AZƏRBAYCANIN BANK SİSTEMİ

Bank sistemi - Azərbaycan maliyyə sisteminin mühüm elementi sayılır. Bu gün banklar aktivlərinin və kapitalının həcminə, regional əhatəsinə görə digər maliyyə vasitəçilərini dəfələrlə üstələyir.

Hazırda respublikada inkişaf etmiş, bazar prinsiplərinə əsaslanan iki pilləli bank sistemi (birinci pillədə Azərbaycan Respublikası Milli Bankı, ikinci pillədə kommersiya bankları və digər bank olmayan kredit təşkilatları) fəaliyyət göstərir. İslahatların ilkin mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri həyata keçirilmiş, özəl bank sisteminin institusional formalaşması təmin edilmişdir. Bu mərhələdə kapitalla bağlı aşağı tələblər, sistemə daxil olmaq üçün son dərəcədə liberal şərtlər müəyyən olundu və bank fəaliyyətini tənzimləmək üçün yumşaq tənzimləmə alətləri tətbiq edildi. Bu proseslərin nəticəsində bank sistemi institusional olaraq genişlənməyə və özəl bankların sayı sürətlə artmağa başladı.

Bank islahatlarının növbəti mərhələsində, 2000-ci ildən başlayaraq həyata keçirilən özəl bankların intensiv sağlamlaşdırılması tədbirləri bank sisteminin davamlılığının möhkəmlənməsinə və maliyyə vasitəçilik funksiyasının yaxşılamasına mühüm şərait yaratmışdır.

Özəl bankların minimal kapitala tələbinin Milli Bank tərəfindən ardıcıl artırılması və konsolidasiya prosesinin təşviqi özəl bank sisteminin kapital bazasını möhkəmləndirmiş, bank sisteminin iriləşməsini təmin etmişdir.

2002-ci ildən bank sisteminin restrukturizasiyasının mühüm mərhələsi həyata keçirilməyə başlandı. Uğurlu neft strategiyasının məntiqi nəticəsi kimi iri neft gəlirlərinin ölkəyə axınını və bu əsasda bankların maliyyə resurslarının strateji məqsədlərə effektiv ötürülməsinə hazır olmalarını nəzərə alaraq yeni, 2002-2005-ci illərə inkişaf strategiyası hazırlandı.

Strategiyanın əsas məqsədini neft gəlirlərinin qeyri-neft sektoruna səmərəli və təhlükəsiz trasformasiyası, əhalinin və regionların bank xidmətlərinə çıxış imkanlarının artırılması və bu əsasda yoxsulluğun azaldılması üçün bank sisteminin maliyyə vasitəçilik funksiyasının inkişaf etdirilməsi, bank sisteminin davamlılığının və etibarlılığının möhkəmləndirilməsi, bank xidmətləri bazarında azad və sağlam rəqabət mühitinin təmin edilməsi təşkil edir. Ölkənin malik olduğu böyük iqtisadi qüdrətin və maliyyə imkanlarının bazasında diversifikasiya olunmuş iqtisadiyyatın qurulması və resursların qeyri-neft sektorunun kapitalizasiyasına yönəldilməsində maliyyə-bank sektoru müstəsna rol oynayır.

Müəyyən edilmiş strateji hədəflərə nail olunması üçün bank fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, bank sisteminin etibarlılığının və sağlamlığının artırılması, bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, bank sistemində şəffaflığın səviyyəsinin artırılması və bazar intizamının möhkəmləndirilməsi, səmərəli bank nəzarətinin təşkili kimi konkret vəzifələr qarşıya qoyulmuş və icra edilmişdir.

Bank sisteminin bütün istiqamətləri üzrə həyata keçirilən radikal islahatlar və institusional inkişaf nəticəsində sektorda dərin kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdir. İslahatların ən ümumi nəticəsi həm maliyyə sabitliyi parametrlərinə, həm risk menecmenti təcrübəsinə, həm də xidmətlər spektrinə görə beynəlxalq standartlara tam uyğun bank sisteminin formalaşmasıdır.

