HEYDƏR ƏLIYEV ADINA BAKI NEFT EMALI ZAVODU

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (keçmiş Yeni-Bakı neftayırma zavodu, "Azərneftyanacaq" İstehsalat Birliyi və "Azərneftyanacaq" Neft Emalı Zavodu) yarandığı tarix XX əsrin 40-cı illərin sonlarına təsadüf edir.

Keçmiş Sovet ittifaqında yüksəkkeyfiyyətli avtomobil benzinlərinin çatışmaması ilə əlaqədar olaraq, SSRİ Neft Sənayesi Nazirliyinin qərarı ilə Bakıda katalitik krekinq qurğuları kompleksinin tikintisi başlandı.

Artıq bir neçə il sonra ilk texnoloji qurğular istismara verildi və 1953-cü ilin iyulun 29-da SSRİ Neft Sənayesi Nazirliyinin Yeni-Bakı Neftayırma Zavodunun yaradılması haqqında Əmri çıxdı.

Yarandığı ilk günlərdən Yeni-Bakı neftayırma zavodu nəinki respublika və ittifaqmiqyaslı texnika və elm dairələrinin, həm də dünya ictimayyətinin geniş təbəqələrinin nəzər-diqqətini cəlb etdi. Belə ki, yalnız 1956-1957-ci illərdə Zavoda 50-yə yaxın nüfuzlu əcnəbi nümayəndə heyəti qonaq gəlmişdir.

Keçən onilliklər ərzində Zavod durmadan yeniləşmiş, genişlənmiş və Zavod kollektivi zərbəçi əməyinə görə ittifaq və respublika neft emalı və neft-kimya sənayesi Nazirliklərinin keçici Qırmızı Bayrağı ilə 80 dəfədən çox təltif edilmişdir.

Zavod kollektivi respublika neft emalı sənayesinin lideri olmaq ənənəsinə daim sadiq qalmışdır. Yüksək əmək məhsuldarlığı və buraxılan məhsulun keyfiyyəti, işin iqtisadi səmərəliliyi məsələləri neftayıranlar üçün ön planda durmuşdur.

NEZ-in mühəndis-texniki heyəti və işçilərinin zəhmətsevərliyi və yüksək intellektual səviyyəsi geniş miqyasda tanınmışdır. Hər yerdə və hamı bu Zavodu neft emalının "flaqmanı" adlandırırdı.

Keçən 50 il ərzində onlarla və yüzlərlə neftayıranların adları Zavodun tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Onların içərisində Sosialist Əməyi Qəhrəmanları Mirzəbaba Abutalıb oğlu və Olqa Savkina, bir çox orden və medallarla təltif edilmiş və fəxri adlara layiq görülmüş - Aliyə Əliyeva, Həsən İsmixanov, Rəcəb Nəbiyev, Əli Hüseynov, Mixail Semyonov, Pənah Abbasov, Mirzə Həsənov, Elman Hüseynov, Vasili Ukleyn, Humay Məmmədova və başqaları.

Yarıməsrlik müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 280 mln. tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsalata buraxılmışdır.

Hal-hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

Zavod respublikanın neft məhsullarına olan bugünku tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan açıq rənqli neft məhsullarının 70 %-dən çoxu bu gün xaricə, o cümlədən Fransa, İtaliya, İspaniya, İsrail, Rusiya, İran, Gürcüstan, Yunanıstan və s. kimi ölkələrə ixrac edilir.

Bütün işçi heyəti 2800 nəfərdən çox olan Zavodda neftin ilkin emalı üzrə ED-AB-6 (ELOU-AVT-6) qurğusu (istismara verildiyi il -1976), katalitik riforminq qurğusu (1980-ci il), tədrici kokslaşma qurğusu (1986), katalitik krekinq qurğusu (1993-cü il) kimi yüksək texnoloji istehsal gücləri fəaliyyət göstərir.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda neftin ilkin emalı üzrə əsas qurğusu ELOU-AVT-6, ildə 6 mln. ton xam neft emal etmək gücünə malik olan, neftin qabaqcadan duzsuzlaşdırılması və benzinin təkrar qovulması blokları olan kombinə olunmuş atmosfer-vakuum qurğusudur.

