TORPAQ İSLAHATLARI

1991-ci ildə Sovetlər İttifaqının dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra qarşıda duran həlli vacib problemlərdən biri də yeni torpaq siyasətinin həyata keçirilməsi, torpaq islahatlarının aparılması idi. Sovetlər İttifaqında mövcud olan asılı iqtisadiyyat sisteminin dağılması digər respublikalar kimi Azərbaycanı da ağır iqtisadi böhrana saldı. Respublikanı bu böhrandan çıxarmanın yeganə və düzgün yolu ölkə iqtisadiyyatını qısa bir müddətə yeni iqtisadi əsaslarla bərpa etmək idi ki, bunun da həyata keçirilməsi üçün ilk növbədə torpaq islahatları aparılmalı idi. Müstəqil Azərbaycanın yeni həyata başlaması üçün vacib olan bütün digər məsələlər kimi torpaq islahatlarının aparılması da ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

1993-2003-ci illərdə Heydər Əliyevin rəhbərliyi və qayğısı sayəsində Azərbaycan Respublikasında aqrar islahatlar və onların mühüm tərkib hissəsi olan torpaq islahatları aparıldı, kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsulları istehsalı artırılldı, istehsalçıların maddi rifah halı yüksəldildi, istehsal şəraiti yaxşılaşdırıldı, uzun əsrlərdən bəri Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olması arzusu nəhayət reallaşdı, o cümlədən torpağa münasibətdə tarixi ədalət bərpa edilərək torpaqlar pulsuz olaraq kəndliyə verildi və yeni torpaq əkinçi münasibətlərinin formalaşması üçün real şərait yaradıldı.

Təəssüflə qeyd etməliyik ki, müstəqilliyimizin ilk illərində, yəni 1993-cü ilə qədərki dövrdə respublikamızda siyasi hakimiyyətin tez-tez dəyişməsi, onların qeyri-peşəkarlıqları, özbaşınalıq və anarxiya, tez-tez baş verən hakimiyyət böhranları onsuz da dağılmaqda olan iqtisadiyyata ağır və məhvedici təsir göstərirdi. Digər tərəfdən Azərbaycan Respublikasının Ermənistan tərəfindən müharibəyə cəlb olunması, müharibə gedən və işğal olunmuş rayonlardan qaçqınlar axınının respublikamızın digər rayonlarına gəlməsi, hərbi əməliyyatlara fantastik xərclərin çəkilməsi böhran həddində olan iqtisadiyyata ağır zərbə vururdu.

Bu proseslər 1993-cü ilin ortalarına yaxın ölkəni vətəndaş müharibəsi və dağılma təhlikəsi ilə üz-üzə qoydu. Məhz belə bir böhranlı vəziyyətdə ümummilli lider Heydər Əliyev öz tarixi missiyasını – Azərbaycanın xilaskarı missiyasını yerinə yetirməyə başladı.

1993-cü ildən keçən müddətdə Azərbaycan xalqı iqtisadi böhrandan, hərbi-siyasi qarşıdurmadan, sosial tənəzzüldən, mədəni iflasdan və nəhayət mənəvi aşınmadan xilas oldu.

Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanda aqrar sahə iqtisadiyyatın mühüm bir hissəsini təşkil edir ki, bu sahənin də inkişafının əsası aparılacaq torpaq islahatlarının nəticələrindən asılı idi.

Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı.

«Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanunu, «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında» Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Torpaq Məcəlləsi», «Torpaq bazarı haqqında» Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu da daxil olmaqla qəbul edilmiş 52-dən çox fərman, qanun və digər hüquqi normativ aktlar respublikamızda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı. Beləliklə hələ böyük dövlət adamı Heydər Əliyevin Naxçıvan MR–ə rəhbərlik etdiyi dövrdə Culfa rayonunun Şurut və Gal kəndlərində bünövrəsini qoyduğu torpaq islahatları bütün ölkəyə tətbiq edilməyə başlandı. «Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə» Azərbaycan Republikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başladı.

Ancaq bu prosesi uğurlu edən başlıca səbəblərdən biri də hələ 1969-1982-ci illərdə Azərbaycanda aqrar sahənin inkişafı üçün görülən böyük işlər idi. Əgər həmin dövrdə kənd təsərrüfatı inkişaf etdirilməsə, ölkənin aqrar potensialından və torpaq resurslarından səmərəli istifadə təşkil olunmasa, su meliorasiya təsərrüfatı yaradılmasa idi, əlbəttə müstəqillik dövründə həyata keçirilən torpaq islahatları üçün də müvafiq baza olmayacaqdı. Məhz ölkəmizdə həyata keçirilən torpaq islahatları ulu öndər tərəfindən 1969-1982-ci illərdə ölkəmizin kənd təsərrüfatı sektorunda formalaşdırdığı zəmin, təməl üzərində aparıldı.

Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər əldə edilməsinə səbəb olan bu islahatları digər dövlətlərdə həyata keçirilən analoci islahatlardan bu siyasətin müəllifi və icraçısı Heydər Əliyevin müəyyənləşdirdiyi 3 mühüm prinsip fərqləndirirdi.

