AZƏRBAYCAN NEFTİNİN NƏQL MARŞRUTLARI (BAKI-NOVOROSSİYSK, BAKI-SUPSA)

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Yeni neft strategiyası"nın əsas istiqamətlərindən biri də Azərbaycanın enerji resurslarının dünya bazarına hansı marşrutlarla çıxarılması sayılmalıdır. Hal-hazırda Xəzər nefti 2 marşrutla Bakı-Novorosiysk, Bakı-Supsa neft kəmərləri vasitəsi ilə dünya bazarına çıxarılır.

1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin RF ərazisindən keçməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalanmışdır. ABƏŞ, ARDNŞ və Transneft arasında imzalanan üçtərəfli sazişdə neftin Novorossiysk limanına qədər daşınmasını nəzərdə tutan bütün hüquqi və texniki məsələlər öz əksini tapmışdır. Rusiya bu müqavilədə öz mövqeyini obyektivləşdirərək müqavilənin 2-ci bəndində qəbul edirdi ki, Azərbaycan neftinin sahibi deyildir və Azərbaycan neftinə mülkiyyət hüququ bu neftin istehsalçısına məxsusdur. Bu Azərbaycanın "Yeni neft strategiyası"nın əldə etdiyi mühüm nailiyyəti kimi qiymətləndirilməlidir Bu müqavilənin ilkin şərtlərinə uyğun olaraq 1997-ci il oktyabrın 25-dən Azərbaycanın nefti şimal boru kəməri vasitəsi ilə dünya bazarına çıxmış oldu.

Bakı-Novorossiysk neft kəmərinin ümumi uzunluğu 1330 km, Azərbaycan ərazisindəki uzunluğu isə 231 km, kəmərin diametri 720 mm-dir.

Ümummilli liderin neft strategiyasının tərkib hissələrindən biri də neft marşrutlarının alternativliyinə nail olmaq idi. Neft marşurutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı ölkəmizin milli mənafeyinə cavab verirdi. Bütün bu amilləri nəzərə alan ümummilli lider Heydər Əliyev davamlı təzyiqlərə baxmayaraq müdrik və uzaqgörən qərar qəbul etdi. 1996-cı ildə martın 8-də Azərbaycan Prezidenti H.Əliyev və Gürcüstan Prezidenti E.Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə Azərbaycan Azəri, Çıraq, Günəşli yataqlardan çıxan ilkin Azərbaycan neftinin daşınmasını Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu.

Bakı-Supsa neft kəməri ilə ilkin Azərbaycan nefti 1999-cu il aprelin 17-də ixrac olunmağa başlanmışdır. Bu marşrutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda "Azəri light" markası ilə dünya bazarına çıxarılmasıdır. Bununla yanaşı kəmərin digər üstünlüyü neftin Supsaya Novorossiyskə nisbətən daha ucuz nəql olunmasıdır. Belə ki, neftin Novorossiyskə nəqlinin tonu 15,67 Supsaya nəqli isə 13,14 ABŞ dollarına başa gəlir.

Qərb istiqamətində uzanan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km, diametri 530 mm-dir. 1999-cu ildən 2005-ci ilin əvvəlinə kimi hər iki kəmərlə 48,7 mln. ton neft nəql edilib, dünya bazarlarına çıxarılmışdır.

Hər iki kəmərin müsbət və mənfi cəhətlərinə baxmayaraq Azərbaycanın ümummilli lideri H.Əliyev sonradan zaman göstərdiyi kimi müdrik və yeganə düzgün qərar qəbul edərək hər iki neft kəməri ilə neftin ixracını lazım bildi. Bununla belə Azərbaycanın malik olduğu neft potensialı ölkəmizə 2010-cu il üçün 45-50 mln ton neft istehsal etməyi proqnozlaşdırır. Bu da neftin tam ixracı üçün əsas ixrac boru kəmərinin çəkilməsini zəruri edirdi. Qazaxıstan və Türkmənistanın öz neft ehtiyatlarını Azərbaycan vasitəsi ilə nəql etmək perspektivini də nəzərə alsaq bu zərurət daha da artmış oldu. Bütün bunları nəzərə alan ümumilli lider Heydər Əliyev Əsas İxrac Kəməri olan Bakı-Tiblisi-Ceyhan layihəsini reallaşdırmaq sahəsində fəaliyyətə başladı.

yuxarı