Qurğu 1976-cı ildə Bakı neftayırma zavodlarının köklü rekonstruksiya planına uyğun olaraq qurulmuşdur. Qurğunun əsas avadanlıqları Almaniyadan göndərilmişdir. Qurğu tərkibində kükürdün miqdarı çox olan Qərbi-Sibir və Qazaxıstan neftləri ilə Azərbaycan neftləri qarışığından avtobenzin komponentlərinin alınması üçün, katalitik-riforminq qurğusun xammalı olan 850-1800 C benzin farksiyası, aviakerosin TS-1, dizel yanacağı, katalitik krekinq qurğusunun xammalı olan vakuum qazoylunun, soba yanacağının komponenti olan mazutun, koks qurğusunun xammalı olan qudronun istehsalı üçün nəzərdə tutulmuşdur.

Yalnız son illərdə ELOU-AVT-6 qurğusunda nasos təsərrüfatının 80-90%-i əvəz edilmiş, vakuum yaradan sistem yenidən qurulmuş, istilik mübadiləsi proseslərinin yaxşılaşdırılması üzrə 13-15 min şərti yanacağa bərabər istilik itkilərinin qarşısını almağa imkan verən 15 yeni texnoloji sxem tətbiq edilmişdir.

Neft məhsullarının keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırmaq məqsədi ilə "MERICHEM" (ABŞ) şirkətinin lisenziyası ilə ELOU-AVT-6 qurğusunda yanacaqların qələvi ilə təmizlənməsi və naften turşuları xammalının istehsalı üzrə layihə gerçəkləşdirilmişdir.

Heydər Əliyev adına BNEZ-in əsas vəzifələrindən biri işçilərin sosial müdafiəsi, onların iş şəraiti, məişəti və istirahətinin təşkilidir. Məhz, bu əsasdan çıxış edərək, zavodda müvafiq tədbirlər keçirilir.

Zavodun nəzdində Mədəniyyət evi, Nabranda sağlamlıq zonası, 236 yerlik iki uşaq bağçası, 448 nəfərlik 2 ailəvi yataqxana fəaliyyət göstərir. BNEZ-in balansında olan Pirşağı istirahət evində və Mərdəkanda uşaq düşərgəsində Zavod 1993-1994-cü illərdən indiyədək 500-dən artıq qaçqın saxlayır.

Mərdəkan gənclik düşərgəsində və Pirşağı istirahət zonasında məskunlaşmış məcburi köçkünlər üçün xeyir-şər evləri tikilib istifadəyə verilimişdir. Son illərdə bir neçə yaşayış binası tikilib istifadəyə verilmişdir ki, bunlarda ev almaq üçün növbədə dayanan zavod işçiləri pulsuz mənzillər almışlar.

Zavodun bir sıra sexlərinin inzibati binaları, yeməkxanaları, tibb məntəqəsi, idman zalı, idman meydançası, klubu və sair obyektlər əsaslı təmir olunmuşdur. 20 ha sahədə yaşıllıq zolağı salınmış, 25 min ədəd ağac əkilmişdir. Zavod işçiləri gündə bir dəfə pulsuz nahar yeməyi ilə təmin olunurlar.

Zavod əməkçilərinin işə və işdən sonra mənzil başına çatdırılması üçün zavod avtobusları təşkil edilmiş və zavod işçilərinin pulsuz və vaxtında mənzil və iş başlarına gedişi təşkil olunmuşdur. Zavodda nəşr olunan çoxtirajlı "Neftayıran" qəzeti müəssisənin istehsalat fəaliyyətinin bütün istiqamətlərini və onun problemlərini işıqlandırır.

İdmana xüsusi diqqət yetirilir. Zavodun "Məşəl" sağlamlıq klubunda idmanın müxtəlif növləri üzrə çoxlu sayda bölmə fəaliyyət göstərir, müntəzəm olaraq zavod Spartakiadası keçirilir. "Məşəl" idman komandasının üzvü Mövlud Mirəliyev 2004-cü il AFİNA Olimpiadasında Cüdo idman növü üzrə iştirak etmişdir və 5-ci yerə layiq görülmüşdür.