Banklar geniş çeşidli xidmətlər göstərir və pərakəndə bank xidmətləri sürətlə inkişaf edir. Artıq müştərilərə bank məhsulları internet-bank, mobil-bank, avtomatlaşdırılmış bank köşkləri kimi ən müasir texnoloji vasitələrlə təklif edilir.

Bank sisteminin regional şəbəkəsi və maliyyə xidmətlərinə çıxış imkanları da sürətlə genişlənir, banklar beynəlxalq maliyyə bazarlarında aktiv fəaliyyətə başlayır. Təkcə 2007-ci ildə 2 yeni bank fəaliyyətə başlamış, dünyanın nüfuzlu maliyyə qurumları - Commerzbank və Citi bankın nümayəndəliklərinin ölkə daxilində fəaliyyətinə icazə verilmişdir ki, bu da dünyanın ən qabaqcıl bankçılıq texnologiyalarının Azərbaycanda tətbiq olunmasına imkan verəcəkdir.

Qarşıya qoyulan vəzifələrin uğurlu realizasiyası bank sisteminin inkişafının pozitiv meyllərini saxlamış, bankların maliyyə vasitəçiliyində rolunu daha da möhkəmləndirmişdir.

Hal-hazırda bank işinin inkişafı və daha da modernizasiyası üzrə yeni konsepsiyanın hazırlanması istiqamətində işlərə başlanmışdır.

Hazırda Azərbaycanda 45 bank, 530 bank filialı fəaliyyət göstərir. Hazırda Banklardan 1-i dövlət kapitalının, 23-ü isə xarici kapitalın iştirakı ilə təsis olunmuşdur.

1 yanvar 2008-ci il tarixə banklarla yanaşı respublikada 96 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir ki, bunlardan da 77-i kredit ittifaqlarıdır.

Əhalinin real pul gəlirlərinin artımı, bank sisteminə olan inamın inkişafı, kreditorların və əmanətçilərin maraqlarının müdafiəsinin hüquqi əsaslarının təkmilləşdirilməsi, xüsusilə də “Əmanətlərin Sığortalanması Fondu” nun fəaliyyətə başlaması əhalinin əmanətlərinin sürətli artımını şərtləndirən amillərdən olmuşdur.

1 yanvar 2008-ci il tarixə əhalinin banklardakı əmanətləri 1468 mln. manat təşkil edir. Əmanətlərin 33%-ni uzunmüddətli əmanətlər (1 ildən yuxarı) təşkil edir.

Əhali ilə yanaşı korporativ müştərilərin də banklardakı depozitləri yüksək dinamika ilə artır. 1 yanvar 2008-ci il tarixə korporativ müştərilərin banklardakı depozitləri 2 mlrd. manat təşkil edir.

Əhalinin və iqtisadi subyektlərin bank sisteminə inamının artması nağdsız pul tədavülünün yaxşılaşmasını şərtləndirmişdir. Hazırda banklar vasitəsilə həyata keçirilən ödənişlərinin sayı 1473 min, ödənişlərin məbləği 41 mlrd. manat təşkil edir.

Bankların xüsusi və cəlb edilmiş vəsaitlərinin həcminin dinamik inkişafı aktiv əməliyyatların genişləndirilməsi üçün əlverişli şərat yaratmış, 1 yanvar 2008-ci il tarixə bank aktivlərinin həcmi 6727 mln. manat təşkil edir.

Bank aktivlərinin strukturunda kredit qoyuluşları xüsusi çəkiyə malikdir. 1 yanvar 2008-ci il tarixə bankların müştərilərə kreditləri 4664 mln. manat təşkil edir ki, bu da bank aktivlərinin 69%-ni təşkil edir. Kredit qoyuluşlarının strukturunda özəl sektorun xüsusi çəkisi 86%-dir.