 baytarlıq məntəqəsi, 26 rabitə qovşağı, 30 uşaq bağçası, 30 hamam, 25 icma mərkəzi istifadəyə verilmişdir. 2007-ci ilin sonunda Sabirabad rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı son Qalaqayın düşərgəsi ləğv edilmişdir.

2003-2008-ci illər ərzində Neft Fondundan dövlət büdcəsinə edilmiş transfertlərin ümumi məbləği 3 400 000,0 min manat təşkil etmişdir. Transfertlərin 100 000,0 min manatı 2003-cü ildə, 130 000,0 min manatı 2004-cü ildə, 150 000,0 min manatı 2005-ci ildə, 585 000,0 min manatı 2006-cı ildə, 585 000,0 min manatı 2007-ci ildə, 1 850 000,0 min manatı isə 2008-ci ilin əvvəlindən 02 sentyabr tarixinədək dövlət büdcəsinə köçürülmüşdür.

2002-2006-cı illər ərzində Dövlət Neft Fondundan 297 868,8 min manat Azərbaycan üçün mühüm siyasi, iqtisadi və strateji əhəmiyyətə malik olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilmişdir. Ümumi uzunluğu 1768 kilometr olan kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1076 kilometri isə Türkiyədən keçir. Layihənin həyata keçirilməsi çərçivəsində boru kəmərinin çəkilməsi ilə yanaşı Səngəçal terminalının genişləndirilməsi təmin edilib, 8 nasos stansiyası tikilmiş, Ceyhan limanında müasir standartlara cavab verən yeni terminal inşa edilmişdir. Kəmər ildə 50 milyon ton və ya gündə bir milyon barrel xam neft ötürmək qabiliyyətindədir.

2006-2008-ci illər ərzində Dövlət Neft Fondunun ümumilikdə 326 457,0 min manat məbləğində vəsaiti “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrinin işlədilməsi nəticəsində Bakı şəhərinə suyun nəql olunmasının və beləliklə də əhalinin mövcud su ehtiyacının təmin edilməsidir. Bunun üçün təxminən 150 metr dərinlikdə və 350 mm diametrində olan 100-ə qədər istismar quyusundan ibarət sugötürücü qurğunun tikilməsi nəzərdə tutulur. Su kəmərinin ümumi uzunluğu 267 kilometr, diametri 2 metr olacaqdır.

2006-2008-ci illər ərzində Dövlət Neft Fondunun ümumilikdə 176 135,8 min manat vəsaiti Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. Strateji əhəmiyyət kəsb edən bu layihənin reallaşdırılması çərçivəsində uzunluğu 111,4 kilometr və buraxılış qabiliyyəti saniyədə 40 kub metr olan yeni Taxtakörpü-Ceyranbatan su kanalının tikintisi, hündürlüyü 142,5 metr, su tutumu 268 million kub metr olan, 2*12,5 M vatt gücündə elektrik enerjisinin istehsalını təmin edə biləcək su bəndinin tikintisi nəzərdə tutulur. Layihənin reallaşdırılması sayəsində Bakı və Sumqayıt şəhərlərinin içməli və texniki su ilə təminatı 2 dəfə yaxşılaşacaq. Layihə üçün ayrılmış vəsait hesabına “Taxtakörpü su anbarının tikintisi” obyekti üzrə hazırlıq işlərinin tərkibinə daxil olan su anbarı ərazisinin boşaldılması, burada məskunlaşan qaçqınların köçürülməsi üçün yeni qəsəbənin tikintisi, subasar əraziyə düşən mövcud yolların, magistral neft və qaz boru kəmərlərinin köçürülməsi işləri yerinə yetirilmiş, “Taxtakörpü su anbarının tikintisi” obyektinin tikintisi, su anbarı ərazisində bəndin qazma işləri tərkibində su hövzəsi dibinin hamarlanması, yamacların nizamlanması və sahədaxili yolların tikintisi işləri davam etdirilmiş, müvafiq karxanalardan çınqıl və qum-çınqıl materialının sahəyə daşınması, dolğu materiallarının istehsalı təşkil edilmişdir. Taxtakörpü tikinti sahəsinə cəlb edilmiş işçi qüvvəsinin sayı hazırda 1200 nəfərə yaxındır.

2006-cı ildə Neft Fondu tərəfindən 90 000 min manat Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılmasına yönəldilmişdir. Şirkətin investisiya fəaliyyətinin məqsədini ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin və digər kommersiya təşkilatların nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsi təşkil edir.

2007-2008-ci illər ərzində Dövlət Neft Fondunun ümumilikdə 23 260,0 min manat vəsaiti Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu vəsait Gürcüstan və Azərbaycan dövlətləri arasında 2007-ci il fevralın 7-də imzalanmış ikitərəfli Sazişə müvafiq olaraq, Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiya və istismarı üzrə işlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin dövlət xəzinədarlığındakı hesabına köçürülmüşdür.

2008-ci ildən etibarən Dövlət Neft Fondu tərəfindən Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı Sərəncamının icrasına uyğun olaraq 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə başlanmışdır. 02 sentyabr 2008-ci il tarixinə bu proqramın maliyyələşdirilməsinə Dövlət Neft Fondu tərəfindən 463,9 min manat vəsait yönəldilmişdir. Bu tarixə Dövlət proqramı çərçivəsində xaricdə oxuyan tələbələrin sayı 91 nəfər təşkil edir.

Neft Fondu Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində fəal iştirak edir. Azərbaycan bu təşəbbüsə 2003-cü ildən qoşulmuşdur.

Dövlət Neft Fondunun İcraçı Direktoru Azərbaycan hökumətinin 2003-cü ilin noyabr ayında yaratdığı MHŞT üzrə Komissiyanın sədridir. MHŞT-nin Azərbaycanda tətbiqi mexanizmi MHŞT tərəfləri – MHŞT üzrə Hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası tərəfindən hazırlanıb və bu mexanizmə uyğun olaraq Azərbaycan hökuməti müntəzəm olaraq Təşəbbüs üzrə hesabatlarını açıqlayır. Azərbaycan MHŞT üzrə dünyada ilk hesabatı açıqlayan ölkədir (2005-ci il martın 15-də).

2006-cı il oktyabrın 14-16-da Norveçin paytaxtı Oslo şəhərində keçirilmiş MHŞT üzrə 3-cü Beynəlxalq Konfransda Şəffaflıq Təşəbbüsünə beynəlxalq dəstəyin təmin olunması və Təşəbbüsün fəaliyyətinin koordinasiya edilməsi məqsədilə İdarə Heyətinin yaradılması qərara alınmışdır. Azərbaycan Təşəbbüsün həyata keçirilməsində lider ölkə kimi İdarə Heyətinə üzv qəbul olunmuşdur.

2007-ci ilin mayında Dövlət Neft Fondu MHŞT-nin tətbiqinə görə “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir. Dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat hesab olunan "BMT-nin Dövlət Qulluğu Mükafatı" dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının həmin ölkələrin inkişafına verdiyi töhvənin və əldə etdikləri uğurların qiymətləndirilməsi məqsədilə BMT tərəfindən 2003-cü ildə təsis olunub. Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülən birinci dövlət qurumudur. 2007-ci il üçün “BMT-nin Dövlət Qulluğu Mükafatı” uğrunda mübarizəyə 200-ə yaxın ölkə qoşulmuş, lakin bir neçə mərhələdən sonra yalnız 14 ölkə bu mükafatı qazanmağa müvəffəq olmuşdur.

yuxarı