HEYDƏR ƏLİYEV ADINA BAKI-TBİLİSİ-CEYHAN NEFT BORU KƏMƏRİ

Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. İlk dəfə bu kəmərin əsas ixrac kəməri kimi çəkiləcəyini tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan, və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Hər üç Prezident aydın şəkildə bildirdilər ki, əsas ixrac kəməri Bakı-Tbilisi-Ceyhan kəməri olmalıdır və bununla da kəmərin reallaşmasının siyasi qərarı verilmiş oldu. 1998-ci il oktyabrın 29-da Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Əsas İxrac Kəmərinin çəkilməsini müdafiə edən Ankara bəyənnaməsi imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olunmuşdur.

Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Saziş H.Əliyev, E.Şevardnadze və S.Dəmirəl arasında imzalanmışdır. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyannaməsi imzalandı. Bəyannaməni prezidentlər H.Əliyev, S.Dəmirəl, B.Klinton E.Şevardnadze, N.Nazarbayev və S.Niyazov imzaladılar. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanmışdır. Mərasimdə 3 dövlət başçısı - Azərbaycan Prezidenti H.Əliyev, Gürcüstan Prezidenti E.Şevardnadze və Türkiyə Prezidenti Ə.N.Sezər və ABŞ-ın Xəzər məsələləri üzrə nümayəndəsi S.Mənn iştirak etmişlər. Bununla da ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Yeni neft strategiyası"nın ən mühüm uğuru olan Bakı-Tbilisi-Ceyhan reallığa çevrilmiş oldu.

BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan 1774 kilometrlik xəttin çəkilməsinə təxminən 4 milyard dollar vəsait xərclənmişdir. Layihənin operatoru bp şirkətidir. Kəmərin tikintisi və istismarı üçün yaradılmış BTC Ko. şirkətinin səhmdarları bp (30,1%), ARDNŞ (25 %), Şevron (8,9 %), Statoyl (8,71 %), TPAO (6,53 %), ENİ (5 %), Total (5 %), İtoçu (3,4 %), İNPEX (2,5 %), KonokoFillips (2,5 %) və Amerada Hess (2,36 %) şirkətləridir.

BTC kəməri ildə 50 milyon ton Azərbaycan nefti nəql etmək üçün nəzərdə tutulmuşdur. Lakin Qazaxıstanın BTC-yə qoşulması bu ölkəyə də neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxarmağa imkan verəcəkdir. Hazırda kəmərlə gündə 900 min barreldən çox neft nəql olunur. 2008-ci ildə bu rəqəm 1 milyon barrelə çatacaqdır. BTC istismara verilən gündən 2007-ci ilin sonunadək Ceyhan limanından 36 milyon 796 min 555 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

Gələcəkdə bu kəmər nəinki Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verəcəkdir, həmçinin "İpək yolu"nun və türkdilli ölkələrin də əsas magistral kəməri olacaqdır. Bakı-Tbilisi-Ceyhan istiqamətinin seçilməsi ümummilli liderimiz Heydər Əliyevin böyük siyasətinin təmtərağıdır və bu kəmər dünya "arteriya"sı kimi neft kəmərləri sisteminə daxil olmuşdur.

Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alacaqdır.

"Yeni neft strategiyası"nın uğurla həyata keçirilməsi, neft sənayesinə geniş sərmayə qoyuluşu, neft əməliyyatlarında müasir texnika və texnologiyanın tətbiqi nəticəsində 1999-cu ildə nəhəng «Şahdəniz» qaz-kondensat yatağı aşkar edildi. «Şahdəniz» yatağının və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin səhmdarları ARDNŞ (10%), Statoyl (25,5%), BP (25,5%), TotalFinaElf (10%), LukAcip (10%), OLİK (10%), TPAO (9%) şirkətləridir. «Şahdəniz» qaz-kondensat yatağının aşkar edilməsi ilə əlaqədar XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanı neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaradıldı. 2001-ci il martın 12-də Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" imzalanmışdır. 2001-ci il sentyabrın 29-da Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş" imzalanmışdır. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu.

Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin texniki-iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Azərbaycan, Gürcüstan və Türkiyəni, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, bölgəyə sülh və sabitlik gətirəcək, təhlükəsizliyi, ölkələrimizin dünyada mövqeyini möhkəmləndirəcəkdir.





yuxarı