2008-2011-Cİ İLLƏRDƏ SƏNAYE SEKTORUNUN İNKİŞAF PRİORİTETLƏRİ

2008-2011-ci illərdə sənaye sektorunun inkişaf etdirilməsində əsas məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi sənayenin davamlı inkişafa nail olmaqdan ibarətdir.

Neft sektorunun dinamik inkişafı və regionların enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması, eyni zamanda qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti, aparılan özəlləşdirmə prosesi, kiçik və orta sahibkarlığa maliyyə dəstəyi və digər islahatlar qeyri-neft sahələrinin daha intensiv inkişafını təmin edəcəkdir.

Sənaye sektorunda əsas məqsədə nail olmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

- sənaye strukturunun seçilmiş inkişaf istiqamətlərinə uyğun olaraq yenidən qurulması və onun investisiya tələblərinə uyğunlaşdırılması;

- Dövlət mülkiyyətində olan və ya səhmlərin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması;

- istehsalın texnoloji cəhətdən yenidən qurulması;

- investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması;

- güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi;

- vergi və gömrük siyasətinin təkmilləşdirilməsi, ixracın dəstəklənməsi və daxili bazarın qorunması;

- ixtisaslı işçi qüvvəsinin hazırlanması;

- Sənaye şəhərciyinin yaradılması ilə rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsalların yaradılmasının təşviqi və bu sayədə regional və dünya iqtisadiyyatına inteqrasiyanın gücləndirilməsi və dünyada mövcud olan elmi texniki innovasiya proseslərinə qatılması.

Neft və qaz hasilatı sənayesinin inkişafı məqsədilə aşağıdakı istiqamətlərdə tədbirlər davam etdiriləcək:

- yeni yataqların axtarışı və kəşfiyyatı;

- aşkar edilmiş yataqların tammiqyaslı işlənməyə cəlb edilməsi;

- işlənmədə olan yataqlarda yeni quyuların qazılması və fəaliyyətsiz quyuların bərpası;

- işlənmədə olan yataqlar üzrə neftvermə əmsalının artırılması məqsədilə yeni texnika və texnologiyaların tətbiqi;

- neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin tikilməsi, yenidən qurulması və modernləşdirilməsi;

- elm və texnikanın nailiyyətlərindən və qabaqcıl təcrübədən geniş istifadə edilməsi.

Energetika sənayesinin inkişafı məqsədilə aşağıdakı istiqamətlərdə işlərin aparılması davam etdiriləcək:

- alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi;

- yeni stansiyaların və ötürücü şəbəkələrin tikintisi;

- stansiyalarda və enerji ötürmə sistemində yenidənqurma işlərinin aparılması;

- yanacaq sərfinin azaldılması;

- enerji istehsalında və ötürmədə texniki və texnoloji itkilərin azaldılması;

- energetika sektorunda struktur dəyişikliklərinin aparılması və idarəetmə sisteminin təkmilləşdirilməsi;

- energetika sektorunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi;
yuxarı