Birincisi, Azərbaycanda torpaqlar məhz onun təşəbbüsü ilə vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. Nəticədə 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi. Bu isə yeni, güclü mülkiyyətçilər sinfi yaratmaqla, yeni torpaq əkinçi münasibətləri formalaşdıraraq, torpaqdan səmərəli və məhsuldar istifadəetməni şərtləndirdi, torpağa qayğı və doğma münasibəti zəruri etdi.

İkincisi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi. Başqa sözlə, MDB məkanının digər ölkələrindən fərqli olaraq vətəndaşa yararsız və ya az yararlı torpaqlar deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları verdi. Eyni zamanda Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və s. kimi hüquqlar verdi ki, bu da Azərbaycanda torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi.

Üçüncüsü, respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi, eyni zamanda Azərbaycanın hər bir vətəndaşı torpaq alqı-satqısı prosesində, torpaqla bağlı müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak etmək hüququ əldə etdi. Başqa sözlə, torpaq əmlakçısına çevrilmiş 3 milyon beş yüz min nəfər subyektdən başqa respublika əhalisinin yerdə qalan hissəsi də torpaq - vətəndaş münasibətlərindən kənarlaşdırılmadı. Yəni hər bir Azərbaycan vətəndaşı respublikamızda formalaşan torpaqla bağlı yeni mülkiyyət münasibətlərində birbaşa iştirakçı olma hüququ qazandı.

Xüsusilə qeyd etmək lazımdır ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Azərbaycan vətəndaşı olmayan fiziki və hüquqi şəxslərə torpağa mülkiyyətçilik hüququ verilməmişdir ki, bu da nəinki mühüm iqtisadi, həmçinin ciddi siyasi əhəmiyyət daşıyır. Məhz ölkənin aqrar-iqtisadi siyasətinin müəllifi, böyük dövlət adamı Heydər Əliyevin sosial-ədalət prinsipinə söykənən yuxardakı tezisləri əsasında formalaşdırılan və 1993-2003-cü illərdə onun 52-dən artıq Fərman və Sərəncamları ilə qanuniləşdirilən, düzgün icra mexanizimləri ilə həyata keçirilən aqrar siyasətin nəticəsi Azərbaycanda aqrar sahənin günü-gündən inkişafına səbəb oldu.

Qeyd etmək lazımdır ki, qəbul edilən kifayət qədər mükəmməl qanunların sayəsində bu gün dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən torpaqlar da son nəticədə Azərbaycan vətəndaşlarının rifahı naminə istifadə edilir. Belə ki, bələdiyyə mülkiyyətinə verilən torpaqlar alqı-satqı, istifadə, icarə və s. qaydalarda, dövlət mülkiyyətində olan torpaqlar da yenə icarə və istifadə qaydasında əhalinin xidmətinə verilir. Nəticə etibarı ilə bütün qanunlar ölkədə aqrar sahənin inkişafına hüquqi əsas yaratmaqla xalqın maddi rifahının yaxşılaşdırılmasına zəmin yaratmış oldu.

Heydər Əliyevin aqrar siyasəti olaraq həyata keçirilən və hazırda möhtərəm prezident tərəfindən davam etdirilən torpaq islahatlarının növbəti mərhələləri böyük dinamizimlə bu gün daha da dərinləşməkdədir.

Xalqımızın mütləq əksəriyyətinin səs çoxluğu ilə 2003-cü il Prezident seçkilərində Dövlət başçısı seçilən möhtərəm Prezidentimiz, cənab İlham Əliyev tərəfindən imzalanmış 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərman aqrar sahənin inkişafına da böyük təkan vermiş, bu bölmədə çalışan insanlara əlverişli şəraitin yaradılmasına səbəb olmuşdur.

Torpaq islahatlarının başa çatdırılmış birinci mərhələsində Respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanılmışdır. Hər bir subyektə verilən torpaq onlara mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd, Dövlət aktları ilə rəsmiləşdirilərək, naturada sahiblərinə tanıdılıb. Bu mərhələdə işğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 873 618 ailədən 869 268-nə torpaq payı verilib. Bu isə 3 442 778 subyekt deməkdir. Ölkəmizdə torpaq islahatı 99,5% yerinə yetirilib. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşib. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə 56,9%-i dövlət mülkiyyətində saxlanılıb; 2 032 744 hektarı, yəni 23,5%-i bələdiyyə mülkiyyətinə verilib, 1 695 123 hektarı, yəni 19,6%-i isə xüsusi mülkiyyətə ayrılıb.

Göründüyü kimi Azərbaycan Respublikası bu gün gənc və dinamik lideri, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi, mədəni-mənəvi, siyasi-ideoloci və elmi müstəvidə özünün tərəqqi dövrünü yaşayır. Əldə edilən nailiyyətlərə isə hər ötən gün daha yeniləri əlavə olunur. Əminliklə deyə bilərik ki, bu uğurlar Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifələri kimi ümummilli tərəqqimizdə özünəməxsus yer tutacaqdır.

yuxarı