Heydər Əliyev adına BNEZ komandası 1998-ci və 2000-ci ildə futzal üzrə iki dəfə respublika çempionu və iki dəfə Azərbaycan Kubokunun qalibi olmuşdur.

2004-ci ilin fevralında "NEFTÇİ" Peşəkar Futbol Klubu MMC zavodun təsisçiliyinə verilmişdir və "NEFTÇİ" komandası həmin ilin Azərbaycan Çempionu və Azərbaycan Kubokunun qalibi olmuşdur. Komanda 2004/2005 illər mövsümündə UEFA-nın Çempionlar Liqasında iştirak etmişdir.

Zavod kollektivi əldə edilmiş nəticələrlə kifayətlənmir və daim yeni istehsal ehtiyatlarının və inkişaf hüdudlarının axtarışındadır.

Belə ki, zavoddakı bütün istehsal güclərindən daha tam istifadə edilməsi aktual məsələdir. Yaxın və perspektiv planlarda neftin ilkin emalı və katalitik riforminq proseslərinin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi, zavodun mərkəzi laboratoriyasının yenidən qurulması, emal prosesləri zamanı alınan qazlardan maksimum məqsədyönlü istifadə edilməsinin təmini üçün məşəl təsərrüfatının yenidən qurulması, kerosin, dizel yanacağı və məişət soba yanacağının qəbulu, saxlanılması, dəniz limanına və benzindoldurma dəmir yolu estakadasına nəqli üçün əmtəə neft məhsulları parkının yenidən qurulması və s. texniki və texnoloji tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Son illərdə Zavodda aparılan işlərin tətbiqi artıq yaxın vaxtlarda "TS-1" markalı aviasiya kerosini istehsalatını aviasiya yanacaqları üzrə dünya standartlarına cavab verən "Jet A-1" markalı kerosinin istehsalı üçün yenidən təchiz etməyə, bu isə öz növbəsində, perspektivdə Heydər Əliyev Beynəlxalq aeroportunu Mərkəzi və Şərqi Asiya ölkələrinə uzaq uçuşlar zamanı Qərbi təyyarələr üçün transregional yanacaqdoldurma və əlavəetmə mərkəzinə çevirməyə imkan verəcək.

Üzərində daim iş gedən digər mühüm məsələ - buraxılan məhsulun keyfiyyətinin artırılmasıdır.

Müəssisədə dərk edirlər ki, buraxılan məhsulun keyfiyyətini Avropa standartaları səviyyəsinə qaldırmaq üçün dizel yanacağının tərkibində kükürdün miqdarını 0,005%-ə, avtomobil benzinlərdə aromatik birləşmələri 1 % -ə çatdırmaq, avtomobil benzinlərində benzolun miqdarının 1 %-dən və ümumi aromatiklərin 35%-dən artıq olmamasına nail olmaq lazımdır.

Avtomobil benzinləri üçün yüksəkkeyfiyyətli komponentlərin alınması məqsədilə ABŞ-ın "UOP" şirkətinin lisenziyası əsasında, yüksək oktanlı benzin komponenti - diizopropil efirinin alınması üçün "OXYPRO" qurğusunun və butan-butilen qazlarının alkilləşdirilməsi üçün "ALKILEN" qurğusunun tikilməsi nəzərdə tutulur.

Bu işlərin icrası, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsalın intensivləşdirilməsi və modernləşdirilməsinə, nəticədə beynəlxalq standartların tələblərinə cavab verən açıq rəngli neft məhsullarının istehsalının artırılmasına imkan yaradacaqdır.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun ünvanı

Azərbaycan Respublikası, Bakı AZ 1060, Oqtay Vəliyev küçəsi 1
Tel.: (994 12) 424 77 00
Faks: (994 12) 422 00 50
E-mail: bakuoilrefinery@newbor.az
İnternet səhifəsi: http://www.bakuoilrefinery.com
yuxarı